“Rusiya Türkiyə və Azərbaycanın yaxınlaşmasından çox narahatdır, bunu həzm edə bilmir. Amma anlamırlar ki, bu saat Türkiyə onlar üçün nəfəslikdir. Yəni Türkiyə də beynəlxalq sanksiyalara qoşulsa, Rusiyanın iqtisadi cəhətdən boğulması prosesi daha da sürətlənə bilər, bunu nəzərə almalıdırlar. Türkiyə ilə münasibətləri korlamaq istəmirlər, bu da görünür. Amma Azərbaycanın Türkiyə ilə birgə addımlarını da qəbul etmək istəmirlər”.
ReAl partiyası sədrinin müavini Natiq Cəfərlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Rusiyalı deputat Mixail Delyagin efirdə açıq şəkildə Azərbaycanın neft sənayesinə zərbələrin endirilməli olduğunu bildirdi. Rusiya niyə Azərbaycanı hədələməyə başladı – nə baş verdi ki, təhdidedici dilə keçdi?
- Rusiya indi çox ağır bir dönəmdən keçir. Ukrayna ilə bağlı planlarının alınmaması – “ildırımsürətli müharibə” planının boşa çıxması, Qərbdən gözləmədiyi qədər sərt sanksiyaların tətbiq edilməsi, iqtisadi-siyasi və hərbi çətinliklərin artması Rusiyanı aqressivləşdirib. Təəssüf ki, bu aqressiya da bütün qonşu və yaxınlıqdan yerləşən ölkələrə, o cümlədən Azərbaycana qarşı yönəlir. Rusiyanın dərdi odur ki, SSRİ-nin dağılmasından otuz ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də müstəqil dövlətlərin yaranmasını həzm edə bilmir.
Sanki Rusiyanın hakim elitasında belə bir düşüncə hakimdir ki, keçmiş sovet respublikaları Rusiyaya borculdurlar, onun çevrəsində olmalıdırlar, müstəqil siyasət yürüdə bilməzlər. Bu baxımdan, Azərbaycanın duruşu, xarici siyasətindəki doğru addımları Rusiyanı qəzəbləndirir. Bu da Rusiyada belə aqressiv çıxışlara, cəfəng ehtimalların irəli sürülməsinə səbəb olur.
Rusiya “Ukrayna bataqlığı”nda batdıqca, aqressiv ritorikası getdikcə yüksələ bilər. Bu zaman daha ehtiyatlı və ölçülüb-biçilmiş addımların atılmasına ehtiyac var.
- Bəs sizcə, Azərbaycanı hədələyən Rusiya bizim Türkiyə ilə müttəfiq olduğumuz faktını da nəzərə alırmı?
- Əslində, Rusiyadan Azərbaycan və ya Türkiyə ilə bağlı hansısa bəyanat verilirsə, bu, hər iki ölkəyə aiddir. Artıq Rusiyada belə bir fikir formalaşıb ki, Azərbaycan və Türkiyə məsləhətli şəkildə qərarlar verirlər. Bu, onları acıqlandırır. Onlar Azərbaycanın qardaş Türkiyə ilə qarşılıqlı şəkildə öz maraqlarının qorunması istiqamətində atdığı addımları həzm edə bilmirlər. Yəni Azərbaycanla bağlı bəyanat verərkən, bunu həm də dolayı yolla Türkiyəyə eşitdirmək istəyirlər.
Rusiyada Türkiyə ilə bağlı da zaman-zaman cəfəng fikirlər səsləndirilir. Bu da Azərbaycana bir mesajdır. Bu baxımdan, Türkiyə və Azərbaycanı bir-birindən ayırmırlar. Buna da diqqət etmək lazımdır.
Başqa sözlə, onlar Türkiyə və Azərbaycanın yaxınlaşmasından çox narahatdırlar. Amma anlamırlar ki, bu saat Türkiyə onlar üçün nəfəslikdir. Yəni Türkiyə də beynəlxalq sanksiyalara qoşulsa, Rusiyanın iqtisadi cəhətdən boğulması prosesi daha da sürətlənə bilər, bunu nəzərə almalıdırlar. Türkiyə ilə münasibətləri korlamaq istəmirlər, bu da görünür. Amma Azərbaycanın Türkiyə ilə birgə addımlarını da qəbul etmək istəmirlər.
- Qonşularını özünə düşmən edən, Ukraynada işğalçı əməliyyat aparan Rusiya nəyə nail olmaq istəyir – atdığı addımlar planlıdırmı?
- Əksinə, düşünürəm ki, planları pozulduqca absurd addımlarının sayı artır, yəni məntiqsizlik çoxalır. Bu, düşünülmüş şəkildə atılmış addımların alqoritmi deyil. Sadəcə planlar pozulur, düşünürdülər ki, SSRİ adlı xülyalarını tezliklə bərpa edə biləcəklər, Ukrayna tez təslim olacaq, dünya da nüvə təhdidləri qarşısında geri çəkiləcək. İndi bu planlar baş tutmadıqca. Ukrayna xalqı və ordusunun müqaviməti artdıqca, Rusiyanın aqressivliyi də yüksəlir.
Arqessivlik artdıqca da, demək, məntiqsiz və özünə zərər verən addımlar da çoxalır. Bunlar bir-biri ilə bağlı psixoloji durumdur.
- Qarabağdakı gəlişmələr haqda nə deyə bilərsiniz? Ermənistan tərəfi vəziyyəti “həddindən artıq gərgin” hesab edir və Azərbaycanın yeni əməliyyatlara başlayacağını istisna etmir. Sizin proqnozunuz necədir?
- Fərrux yüksəkliyi və kəndinə nəzarətin bərpa edilməsi yönündəki addımlar doğru idi. Amma burada da təxribatlardan çəkinmək lazımdır. İndi Rusiyaya müxtəlif münaqişə ocaqlarının yenidən alovlandırılması lazımdır. Hətta düşünürəm ki, bir müddət sonra Gürcüstan, Moldova və Orta Asiya ölkələrində də bənzər hadisələr ola bilər. Çünki Rusiyaya indi lazımdır ki, dünyanın diqqəti bir qədər Ukraynadan yayınsın. Rusiyada münaqişələri qızışdırıb “sülh göyərçini”nə çevrilərək, yenidən bu konfliktlərin həllində söz sahibi olmaq istəyi də var. Bu da dünyaya bir mesajdır ki, buralar mənim “arxa bağça”mdır, mənimlə danışmadan bu problemləri həll edə bilməzsiniz.
Bunları nəzərə alaraq, biz daha təmkinli olmalı, uzaqgörən davranmalıyıq, təxribatlardan çəkinməliyik. İndiki zamanda Xankəndi ətrafında və ya digər ərazilərdə hərbi əməliyyatların keçirilməsinə ehtiyac yoxdur. Onsuz da zaman bizə işləyir. Rusiyanın zəifləməsi davam edəcək, qoy, davam etsin. Yəni uyğun zaman yetişəndə Azərbaycan lazımlı addımlar atıb, qalan məsələləri həll edə bilər. Ona görə də indi təxribatlara getməməliyik.
- Bəs bu baxımdan indiki durumda Azərbaycanın siyasi rəhbərliyinin xarici siyasətini necə qiymətləndirirsiniz?
- Kifayət qədər soyuqqanlı və düşünülmüş siyasətdir, təki daxili siyasətdə də belə olsun. Amma xarici siyasətdə düşünülmüş, atılan ardıcıl addımlar var. Bu da onu sübut edir ki, Azərbaycanın xarici siyasəti de-fakto və de-yure dostları ilə birgə yürüdülür. Bu da ölçülüb-biçilmiş və koordinasiya edilmiş addımların atılmasına səbəb olur. Xarici siyasətdə ciddi bir problem görmürəm, əksinə, düşünürəm ki, kifayət qədər uğurlu istiqamətlər var.
Yeganə çatışmayan cəhət Avropa Birliyi ilə strateji sənədlərin imzalanmamasıdır. Ümid edirəm ki, bu il dörd ildir aparılan intensiv danışıqlara uyğun olaraq, Avropa Birliyi ilə strateji sənədlər imzalanacaq. Hesab edirəm ki, Azərbaycanın milli maraqlarına uyğun olaraq, bu sənədlər imzalansa, o zaman xarici siyasətdə çox uğurlu bir dönəmdən keçdiyimizi çox əminliklə söyləmək mümkün ola bilər.
- Azərbaycan ordusunun Fərrux yüksəkliyinə nəzarəti bərpa edəndən sonra Ermənistan Milli Təhlükəsizlik Şurası Bakıya dərhal hərtərəfli sülh danışıqlarına başlamağı təklif etdi. İndi baş verənlərin fonunda bu mümkündürmü? İrəvan Moskvanın əlinin altından sivişib Bakı ilə sülh müqaviləsi imzalaya bilərmi?
- Düşünürəm ki, Ermənistanla ayrı bir xətt üzrə danışıqlar intensivləşməlidir. Görünən budur ki, Ermənistan Xankəndi problemini öz çiynindən atmağı düşünür. Sanki bu məsələni Azərbaycanla münasibətlərindən ayırmaq istəyir. Bu da bizə sərf edir. Buna görə də biz də Ermənistanla danışıqları intensivləşdirə bilərik.
İrəvan da anlayır ki, Rusiya iqtisadiyyatı çökdükcə, Ermənistanın vəziyyəti çox ağır olacaq. Çünki ölkə iqtisadiyyatının 70 faizi Rusiyadan asılıdır. Rusiya iqtisadiyyatının çökməsi ehtimalı isə çox yüksəkdir. Buna görə də, Ermənistan üçün ayaqda qalmağın yeganə yolu Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq, iqtisadi və logistik əlaqələrin genişləndirilməsidir.
Azərbaycan bu çağırışa normal diplomatik dillə cavab verərək, masanın qurulmasını təklif etməlidir. Yəni bu məsələdə təşəbbüsü Ermənistanın əlindən almaq lazımdır. Təklif ediblər, lap yaxşı, biz də ya İstanbulda, ya da Tiflisdə daimi bir masanın qurulması ilə bağlı müraciət edə bilərik. Bu da topun Ermənistan tərəfində olmasına işarə olacaq. İndi onlar belə təəssürat yaratmağa çalışır ki, sanki sülhü Azərbaycan yox, Ermənistan istəyir. Bu təəssüratı sındırmaq lazımdır. Çünki beynəlxalq mediada da belə fikir formalaşdırmağa çalışırlar.
Buna görə də, Azərbaycan masada daimi işləyən və məsələləri burada həll etməyi bacaran, heç bir ölkənin iştirakı olmadan ikitərəfli komissiyanın qurulmasını təklif etməlidir. Məkan olaraq İstanbul və ya Tiflis göstərilə bilər. Əgər müsbət nəticə olarsa, Azərbaycan və Ermənistan liderləri Tiflis və ya İstanbulda görüşərək, razılaşdırılmış müqaviləni imzalaya bilərlər. Yəni belə bir fürsət varsa, bundan sonadək istifadə etmək lazımdır. Elə bir təəssüratın yaranmasına imkan verməməliyik ki, Ermənistan sülh istəyir, Azərbaycan buna mane olur.