Artıq türk dövlətləri arasında əlaqələrdə yeni bir mərhələ formalaşıb. Əlaqələrin inkişafı və yeni dövrün çağırışlarına uyğun dövlətlər arasında münasibətlər qurulur. Bu əlaqələr tarixi köklərə, milli dəyərlərə əsaslanır. Eyni kökdən və tarixdən formalaşan münasibətlər iki ölkə arasında əlaqələrin daha da dərinləşməsində mühüm önəm kəsb edir. Bu baxımdan Azərbaycanla Qazaxıstan arasında əlaqələrin son dövrlər yüksələn xəttlə inkişafını xüsusi ilə qeyd etmək olar.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O hesab edir ki, Qazaxıstanla Azərbaycan arasında münasibətlər forma və məzmun etibarı ilə artıq yeni müstəvidə daha da güclənməkdədir: “Bu gün türk dövlətləri arasında olan əlaqələr tarixi reallıqlar üzərində formalaşır. Biz Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərində olarkən onun maraqlı və önəmli fikirlərinə nəzər salaraq bunun bir daha təsdiqini görmüş olarıq. Prezident İlham Əliyev Özbəkistanda səfərdə “Qardaşım Şavkat Miromonoviçin bütün dediklərini mən anladım, tərcüməçiyə ehtiyac qalmadı” deməsi əslində türk dilinə, birliyinə olan yanaşmanın göstəricisi idi. Bütün bunlar onu göstərir ki, türk dövlətləri və xalqları arasında olan dil, din, tarixi ənənələr bu ölkəllərin daha sıx əlaqələr qurması üçün fundamental əsaslar yaradır”.
Millət vəkilinə görə, ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə Prezident İlham Əliyevin görüşündə də eyni mənzərəni müşahidə etmək mümkün olub: “Prezidentlər türk dilləri ailəsinə aid Azərbaycan və Qazax dillərində danışdılar. Bu öz növbəsində türk dünyasına, tarixi, mədəni əlaqələr üzərində formalaşan münasibətlərin tərənnümü idi. Bu faktlar onu göstərir ki, türk dövlətləri bütün məsələlərdə bir-birini daha yaxşı anlayır və birlikdə hərəkət etməkdə qərarlıdırlar”.
Aqil Məmmədov II Qarabağ müharibəsi və ondan sonrakı dövrdə Qazaxıstanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində iştirakından bəhs edib: “Bu mənada Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsini və Şuşa ilə Türkistanın qardaşlaşması məsələlərini xüsusi ilə qeyd edə bilərik. Eyni zamanda Azərbaycanın müttəfiqlərinin sayının artması olduqca önəmlidir. Qazaxıstanla imzalanan bəyannamə, Türkiyə ilə müttəfiqlik müqaviləsi, Özbəkistanla xüsusi əlaqələrin formalaşması böyük tarixi əhəmiyyətə malikdir. Bütün bu uğurlar türk dövlətləri arasında əlaqələrin yeni müstəvidə qurulması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas uğurlarından hesab edilir”.