AVRONEST Parlament Assambleyasının Enerji təhlükəsizliyi, siyasi məsələlər, insan hüquqları və demokratiya komitələrinin birgə iclasında 2 sənəd müzakirə olunacaq. Birinci sənəd, “ Avropa Green Deal (Yaşıl razılaşma) və təmiz enerjiyə keçid kontekstində Şərq Tərəfdaşlığı ölkələrinin enerji təhülkəsizliyi çağırışları” olacaq.
Teleqraf.com xəbər verir ki, bu sözləri Məclisin deputatı, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişili sosial mediada paylaşımında qeyd edib.
Onun sözlərinə görə, sənədin müəllifi Gürcüstan parlament üzvü Maia Bitadzedir.
Tahir Mirkişili qeyd edib ki, ikinci sənəd “İctimai institutlarda səmərəlilik və inzibati resursları artırmaq üçün siyasi dialoq və institutsional əməkdaşlıq əsasında idarəetməninin təkmilləşdirilməsi” mövzusunda olacaq: "İclasda eyni zamanda cari geosiyasi kontekstdə Şərq Tərəfdaşlığı ölkələrinin enerji təhlükəsizliyi çağırışları, Ukrayna sərhədlərində Rusiya qoşunlarının cəmləşməsi mövzularında müzakirələr aparılacaq.
Bütün məsələlər üzrə Azərbaycan nümayəndə heyəti müzakirələrdə aktiv iştirak edərək Azərbaycanın və regionun gələcək çağırışlara yaxşı hazırlaşması üçün ölkəmizin baxışını və planlarını açıqlayacaqlar".
Qeyd edək ki, iclasa sədrliyi AVRONEST-in Enerji Təhlükəsizliyi komitəsinin sədri Tahir Mirkişili edəcək.