30 Mart 2022 14:30
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaginin Rusiyanın dövlət kanalında Azərbaycanı təhdid etməsi azərbaycanlıların böyük təəccübünə səbəb olub. Həm də ona görə ki Mixail Delyagin Azərbaycanı Polşa ilə müqayisə edib.

Teleqraf.com xəbər verir ki, bu sözləri RİA-ya açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı deyib.

O bildirib ki, Rusiyaya münasibətdə Polşa ilə Azərbaycanı müqayisə etmək tamamilə absurddur:

“Polşa Rusiyaya qarşı sanksiyalarda ən aktiv mövqe tutan NATO ölkəsidir, ən sonuncu Rusiyanın 45 diplomatını “casus” ittihamı ilə ölkədən çıxardı.

Azərbaycanla Rusiyanın münasibətləri isə istər ticari-iqtisadi, istərsə də siyasi-hərbi baxımdan ən yüksək səviyyədədir və 22 fevral 2022-ci il Moskva Bəyannaməsi ilə bu münasibətlər müttəfiqlik səviyyəsinə qalxıb.

Rusiyanın Ukraynada mübarizəsini apardığı və rusdilli əhalinin hüquqlarını qorumaq üçün etdiyi cəhdlər Azərbaycanda yüzqat artığı ilə təmin olunur. Azərbaycanda rus əhalinin sayı 140 mindir (2020-ci il məlumatı), yəni ümumilikdə əhalimizin təxminən 1,5 faizənə yaxınını təşkil edir. Ancaq Azərbaycanda yuvarlaq götürsək, 4500 orta məktəbin 355-i – təxminən 8 faizdən çoxu rusdillidir, ali məktəblərin hamısında rus bölməsi fəaliyyət göstərir, ayrıca Bakı Slavyan Universiteti var, azərbaycandilli orta məktəblərdə həftəlik rus dili tədrisi 5 dərs saatıdır. Müqayisə üçün deyim ki, orta məktəblərdə ingilis dilinin tədrisi həftədə bir, bəzi xüsusi məktəblərdə isə yalnız 2 saatla məhdudlaşır.

Azərbaycanda Rus İcması kifayət qədər aktivdir və Rus İcmasının rəhbəri cənab Mixail Zabelin Milli Məclisin deputatıdır. Məxsusi olaraq vurğulayım ki, Zabelinin seçildiyi 34 saylı Xətai ikinci seçki dairəsində seçicilərin mütləq əksəriyyəti – təxminən 99 faizi azərbaycanlıdır. Yəni Zabelini özünə millət vəkili seçən azərbaycanlılardır.

Rus dilinə, rus mədəniyyətinə, ədəbiyyatına, tarixinə, mətbəxinə xüsusi münasibəti Azərbaycanda hər yerdə görmək mümkündür. Azərbaycanda ibtidai səviyyədə ruscanı bilməyən çox az adam tapılar”.

A.Camalqızı Polşada hansısa hərbi aktivliyin Azərbaycanda öz sərhədləri daxilində dislokasiya yerini dəqiqləşdirən Azərbaycan Ordusunun fəaliyyəti ilə müqasyisəsini də anlaşılmaz adlandırıb:

“9 noyabr 2020-ci il Üçtərəfli Bəyanatının 4-cü bəndinə görə, Ermənistan silahlı birliklərinin Azərbaycan ərazisindən çıxarılması ilə paralel olaraq rus sülhməramlı kontingenti yerləşdirilməli idi. Təəssüf ki, hazırda Azərbaycan ərazisində hələ də qanunsuz erməni silahlı birləşmələri var və onlar provokasiyalara yol verir, Azərbaycan Ordusunun mövqelərinə vaxtaşırı olaraq atəş açırlar. Azərbaycan Ordusunun zabitləri də rus sülhməramlılarından bu qanunsuz silahlı dəstələrin ölkədən çıxarılmasını tələb edir və hər hansı dislokasiya dəyişikliyi də rus sülhməramlıları ilə razılaşdırılmış formada həyata keçirilir. Azərbaycanın ərazi bütövlüyünü tanıyan və dəstəkləyən ölkələrdən biri də Rusiyadır və bu baxımdan Rusiyanın deputatları da öz dövlətlərinin siyasətinə, cənab Putinin imzasına və iki ölkə arasında müttəfiqlik əlaqələrinə kölgə salan açıqlamalar verməkdən çəkinməlidir. Rusiya siyasi elitasında təmsil olunanların 10 milyonluq dost Azərbaycan xalqını incidəcək və rus xalqı ilə çoxillik münasibətlərimizə xələl gətirəcək ifadələr işlətməsi yolverilməzdir və inanırıq ki, Rusiya Dövlət Dumasının üzvləri, o cümlədən Rusiya dövlət kanallarının əməkdaşları bu məsələlərdə həssaslıq nümayiş etdirəcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər