“İşğal və müharibə başlanıb. Praktiki olaraq biz bu gün III Dünya müharibəsinin başlandığından bəhs edə bilərik. Ukrayna mümkün qədər müqavimət göstərəcək. Bu məsələ bir və ya iki günün söhbəti deyil. Böyük şəhərlərə raket zərbələri endirilib, hava hücumundan istifadə edilib. Ancaq hər şey quru qoşunların hərəkətindən asılıdır”.
Bunu Teleqraf.com-a hərbçi mütəxəssis Azad İsazadə Rusiya və Ukrayna arasında bu gün sübh saatlarından başlanan müharibə haqqında danışarkən deyib.
Mütəxəssis bildirib ki, hərbi qırıcı parkı baxımından Ukrayna zəifdir:
“Bildiyim qədər Ukrayna 1991-ci ildən sonra qırıcı almayıb. Eləcə də hava hücumundan müdafiə sistemlərindən zəifdir. Deməli, Ukrayna ordusu qırıcıların, raketlərin, dronların hücumuna cavab verə bilməyəcək. Amma quru qoşunları hərəkətə başlayan kimi burada balans yarana bilər. Ukrayna ordusu peşəkar ordudur, döyüş təcrübəsi qazanan hərbçiləri var. Üstəlik motivasiya çox yüksəkdir. Ukrayna ordusu öz torpağında vuruşur, vətənini müdafiə edir. İstisna etmirəm ki, sahədə başlayan döyüşlərdə Ukrayna ordusu maksimal çalışacaq ki, rus ordusuna zərbələr vursun. Hesab edirəm ki, bunun üçün imkanları da var. Yəni məntiqlə müharibənin ilk mərhələsində Rusiya üstündür. Çünki müasir qırıcıları, raketləri var. Quru qoşunlarını sahəyə saldıqdan sonra qənaətimcə Ukrayna və Rusiya orduları arasında hərbi balans yaranacaq”.