“Ukrayna Prezidenti Volodimir Zelenskinin çıxışında Türkiyə ilə bağlı fikirləri iki ölkə arasında problem yaratmayacaq. Mən Zelenskinin yanaşmasını müdafiə etməsəm də, normal qarşılayıram. Zelenski Türkiyənin ərköyün balasıdır, bizim də ərköyün dostumuz, qardaşımızdır”.
Bunu Teleqraf.com-a professor Qabil Hüseynli deyib.
Politoloq xatırladıb ki, Zelenski müəyyən məsələlərdə ABŞ-la bağlı da tənqidi qeydlərini bildirir: “Əlbəttə, bununla dünya dağılmır. Hamı bu ərköyün Zelenskinin şıltaqlığını normal qəbul edir.
Üstəlik nəzərə almalıyıq ki, bu gün Ukraynanın hərb meydanında qələbələrində Türkiyənin rolu nə qədər böyükdür. Türkiyənin verdiyi silahlar, eləcə də digər silah növlərinin yaradılmasına dair iki ölkə arasında əldə olunan razılaşmalar gələcək Ukrayna-Türkiyə münasibətlərinin gözəl perspektivlərindən xəbər verir. Zelenskinin bir sözünə görə niyə münasibətlər pisləşməlidir? Çıxın Kiyevin, Odessanın, Xarkovun və ya Lvovun küçələrini gəzin, bu zaman insanlarda Türkiyə sevgisinin şahidi olun. Bu nöqteyi-nəzərdən Zelenskinin dediyi fikirlərin artıq tarixə qovuşduğunu düşünürəm”.