29 Sentyabr 2022 09:05
1 352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konfliktoloq Elxan Mehdiyev Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- ABŞ-ın vasitəçiliyi ilə son bir həftədə Ermənistan və Azərbaycan nümayəndələri arasında iki görüş keçirildi. Xarici işlər nazirlərindən sonra Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurası katibi Armen Qriqoryanla Amerikada görüşdü. Sizcə, ABŞ-ın vasitəçiliyi effektli olacaqmı?

- Amerika daha çox Brüsseldə başlayan danışıqlara köklənib. Sərhəddə baş verən son toqquşmalar amerikalıların aktivliyini artırıb və demək olar ki, təşəbbüsü tam öz əllərinə almaq istiqamətindədirlər. Dövlət katibi Blinkenin Azərbaycan və Ermənistan liderlərinə telefon zəngindən sonra əvvəlcə xarici işlər nazirləri Nyu-Yorkda görüşdülər. Bu dəfə isə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Vaşinqtonda Armen Qriqoryanla bir araya gəldi.

ABŞ-ın vasitəçiliyinin effektli olub-olmayacağına gəldikdə, Azərbaycan öz sülh gündəmini ortaya qoyub. Ermənistan tərəfi də 5 prinsipdən ibarət olan bu planı qəbul etdiyini açıqlayıb. Amerikanın məqsədi isə, zənnimcə, indiki halda Ermənistanla Azərbaycan arasında yaranmış qarşıdurma vəziyyətindən çıxış əldə etməkdir. Yəni döyüşlərin yenidən başlanmasına yol verməməkdir, buna mane olmaqdır.

Amerikanın bir məqsədi də Brüsseldə başlamış sülh danışıqlarını qısa vaxtda başa çatdırmaqdır. Bunu özləri də deyirlər. Amma bu, bir tərəfdən asılı olan məsələ deyil. Azərbaycan tərəfi buna razıdır, həmişə də bunu bəyan edir.

İndi Ermənistanın özünün də elan etdiyi “sülh erası”, yaxud “sülh gündəmi” ilə bağlı cəsur və qətiyyətli addım atmasının zamanıdır. Ermənistan bu addımları atarsa, təbii ki, ABŞ-ın səyləri effektli olacaq. Amma bir məsələ də var ki, prosesə indiki məqamda ABŞ və Rusiya arasındakı düşmənçilik kontekstindən yanaşsaq, Amerikanın vasitəçiliyi ilə hansısa sülh razılaşmasına gəlinməsi, Moskva tərəfindən çox böyük hiddət və qəzəblə qarşılanacaq. Bunun da nəticələrinin nə olacağı, ayrı söhbətin mövzusudur.

- Görüşə vasitəçilik edən ABŞ prezidentinin müşaviri Ceyk Sallivan bildirdi ki, artıq irəli doğru konkret addımlar müəyyən edilib. Sizcə, hər iki tərəfin razı olduğu bildirilən bu addımlar nələrdən ibarət ola bilər?

- Zənnimcə, bunlar əvvəldən də məlum olan məsələlərlə bağlıdır: sərhədlərin delimitasiyası və nəqliyyat yollarının açılması. Azərbaycan Zəngəzur üzərindən Naxçıvana şose və dəmir yollarının açılmasını tələb edir. Düşünürəm ki, Azərbaycan daha çox bu iki məsələ ilə bağlı tələb və şərtlərini irəli sürüb. Ermənistan da Qarabağda yaşayan ermənilərin “status”unun müəyyən edilməsini önə çıxarmağa çalışır. Yəqin ki, ermənilər də masaya bu məsələni qoyublar.

Amma bildiyiniz kimi, Azərbaycan Ermənistanın bu tələbini rədd edir. Yəni hansısa statusun verilməsinin əleyhinədir. Məncə, danışıqlar bu istiqamətlərdə gedir.

- Azərbaycan açılacaq nəqliyyat-kommunikasiya xətlərinin dəhliz statusunda olmasını istəyir. Ortada müzakirə olunan bir Zəngəzur dəhlizi məsələsi var. Sizcə, ABŞ-ın buna münasibəti necədir?

- Düşünürəm ki, Amerikanın yanaşması normal olar. Məsələyə onların fəlsəfəsi ilə yanaşsaq, Naxçıvana nəqliyyat xətlərinin açılmasını və Azərbaycanın bu bölgəsinin blokadadan çıxmasını dəstəklədiklərini bildirirlər. Yəni buna normal münasibət bəsləyirlər.

Digər yandan, İranla ABŞ arasındakı münasibətlərin durumu hər kəsə bəllidir. Bu baxımdan, Amerika gediş-gəlişin İrandan yox, Ermənistan üzərindən təmin edilməsini istəyə bilər.

- Baş nazir Nikol Paşinyan Brüssel və Moskvadan fərqi olaraq, Vaşinqtonun vasitəçi olmasında daha istəkli görünür. Əgər belədirsə və Azərbaycanın da bunda razılığı varsa, onda Paşinyan ABŞ-ın səyləri ilə əldə olunacaq və hər iki tərəfin məqbul sayacağı mümkün anlaşmalar istiqamətində qətiyyətli addımlar ata bilərmi?

- Məsələ təkcə Amerikanın vasitəçiliyi ilə bağlı deyil. İndi biz deyirik ki, Minsk qrupu yoxdur, amma vasitəçilik edənlər elə həmin formatın üzvləridir. ABŞ-la yanaşı, Rusiya da vasitəçilik edir. Üstəgəl, bu formatın digər üzvü Fransanın Prezidenti Emmanuel Makron da tez-tez Bakıya zəng vurur, indi görüşlər Vaşinqtonda keçirilir. Yəni biz bu üçlüyə daxil olan dövlətlərin rəsmilərinin vasitəçiliyi ilə görüşürük.

Paşinyana gəldikdə, onun ABŞ-ın vasitəçiliyi ilə həllə razı olması fikrini qəbul etdmirəm. Çünki o, Ermənistanın real durumunu və Rusiyaya nə qədər bağlı olduğunu yaxşı bilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər