Ötən dövr ərzində Azərbaycanın dünya birliyində mövqeyi daha da möhkəmlənib, əlaqələri xeyli genişlənib. Azərbaycan Prezidentinin ölkəmizin bu günü və sabahı, gələcək perspektivləri, həyata keçirilən qlobal enerji və kommunikasiya layihələri, demokratik inkişaf və digər məsələlərlə bağlı fikirləri dünyanın bir çox ictimai-siyasi, dövlət xadimləri tərəfindən rəğbətlə qarşılanıb, Müstəqil dövlətimiz haqqında daha dolğun, hərtərəfli və obyektiv rəy formalaşıb.
Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, hazırda Azərbaycan beynəlxalq aləmdə sülhsevər, demokratik prinsiplərin inkişafına xüsusi önəm verən, regionda təhlükəsizlik və tərəqqiyə dəstək verən bir ölkə kimi tanınır: “Bunun bariz nümunəsi və təsdiqi ABŞ Prezidenti Cozef Baydenin 28 May-Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda yer alan fikirləridir”.
Millət vəkilinin sözlərinə görə, təbrikdə ABŞ-la Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlqdan bəhs edilib: “Məktubda ABŞ-la Azərbaycan arasında əməkdaşlığın davam etdirilməsində və genişləndirilməsində maraqlı olduğu ifadə edilib. Bu əməkdaşlıq özündə müxtəlif sahələri əhatə edir. Terrorizmə qarşı mübarizədə Azərbaycanın fəal iştirakı iki ölkə arasında əməkdaşlığı daha da yaxınlaşdırıb. C.Bayden həmçinin Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı yüksək qiymətləndirir. Eyni zamanda, ABŞ bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsində maraqlı olduğu ifadə edilib”.
Sevinc Fətəliyeva bildirib ki, ABŞ Azərbaycanın Ermənistanla iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazır olduğunu bəyan edir: “ABŞ-ın Azərbaycanla ikitərəfli əməkdaşlığa olan marağı yalnız ölkəmizin strateji-coğrafi mövqeyə malik olması və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən milli dövlətçilik kursunun dönməzliyi ilə əlaqədardır”.