Ermənistan mövcud olan revanşist qüvəllər regionda sülhün bərqarar olmağını istəməyən xarici qüvvələrin alətinə çevriliblər və onlar həmin dairələrin sifarişlərini yerinə yetirərək bölgədə sabitliyin olmasına əngəllər törədirlər. Sentyabr ayının 12-13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonu istiqamətində ərazinin çətin relyefindən istifadə edərək, Azərbaycan Ordusunun təminat yollarını minalaması, törətdiyi genişmiqyaslı təxribatlar bunun növbəti təzahürüdür. Bu dəfə də erməni hərbi birləşmələrinin təxribatlarına qarşılıq olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın əmrlərinə əsasən düşmənə layiqli cavab verdi. İstər təxribatda iştirak edən erməni hərbçilərinin məhv edilməsində, istərsə də sərhəd boyunca yerləşdirilmiş hərbi texnika və sursatların məhv olunmasında bunları görə bilərik. Müzəffər Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını uğurla aldı və göstərdi ki, Dəmir Yumruq yerindədir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyasını və onun əlavə protokollarını açıq şəkildə pozub:
“BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, Rusiya, Azərbaycan Prezidentləri və Ermənistan baş naziri arasında imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın tələbləri də Ermənistan tərəfindən kobud şəkildə pozulub. Bu mənada sentyabrın 12-də gecə saatlarında Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi qəbul olunmazdır. Təəssüf ki, qlobal güc mərkəzləri Ermənistanın törətdiyi təxribatlara yenə də susmağa davam edir. 12 sentyabrda atəşkəsin pozulmasına görə özlərini “narahat hiss edən” dövlətlər və beynəlxalq təşkilatlar təəssüf ki, bu müddət ərzində Ermənistana heç bir xəbərdarlıq etmədi. Nə 30 il ərzində, nə də son 2 il müddətində dövlət səviyyəsində terrorun bütün növlərindən istifadə edən, beynəlxalq təşkilatların tələblərinə məhəl qoymayan Ermənistan dövlətinə heç bir təzyiq, nə də ciddi xəbərdarlıq olmadı. Bunun nəticəsi də olaraq Ermənistan təxribatlarını daha da genişləndirdi. Azərbaycan hər zaman olduğu kimi yenə də beynəlxalq hüquq normaları çərçivəsində öz mübarizəsini aparmaqdadır və BMT-nin Təhlükəsizlik Şurasının çıxartmış olduğu qətnamələrin həllini həyata keçirən bir dövlət olaraq yenə də bölgədə sülhün və sabitliyin bərqərar olması üçün səylərini davam etdirir”.
Millət vəkili hesab edir ki, Ermənistan Qafqazın təhlükə mənbəyidir:
“Bu ölkənin destruktiv mövqeyi Qafqaz regionunda sülhün və sabitliyin qarşısında dayanan ən böyük maneədir. 44 günlük Vətən müharibəsindən ötən iki il ərzində Ermənistan tərəfi öz imzasına hörmət etmək əvəzinə, hər vəchlə bölgədə ağır təxribatlar törədib və hər dəfə layiqli cavabını alıb. Ermənistanın revanşist, destruktiv münasibətinə baxmayaraq, Azərbaycan sülhpərvər, humanist mövqe nümayiş etdirməyə davam edir və ermənilər üçün dəhlizi açıq saxlayıb. Azərbaycanın humanist mövqeyinə baxmayaraq, Ermənistan danışıqlar prosesindən yayınmağa cəhd edib. Siyasi addımların uğur qazanmadığını görən Ermənistan Kəlbəcər və Laçın istiqamətlərində mövqelərimizi intensiv atəşə tutub, sülh prosesinə belə mane olmağa çalışıb. Buna da nail olmadıqda sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribat həyata keçirib”.
Tamam Cəfərovanın fikrincə, Ermənistan törətdiyi genişmiqyaslı təxribatla avqustun 31-də Brüssel görüşündə əldə edilən razılaşmaları sabotaj etmiş olub:
“Görünən odur ki, Ermənistan məcburi olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Belə olan halda, vasitəçilər onu buna məcbur etməlidir. Ona görə ki, sülh prosesində Azərbaycanın irəli sürdüyü 5 prinsipi Ermənistan tərəfi qəbul edib və bunu dünya ictimaiyyəti qarşısında da etiraf edib. Təəssüf ki, baş verən proseslər göstərir ki, Ermənistan sülh danışıqları prosesindən hələ çox uzaqdadır. Erməni tərəfi hələ də köhnə miflərlə yaşayır. Ermənistan 90-cı illərin eyforiyasından çıxmalıdır. Bu gün Azərbaycan iqtisadi, siyasi, hərbi cəhətdən olduqca güclüdür. Azərbaycan Qafqaz regionunun lider dövlətidir. Ölkəmiz beynəlxalq hüquqla təsbit olunmuş suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün tədbirləri görməyə qadirdir. Hətta, Azərbaycan regionun lider dövləti kimi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, düşməni sülhə məcbur etmək iqtidarındadır. Dövlət başçısı da Silahlı Qüvvələrinin rəhbər heyətinin iştirakı ilə keçirdiyi operativ müşavirədə və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən vurğuladığı kimi: “Bu genişmiqyaslı təxribata görə bütün məsuliyyət bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür”.