5 Oktyabr 2022 19:51
1 548
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elxan bəy, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrədə baş tutan budəfəki görüşündə konkret sülh müqaviləsinin mətni ətrafında müzakirələr aparıldığı açıqlandı. İndiki olduqca həssas mərhələdə bu görüşlərin effektivliyini necə dəyərləndirirsiniz?

- XİN başçılarının Cenevrə görüşündə ciddi nəticənin olacağını düşünmək olmazdı. Çünki bu görüş ərəfəsində Azərbaycana qarşı məlum təxribat xarakterli bir video yayıldı. Eyni zamanda sülh sazişinin imzalanması üçün mətnin hazırlanması vacibdir. Bunun üçün isə işçi qrup formalaşmalıdır. Yalnız bir-iki görüşlə bu məsələ həll edilə bilməz. İşçi qrupu daim bu məsələ üzərində çalışmalıdır. Bu ilin avqustun 31-də Brüsseldə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında Avropa İttifaqı prezidentinin vasitəçiliyi ilə görüş baş tutmuşdu. Burada əldə edilən razılaşma o idi ki, yaxın bir ay ərzində xarici işlər nazirləri sülh sazişi üzrə işçi qrupunun formalaşması üçün müzakirələrə başlayacaqlar. Artıq prosesin üzərindən bir aydan artıq vaxt keçib. Amma belə bir işçi qrupunun yaradılması haqqında heç bir məlumat yoxdur.

- Sizcə, Ermənistan yekun sülh sazişi üzrə öhdəliklərə nə dərəcədə hazırdır?

- Sülh sazişinin mətni hazır deyilsə, bu sənədin imzalanması indiki halda çətin görünür. Əslində burada bir neçə cümləlik bir mətn olmalıdır. Orada qeyd edilməlidir ki, iki dövlət bir-birinin ərazi bütövlüyünü tanıyır. Eyni zamanda Ermənistan tərəfi Qarabağı Azərbaycan ərazi kimi qəbul etdiyini bəyan etməlidir. Amma görünən odur ki, erməni tərəfi hələ də buna hazır deyil.

- Nikol Paşinyanın həyat yoldaşının baş redaktoru olduğu “Haykakan Jamanak” qəzeti özünün “etibarlı mənbəsinə” istinadən yazıb ki, Azərbaycan Ermənistan qarşısında 5 əsas tələb qoyub. İndiki halda bu tələbin erməni mətbuatında tirajlanması nəyə hesablanıb?

- Əslində erməni mətbuatında yayılan bu tələblərdə yeni heç nə yoxdur. Azərbaycanın bu tələbləri ərazi bütövlüyümüzü tanımaq, Qarabağa olan iddialardan əl çəkmək, separatçılara dəstəkdən imtina, sərhədlərin müəyyənləşməsi və sair məsələləri əhatə edir. II Qarabağ müharibəsindən sonra bizim əsas tələblərimiz də məhz bu olub. Ola bilsin indiki halda bu cür məsələləri erməni cəmiyyətinə təqdim edirlər ki, ictimai fikir buna hazır olsun. Nikol Paşinyan da erməni parlamentindəki çıxışında onsuz da eyni sözləri demişdi.

- Ermənistanın Qarabağın ağır yükündən xilas olmaq cəhdlərini necə xarakterizə etmək olar?

- Bu o deməkdir ki, Ermənistan faktiki olaraq Qarabağ yükünü daşıya bilmir. Elə bir mövqe ortaya qoyulur ki, onlar ancaq Ermənistanın təhlükəsizliyinə cavabdeh ola bilər. Paşinyan da bununla bağlı bir çıxış etmişdi. Burada yeni heç nə olmadığına görə, çalışırlar ki, erməni cəmiyyətinin nəbzini yoxlasınlar. Erməni cəmiyyətinin mütləq əksəriyyəti müharibədən çəkinir, qorxur. Görünən isə odur ki, onlara da sülh lazımdır. Sadəcə olaraq Paşinyan bu məsələni dilə gətirir, amma addım atmaqdan çəkinir. Məsələni də uzadan məhz budur.

- Ötən gün ABŞ dövlət katibinin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı olub. Son dövrlər Amerikanın vasitəçiliyi ilə artan diplomatik təmasların effektivliyi haqqında nə demək olar?

- Müharibədən sonrakı iki il ərzində bu cür diplomatik təmaslar çox olub. Amma sülhə doğru konkret bir irəliləyiş mövcud deyil. Burada Azərbaycanın Ermənistanla həll edə biləcəyi üç vacib bir məsələ var. Sülh sazişi, sərhədlərin müəyyənləşməsi və Zəngəzur dəhlizinin açılması əsas şərtdir. Amma bu üç məsələnin heç biri üzrə konkret irəliləyiş yoxdur. Hətta üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində də görüşlər olub. İndiki halda isə ABŞ Cənubi Qafqazda bir qədər fəallaşmaq niyyətinə düşüb. Burada Türkiyə, Rusiya və Avropa İttifaqının fəallığı fonunda ABŞ da prosesə qoşulmağa çalışır. Ötən gün Azərbaycan tərəfi 17 erməni hərbçini qarşı tərəfə təhvil verdi. Burada ABŞ-ın da rolunun olması mümkündür. Entoni Blinken də ola bilsin telefon danışığında məhz buna üstünlük verib. Amma bizim üçün əsas iki vasitəçi var. Bu, Rusiya və Avropa İttifaqıdır. Görürük ki, Rusiya da Avropa İttifaqını sıxışdırmağa çalışır. Brüssel formatında Azərbaycanla Ermənistan arasında 4 görüş olub. Beşinci görüş noyabrda olmalıdır. Ümumilikdə isə danışıqlar, müzakirələr çox yaxşıdır. Amma hələ də bir konkret bir nəticə yoxdur.

- Səudiyyə Ərəbistanı, İsrail və Türkiyə müdafiə nazirlərinin Azərbaycana səfəri, İranın baş qərargahın təşəbbüsü ilə baş tutan telefon danışığı oldu. Bu müstəvidəki təmasların ardıcıllığı nə ilə bağlıdır?

- Azərbaycanla İsrail arasında hərbi sənaye sahəsində əməkdaşlıq mövcuddur. II Qarabağ savaşında bu bir daha təsdiq edildi. İsraildən alınan müasir silahlar burada mühüm rol oynadı. Bu baxımdan İsrailin müdafiə nazirinin ölkəmizə səfəri əhəmiyyətli idi. Demək ki, İsrail də bu məsələdə maraqlıdır. Eyni gündə İranın baş qərargah rəisinin təşəbbüsü ilə müdafiə naziri Zakir Həsənov arasında telefon danışığı oldu. Səudiyyə Ərəbistanı da Azərbaycanın üç əsas strateji müttəfiqindən biri hesab edilir. Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Ermənistanla indiyə kimi diplomatik əlaqələr qurmayıb. Bu baxımdan II Qarabağ müharibəsində Azərbaycan tarixi qələbə qazanmış olsa da ordumuzun gücləndirilməsi, müasir silahlarla təchizat başlıca vəzifələrdən biri kimi qəbul edilib. Çünki düşmənlə hələ də bütün məsələlər həll edilməyib. Qarabağda qayda-qanun yaratmaq, orada hələ də qalmaqda olan separatçıları tərksilah etmək lazımdır. Ona görə də, güclü ordu, komandolar və modern silahlara ehtiyac var. Bunu da biz əsasən qardaş Türkiyə və İsraildən alırıq.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər