27 Avqust 2022 17:05
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda ABŞ tərəfindən Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin təyin edilməsi, ona həmçinin Minsk Qrupunun həmsədri kimi bəzi işlərin həvalə edilməsi də müzakirə edilən məsələlərdən oldu. Unutmaq olmaz ki, bu ilin noyabr ayında ABŞ Konqresinə seçkilər olacaq. Təbii olaraq erməni lobbisi bu istiqamətdə çox ciddi fəaliyyət göstərir. Burada həmçinin erməni lobbisinin təsiri də o qədər zəif deyil. Ən əsası isə ABŞ-da demokratlarla respublikaçılar arasındakı seçki öncəsi vəziyyət heç də demokratların xeyrinə deyil. Ona görə də, onlar müxtəlif yollarla dəstək axtaracaqlar. Bu gün, sabah və yaxud biri gün hansısa formada Azərbaycan və regionla bağlı olan məsələləri ABŞ-dakı seçkilər nöqteyi-nəzərdən təhlil etmək lazım olacaq. Bunun əhəmiyyətini ABŞ-ın indiki iqtidarı üçün diqqətdən kənar saymaq olmaz.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

Onun fikrincə, bu gün ABŞ-da demokratların Konqresdə vəziyyəti və onların respublikaçılarla münasibəti o qədər sadə deyil: “Konqresdəki yerlər uğrunda ciddi mübarizənin olacağı gözlənilir. Təbii bu mübarizə içərisində erməni lobbisinin seçkilərə və seçicilərə təsirini nəzərə almamaq düzgün olmazdı. Biz ABŞ-ın siyasətinin bu xüsusiyyətini də bilməliyik. Bir neçə müddət öncə ABŞ səfirinin Azərbaycanın siyasəti ilə bağlı çıxışı, mövqeyi birmənalı olduğu halda, seçkilərə yaxın bəzi dəyişiklikləri hiss edirik. Bu, ümumi geosiyasi vəziyyətin dəyişikliyi ilə bağlı deyil. Daha çox ABŞ-ın içərisində gedən proseslərin birbaşa təsirinin nəticəsidir. Ona görə də, bu məsələlərə ciddi reaksiya verməliyik. Məhz məlum hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi düzgün və məntiqli cavab verdi. Bu baxımdan ABŞ və Fransa səfirlərinin Şuşaya getməməsi ilə bağlı da mövqeyimiz birmənalıdır. Amma biz işlədiyimiz ölkələrlə onların daxili siyasətinin xüsusiyyətlərini də nəzərdən qaçırmamalıyıq”.

Səməd Seyidova görə, Fransa bir başqa xüsusiyyətə malik ölkədir: “Fransa ilə münasibətlərimizi qurarkən Fransa-Azərbaycan, Fransa-Ermənistan reallığını da nəzərə almalıyıq. Bu gün və dünən rəsmi Bakının, Prezidentin köməkçisi Hikmət Hacıyevin bəyanatları, Şuşadakı tədbirdə səslənən fikirlər ona dəlalət edir ki, həm Fransa, həm ABŞ, həm də başqa Qərb ölkələri bu prosesi nəinki dəstəkləyəcəklər, hətta onların bundan kənarda qalmaları mümkün deyil. Çünki biz sülh, əməkdaşlıq, regionda Azərbaycan-Türkiyə və Ermənistan arasında normal münasibətlərdən, bu istiqamətdə atılacaq və atılan addımlardan danışırıq. Kim buna qarşı çıxış edə bilər? Deməli, buna qarşı çıxış edənlər hansısa formada tədbirlərdə iştirak etməyənlər, yaxud da bəyanatlar səsləndirənlər daha çox bu münasibətlərə qarşı yox, özlərinin daxili siyasətindəki prosesə xidmət edirlər. Amerikada və Fransada bizə qarşı işləyən qüvvələrin “analitik qabiliyyəti” olsaydı, oturub düşünüb, mövqe ortaya qoya bilərdilər. Hansısa seçkiqabağı, daxili problemlərin həlli istiqamətində məsələlərdə onlara bir reverans göstərilirsə, ölkələrin ümümi siyasəti heç də həmin qrupun siyasətini əsla əks etdirmir. Əslində bu reallığı onlar dərk etməlidirlər. Bu gün onların əlində qalan yeganə arqumentlərdən biri daxildəki proseslərdə hansısa reveransdırsa, sabah heç bu da olmayacaq. Çünki Azərbaycanın təşkil etdiyi proses ölkəmizin, Türkiyənnin, eləcə də Ermənistanın da xeyrinədir. Belə olan halda həmin ölkələrin içərisində işləyən və bu proseslərə qarşı çıxan qüvvələr həm bizə, həm də ölkələrin apardığı siyasətə qarşı çıxırlar”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər