Türkiyənin Ankara Universitetinin professoru Toğrul İsmayıl Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik.
- Ermənistanın Azərbaycana qarşı atdığı son təxribatçı addımlar geniş müzakirə mövzusuna çevrilib. İnsanlarımızı maraqlandıran sual budur ki, Ermənistanın bu təhrikedici və təxribatçı addımlarının arxasında hansı niyyətləri durur? Bir sual da budur ki, Ermənistan bu addımları öz iradəsi ilə atmışdımı?
- Ermənistan sülh prosesindən qaçır, bu da ilk dəfə deyil. Sərkisyan dönəmində ayaqyoluna qaçırdılarsa, indi verdikləri sözdən qaçırlar. İndiki situasiyada ciddi məqamlardan biri budur ki, hadisələr Ermənistan-Azərbaycan sərhədində baş verir. Normal vəziyyətdə, bu, müharibənin başlaması üçün şərtdir. Çünki bir dövlət başqa dövlətə müdaxilə edərək, onun ərazisində hərbi təxribat törədir. Xatırladım ki, İkinci Dünya Müharibəsi də belə bir səbəbdən başlamışdı. Almanlar polyak hərbçilərinin formalarını geyinib Almaniyanın sərhəd zastavasına basqın edərək, bundan Polşaya hücum üçün bəhanə kimi istifadə etmişdilər. Bu dəfə Ermənistan müharibəyə başlaması üçün Azərbaycanı təxribata çəkir. Dua etsinlər ki, Azərbaycanın ağlı başında hərəkət edir, yəni beynəlxalq hüquqa hörmətlə yanaşır. 50 şəhid az itki itki deyil, bu, normal şərtlərdə çox böyük savaşın nəticəsidir. Bu itkiləri xain bir hücumda verdik. Dediyim kimi, bu, müharibə şərtləri deməkdir.
Azərbaycan öz rəsmi açıqlamasında bildirdi ki, atəş açan legitim hərbi hədəflər vurulub və Ermənistana müdaxilə etməyib. Amma bir ölkə öz sərhədlərinin təhlükəsizliyini qoruması üçün hətta qarşı tərəfin ərazisində də antiterror əməliyyatları apara bilər. Bu, beynəlxalq hüququn tələb və şərtləridir.
Şarl Mişelin vasitəçiliyi ilə əldə edilmiş anlaşmaların əksinə olaraq, Ermənistan Baş naziri Nikol Paşinyanın açıqlamalarında başqa məqamları görürük. Bunlar 180 dərəcə fərqli mövqedir. Bunlardan biri də Qarabağ məsələsinin Azərbaycanla müzakirə edilməsidir. Yəni Azərbaycan niyə öz ərazisi və burada yaşayan vətəndaşları ilə bağlı məsələləri Ermənistanla müzakirə etməlidir? Bura həmçinin Zəngəzur dəhlizinin açılmasını istəməməsi də daxildir. Halbuki Ermənistan bununla bağlı üzərində öhdəlik götürüb. Azərbaycan anlaşmanın müvafiq bəndini yerinə yetirərək, Laçın dəhlizinin açılmasına şərait yaratdı, Ermənistan isə Zəngəzur dəhlizini açmaqdan yayınır.
Şübhəsiz ki, sərhəddəki genişmiqyaslı təxribatdan Ermənistanın hərbi-siyasi rəhbərliyi, xüsusən də Baş nazir Paşinyan məsuliyyət daşıyır. Deyə bilməz ki, mən nəzarət edə bilmirəm. Əgər nəzarət edə bilmirsənsə, iki yolu var: ya istefa verməlisən, ya da hərbi rəhbərliyi dəyişdirməlisən. Sən necə dövlət rəhbərisən ki, orduda baş verənlərdən xəbərin yoxdur. Bunların hamısı bəhanədir. Xəbəri olsa da, olmasa da sərhəddəki təxribatların məsuliyyəti birbaşa Paşinyanın üzərindədir. Bu məsuliyyətdən yayınmaq üçün Rusiya və Fransa prezidentlərinə, ABŞ dövlət katibinə zəng etdi. Kimə zəngi çatdısa, gecə-gündüz onları yığdı. “Nadinc uşaq” kimi aranı qarışdırıb, başqalarını çağırır.
Azərbaycan azad edilmiş ərazilərdə uğurlu yenidənqurma işləri aparır, sürətlə həmin əraziləri məskunlaşdırır, insanlar öz yurdlarına qayıdırlar. Azərbaycan 10 noyabr anlaşmasının 6-cı bəndinə uyğun olaraq, Laçın dəhlizinə alternativ yol çəkdi. Azərbaycan bu yolu başa çatdıranda Ermənistan heç öz tərəfindən çəkilməli olan yolun inşaasına başlamamışdı. Bu, Ermənistanın prosesə yanaşmasıdır. Vaxtı uzada-uzada ümid edir ki, bəlkə prosesi istədiyi yerə gətirib çıxara bildi.
Fikir verin ki, bir sıra Qərb dövlətləri, o cümlədən, Fransa və ABŞ Minsk qrupunu diriltməyə çalışırlar. Məqsədləri də budur ki, bunun üzərindən nələrisə ortaya atmağa çalışacaqlarına ümid edirlər. Amma unutmamalıdırlar ki, Minsk qrupu münaqişənin həlli üçün sadəcə məşvərət xarakterli bir format idi. Yəni prosesə hansısa bir təsir mexanizmi yoxdu. Azərbaycan da öz ərazilərini azad etdiyi, Ermənistan və Rusiya ilə üçtərəfli anlaşma imzaladığı üçün Minsk qrupunun formatını dəyişə bilər. Bu format da o ola bilər ki, Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına yardımçı olsunlar. Bundan kənarda keçmişə dönəmək kimi bir məsələ həm beynəlxalq, həm də Azərbaycanın hüququna ziddir.
Bununla belə, görürük ki, kimlərinsə marağı var, konflikti dirçəltməyə çalışırlar. Sülhdən daha çox, qarşıdurmanı qızışdırırlar. Qarşıdurma da bu güclərin bölgəyə müdaxiləsi deməkdir və onların regionda var olmasına imkan yaradır.
- ABŞ, Fransa və bir çox Qərb dövləti bu dəfə də gözüyumulu şəkildə baş verənlərə görə Azərbaycanı günahlandırdı. Hətta fransız deputatlar Avropa Parlamentində Azərbaycana qarşı sərt sanksiyalara çağırış etdilər. Sizcə, Avropa İttifaqı və ya Qərb Azərbaycana qarşı bu qədər irəli gedə bilərmi?
- Hazırda davam edən Rusiya-Ukrayna müharibəsi fonunda çətin gedər. Bu gün Azərbaycan enerji sahəsində Avropanın strateji müttəfiqidir. Bəlkə də, bu, enerjiyə olan tələbatını özü ödədiyi üçün Fransanı çox da maraqlandırmır, buna görə sərt danışır. Amma bu gün bir çox Avropa ölkəsi Azərbaycan qazına və Azərbaycan üzərindən daşınan Mərkəzi Asiya qazına möhtacdır.
Eyni zamanda, Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə Azərbaycanın müttəfiqidir. Bununla yanaşı, Azərbaycanın İngiltərə ilə də çox ciddi işbirliyi var. Demək olar ki, İngiltərə ilə əlaqələr müttəfiqlik səviyyəsindədir. Təbii ki, Ermənistanı açıq şəkildə dəstəkləyən qüvvələri görürük, amma Amerikanın buradakı niyyətləri çox fərqlidir. Ermənistan NATO-ya rəqib olan bir təşkilatın – KTMT-nin üzvüdür. Amma Amerika siyasiləri Ermənistanla məsləhətləşməyə, fikir mübadiləsinə gəlirlər. Rəqiblə nə məsləhətləşmək? Yəni Ukrayna cəbhəsində Rusiya ilə rəqib, Ermənistanda dostsunuz?
Görünən budur ki, erməni məsələsinə gəldikdə rəqiblər, hətta İran və Rusiya belə Amerika ilə dost ola bilir. Amma normal şərtlərdə bir araya gələ bilmirlər. Demək ki, burada məsələ tam fərqlidir. Bu dövlətlərin bölgədə fərqli maraqları var. Bunlar nələrdir? Bilirsiniz ki, Qarabağ Zəfərindən sonra Türkiyə və Azərbaycan arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalandı. Bununla münasibətləri strateji müstəvidən müttəfiqlik səviyyəsinə qaldırdılar. Bu zəfər Türkiyənin də prestijini artırdı. Xüsusən də türk cümhuriyyətləri arasında. Bu, Türkiyənin öz sözünə nə qədər güvənli ölkə və ordusunun nə qədər güclü olduğunu göstərdi. Bu, eyni zamanda, Azərbaycan ordusunun nə qədər gücləndiyininin və təkmilləşdiyinin göstəricisidir. Azərbaycan Silahlı Qüvvələri XXI əsrin ordusudur. Düzdür, Türkiyə ordusu qədər deyil, amma 44 günlük Vətən Müharibəsi göstərdi ki, yeni yaranmasına və az təcrübəsinin olmasına baxmayaraq, çox böyük işlər görə biləcək ordu gücünə və potensialına sahibdir.
Rusiyanın Qazaxıstan və digərlərinə qarşı yanlış siyasəti bu ölkəni də, Özbəkistan və digər Mərkəzi Asiya dövlətlərini Azərbaycan-Türkiyə birliyinə yönəltdi. Bu, həm də Türk Dövlətləri Təşkilatının gücünü daha da artırdı. Digər yandan, Ukraynada müharibənin gedişatı Çindən, Uzaq Şərqdən başlayaraq, ticarət xətlərini Şimaldan Cənuba doğru dəyişdi. Çünki artıq Rusiyadan keçən marşrut xətləri təhlükəlidir. Bütün bunları bir araya gətirdikdə, ciddi proseslərin getdiyini deyə bilərik. Amerikanın da bu prosesə nəzarət etməsi üçün bir gücə ehtiyacı var.
Bu gün Amerika-Türkiyə münasibətlərinin də necə olduğunu görürük. Amerikanın siyasəti yanlışdır: Suriyada terrorçu təşkilatları dəstəkləyir, Cənubi Qafqazda separatizmi dəstəkləyir, Azərbaycan ərazilərindəki terrorçuları Konqresə çağırıb çıxış üçün tribuna verir. Görünən budur ki, Amerika açıq şəkildə olmasa da, ciddi şəkildə bir antitürk siyasəti yürüdür. Bu bölgədə də Ermənistan üzərindən oyun qurmağa çalışır. Bayden administrasiyası da proseslərə öz təsirini göstərir. Açıq şəkildə deyə bilərik ki, Bayden və ətrafı ermənipərəstdir. Bunu heç gizlətmirlər, erməni lobbisindən pullar alırlar. Amerikada Respublikaçılardan fərqli olaraq, Demokratların ermənilər üçün həşir-nəşir olduqlarını hər kəs bilir.
Fransanın adını çəkmirəm, bu da aydındır. Fransa Türkiyəyə qarşı Yunanıstanı qızışdırır, orada Misirlə anlaşmağa çalışır, Kipr məsələsində aranı qarışdırmağa cəhd göstərir. Bu gün Fransa Yunanıstanın arxasında Türkiyəyə qarşı dayanıb. Bütün bu proseslər böyük bir oyunun hissələridir. Bir sözlə, bu gün bölgədə sülhün təmin olunmasına çalışan Azərbaycan diplomatik meydanda dünya ilə mübarizə içindədir. Buna görə də bölgədə vəziyyət zaman-zaman kövrəlir. Azərbaycan və Türkiyənin hərbi gücü yetərlidir, amma diplomatik sahədə də güclərimizi birləşdirməliyik ki, kənar güclər daxili işlərimizə qarışmasınlar, zəfərlərimizin önünü kəsməsinlər.
- Sizcə, proseslər hara gedir, qarşıda bizi nə gözləyir?
- Bir mütəxəssis kimi deyə bilərəm ki, hər ehtimal mümkündür. Dünənə qədər dünyada heç kim inanmırdı ki, Rusiya Ukraynaya hücum edəcək. Amma bu gün görürük ki, Rusiya Ukrayna ərazilərinin işğalı ilə məşğuldur. Müharibəyə başladı, hətta Kiyevə girməyə çalışdı. Düşünürdülər ki, qısa vaxtda hədəflərinə çatacaqlar. Hətta Putin Luqansk və Donetskin “müstəqilliklərini” tanıdı. Yəni burada da hər ehtimal mümkün ola bilər. Ermənistanın siyasi elitası müstəqil düşünmədiyi, kənar güclərin təsiri altında olduğu üçün Ermənistan tərəfindən hər şey gözləmək mümkündür.
Azərbaycan hər ehtimala qarşı öz təhlükəsizlik sistemini təkmilləşdirməlidir. Xüsusən də sərhədlərdə. Bu xüsusda Türkiyənin təcrübəsi çox gözəldir. Bəlkə də bunu tətbiq edə bilər. Bilirsiniz ki, Türkiyə də terrordan əziyyət çəkən ölkələrdən biridir. O bölgələrdə son texnlogiyalardan istifadə edərək, yeni sərhəd məntəqələri qurub. Bunlar tam təchizatlı məntəqələrdir. Bunlar həssas durumlarda qısa vaxtda hərbi gücə çevrilə biləcək sərhəd zastavalarıdır.
Digər yandan, Türkiyə ilə imzalanmış müttəfiqlik bəyannaməsi sürətlə inkişaf etdirilməlidir. Bu, çox önəmlidir. Bununla yanaşı, Azərbaycan özünə yaxın digər dövlətlərlə də əməkdaşlığı gücləndirməli və sürətləndirməlidir. Son olaylar da göstərdi ki, Ermənistanın “təbliğat maşını” çox ciddi şəkildə işləyir. Yəni dezinformasiyaların ötürülməsi, Azərbaycana qarşı “qarayaxma kampaniyası”nın aparılması və s. Təbii ki, Qərb dövlətləri nə baş verdiyini bilirlər. Onlara həqiqətləri ötürsən belə, öz bildiklərini edəcəklər. 44 günlük müharibədə Ermənistan Gəncə və Bərdədə mülki insanları bombalayanda Qərb və onun mediası hansı reaksiyanı vermişdi? Bunu hər kəs bilir. Belə olan təqdirdə, Azərbaycan əks-təbliğat sistemi və ya bunların önləməsi məsələlərini həll etməlidir.
Bununla yanaşı, Azərbaycanın Ermənistanı sülh masasına oturmağa gücü çatır. Əgər Ermənistan Azərbaycan sərhədlərini tanımırsa, bu o deməkdir ki, Azərbaycan da onun sərhədlərini tanımayacaq. Ermənistan bu mövqeyini dəyişmədikcə, sərhədlər müəyyənləşməkdikcə, qarşıdurmalar qaçılmazdır.
- Bəs İran niyə öz oyununu açıq oynamağa başlayıb? Molla rejimi nədən narahatdır? Hətta Prezident İbrahim Rəisi Baş nazir Nikol Paşinyanla son telefon danışığında aşkar şəkildə Ermənistanı dəstəklədi.
- İran heç vaxt gizli oynamayıb, açıq oynayıb. Xatırladım ki, Şuşanın işğal edilməsi və Xocalı soyqırımının baş verməsi İranın vasitəçiliyindən sonra baş verib. Bunu unutmaq lazım deyil. İran sözdə nəsə deyə bilər, amma həmişə Ermənistanı dəstəkləyib. Heç gizlətmir ki, bu dəstəyin səbəbi antitürk siyasətidir, Azərbaycanın Türkiyənin müttəfiqi olmasıdır. Eyni zamanda, bu, qonşuluğunda güclü Azərbaycan istəməməsindən irəli gəlir. Enerji və digər məsələlərin hamısı bəhanədir. Çünki Azərbaycanın ixrac etdiyi enerji İranla müqayisə oluna bilməz, bu sahədə ona rəqib deyil. Biz heç Avropada Rusiyaya rəqib deyilik. Rusiya bu gün Avropada öz-özünə problem yaradır. Əksinə, Rusiya enerji sahəsində Avropada monopolistdir. Azərbaycan Avropanın enerjiyə olan ehtiyacının cəmi 5-6 faizini təmin edə bilir.
Bir sözlə, İranın “arqumentləri” bəhanədir. İran artıq öz mövqeyini gizlətmir. 44 günlük müharibədən sonra İran oyundan kənarda qaldı. Buna görə də kartlarını açıq formada ortaya qoyur. Amma bu, İran baxımından yanlış siyasətdir. Görürük ki, özünü müsəlman və şiə dövləti elan edən Ermənistan Azərbaycana münasibətdə bunları kənara qoyaraq, ona dini və etnik baxımdan tam yad olan bir toplumla işbirliyinə gedir. Bu da onu sübut edir ki, beynəlxalq münasibətlərdə daimi maraqlar var, duyğusal məsələlərə yer yoxdur. Azərbaycan-Türkiyə müttəfiqliyi də iki ölkənin bir-birinə olan təbii bağlılığı ilə yanaşı, həm də geosiyasi tələb məsələsidir. Buna görə də bu münasibətləri daha da inkişaf etdirməliyik.