Azərbaycanın ərazisində mövcudluğu davam etdirən azsaylı ermənilər ölkə qanunlarına tabe olaraq separatçı meyllərdən uzaq yaşaya bilər. Başqa vəziyyətlər Azərbaycan tərəfindən qəbul edilməzdir. Amma təxribatların davam edəcəyi təqdirdə ölkəmizin tam leqal əsaslarla təhlükəsizlik hüququnu təmin etmək imkanı var. Bu, anti-terror əməliyyatları və başqa addımlar olar.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
O qeyd edib ki, Azərbaycan bundan sonra da öz ərazisində yaşayan azsaylı ermənilərin ölkəmizin qanunlarına tabe olması üçün təsirli addımlar atacaq: “Bu, dövlətimizin strategiyasının maraqlı tərəfləridir. Orada yaşayan ermənilər Azərbaycan qanunlarına tabe olaraq öz mövcudluqlarını davam etdirə bilər. Amma dövlətimizin ərazi bütövlüyü heç bir halda müzakirə predmeti deyil və bundan sonra da ola bilməz”.
Millət vəkili hesab edir ki, Qarabağda bu gün də yaşayan azsaylı erməni toplumu üçün heç bir “statusdan” söhbət gedə bilməz: “İmzalanmış üç mühüm sənəddə bu məsələlər açıq şəkildə təsbit edilib. Bu məsələlərdə heç bir halda “status” məsələsinə yer verilmir. Azərbaycanın mühüm strateji qələbəsi məhz bundan ibarətdir. Erməni tərəfi də dərk etməlidir ki, onların spekuliyasiyalar aparmaq imkanı yoxdur”.
Elşad Mirbəşiroğluna görə, Xankəndi ətrafında yaradılan səs-küy də məhz bu amillərdən qaynaqlanıb: “Amma Azərbaycan beynəlxalq pozitiv imicə malikdir. Ermənistanın gündəmə gətirdiyi məsələlər isə şoudan başqa bir şey deyil”.