25 Fevral 2022 20:14
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Elman müəllim, I Qarabağ müharibəsi zamanı azərbaycanlıların ermənilər tərəfindən kütləvi şəkildə qətlə yetirilməsi və kütləvi məzarlıqların olması faktları haqqında nə deyə bilərsiniz?

- Azərbaycan I Qarabağ müharibəsindən sonra 4 minə yaxın itkin vətəndaşımızın olduğunu rəsmi şəkildə elan edib. Bu vətəndaşlarımızın taleyi haqqında heç bir məlumat yoxdur. Ola bilsin ki, kiçik yaşında əsir düşən vətəndaşlarımız hələ də erməni əsirliyində qalıb. Amma digər vətəndaşlarımız qətlə yetirilib. Ermənilər azərbaycanlılara qarşı bu qırğınları da çox zaman kütləvi şəkildə həyata keçirib. Xocalı soyqırımı zamanı şəhid olan 613 soydaşlarımızdan 4 yüz nəfərə qədərini biz oradan çıxarıb dəfn edə bildik. Qalan şəhidlərimizin nəşi bəlkə də ondan da çox idi. O vaxt olan statistik rəqəmlərlə hələ də qeydiyyata alınmayan, itkin kimi axtarılan soydaşlarımız da yüzlərlərdir. Amansızlıqla qətlə yetirilən soydaşlarımızın da mütləq əksəriyyəti ermənilər tərəfindən kütləvi şəkildə çuxurlarda və yaxud buldozerlə qazılmış çalalarda basdırılıb. O şəhidlərimiz ermənilər tərəfindən barbarcasına qətliamı və basdırılmasına heç dəfn də deyə bilmirik. O soydaşlarımızın heç biri islam qaydasına uyğun dəfn edilməyib. Erməni vəhşiləri onları harda qətlə yetiribsə, çox vaxt elə o ərazidə də qalıb.

- Bununla bağlı hansı faktlar var?

- Bunu ermənilər, hətta bu hadisələri görmüş ruslar da xatirələrində qeyd edib. Gorbagor olmuş Zori Balayan, Livan erməniləri də bununla bağlı yazıblar. İşğaldan azad edildikdən sonra Xocalı ərazisində, keçmiş Əsgəran rayonunda azərbaycanlılara məxsus kütləvi məzarlıqların aşkara çıxması mümkündür. Eyni zamanda keçmiş Ağdərə rayonu və Tərtər boyu ərazilərdə də erməni hərbi canilərinin azərbaycanlılara qarşı törətmiş olduğu kütləvi qırğınların nümunələrinə rast gəlmək olar. Orada da kütləvi məzarlıqların aşkarlanması mümkündür.

- Başqa hansı ərazilərdə kütləvi məzarlıqların aşkarlana bilər?

- Kəlbəcər, Laçın rayonu ərazisində bu cür məzarlıqlar var. Bu yaxınlarda Kəlbəcərdə, Başlıbeldə belə kütləvi məzarlıqlar aşkarlandı. Xocavəndin Edilli kəndində də aşkar edilən növbəti kütləvi məzarlıq ermənilərin hərbi cinayətlərinin xarakterini bir daha ortaya qoyur. Kütləvi şəkildə azərbaycanlıları vəhşicəsinə qətlə yetirən erməni cəlladları buldozerlərlə qazdıqları xəndəklərdə insanları barbarcasına basdırıblar. İndi torpaqlarımız işğaldan azad edilib. Bizim də borcumuzdur ki, bu ərazilərdə axtarışlar aparıb kütləvi məzarlıqların olmasını aşkara çıxaraq. Bir daha erməni vəhşiliyini dünyaya bəyan etmək üçün bu faktların aşkarlması vacibdir.

- Sizcə, erməni canilərinin dinc insanları kütləvi şəkildə qətlə yetirməklə yanaşı, qəbiristanlıqları, şəhid məzarlarını belə barbarcasına dağıtmaqda məqsədi nə olub?

- Ağdamın Əsgərana tərəf olan hissəsində II Dünya müharibəsinə aid abidə kompleksi var idi. İlk Şəhidlər Xiyabanı onun ətrafında salınmışdı. Xocalı şəhidlərinin əksəriyyəti də orada dəfn edilib. Ümumiyyətlə, tək Xocalı şəhidləri deyil, həmin ərəfədə şəhid olanların əksəriyyəti orada dəfn edilirdi. İndi o şəhid qəbirlərinə baxdıqda insan dəhşətə gəlir. Erməni vandalları, barbarları bütün şəhid qəbirlərini qazıb, eşib-dağıdıblar. Bir dənə də olsun salamat qəbir yeri qalmayıb. Güman ki, o dəfn edilən azərbaycanlıların hansının ağzında qızıl dişlərinin olması ehtimalına görə qəbirləri belə barbarcasına qazıb, cəsədlərə baxıblar. Bir qızıl dişə görə qəbiri qazıb cəsədi təhqir etmək insanlığa sığışmayan bir haldır. Bu hallar ermənilərin necə bir vəhşi toplum olduğunu da bir daha təsdiqləyir. Eyni zamanda Ağdam, Bərdə istiqamətində Uzundərə adlanan ərazidə də Şəhidlər Xiyabanı vardı. Buranı da erməni vəhşiləri dağıdıb, viran qoyublar. Goreşən xislətli erməni toplumundan bundan artıq nəsə gözləmək sadəlövlükdür. Axmaq, cani, qaniçən Zori Balayan da utanmazcasına yazır ki, “azərbaycanlıları qalaq-qalaq, üst-üstə yığdıq, benzin töküb yandırdıq, yenə də insan səsləri gəlirdi”. Bu faktları özləri də etiraf ediblər.

- Edillidə aşkar edilən kütləvi məzarlıqların oxşarına daha hansı yaxın ərazilərdə rast gəlinə bilər?

- Belə bir kütləvi məzarlığa Qaradağlıda da rast gəlinəcək. Bu da həqiqətdir. Qaradağlı şahidləri də danışırlar ki, insanları silos quyularına doludurub diri-diri basdırıblar. Digər bir qrup insanları isə diri-diri yandırıblar. Ona görə də, Edillidən sonra başqa yaxın və digər ərazilərdə də axtarışların aparılması vacibdir ki, erməni barbarlığını, əsl soyqırımın XX əsrdə azərbaycanlılara qarşı törədildiyinin hər kəs şahidi olsun.

- Kütləvi məzarlıqlarda mülki və yaxud hərbçilərin qalıqlarının olması ehtimalını nə dərəcədə qiymətləndirmək olar?

- İndi bir çox məlumatlar da təhrif edilmiş formada təqdim edilir. Qeyd edirlər ki, Milli Qəhrəman Əlif Hacıyev Xocalıda olan xüsusi təyinatlıların komdandiri idi. Amma fakt, reallıq başqadır. Əlif Hacıyev o vaxt Xocalı aeroportunda olan 25 nəfər polis əməkdaşına komandirlik edirdi və oranın komendantı idi. Xocalı soyqırımı zamanı orada heç bir xüsusi təyinatlı qüvvə olmayıb. Azərbaycan ordusu da orada yox idi. Orada ancaq mülki şəxslər, xocalılar olub. Milli Qəhrəman Aqil Quliyevin rəhbərliyi ilə cəmi 21 nəfər Xocalının köməyinə cəsarətli igidlərimiz gəlmişdi. Onların da 12-si orada qəhrəmanlıqla şəhid oldu. Xocalı şəhəri mühasirədə olanda və ermənilər tərəfindən yandırılan zaman orada yüzlərlə insanımız şəhid oldu. Onların da cəsədləri həmin ərazilərdə qalıb. Əsgəran ətrafında meşələrdə ermənilərin vəhşiliklə öldürdüyü insanların neçəsinin cəsədləri o ərazilərdə qaldı. Onları o vaxt oradan çıxarmaq mümkün olmadı.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər