5 Oktyabr 2022 22:15
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocavənd rayonunun Edilli kəndində aparılan araşdırmalar nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi daha bir kütləvi məzarlıq aşkar olunub. I Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərində erməni separatçı rejiminin qanunsuz hərbi birləşmələri və Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir düşmüş 25 şəxsin qətlə yetirilməsi və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi məzarlıqda dəfn edilməsi insanlıq məvhumunu sarsıdan, insan cəmiyyətinin mənəvi və hüquqi prinsiplərinin kobud formada pozulmasıdır. Təəssüflər olsun ki, Azərbaycan xalqı tarixin müxtəlif dövlərində erməni faşizminin vandallığına məruz qalıb. 30-ilə yaxın bir müddətdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən soyqırım, etnik təmizləmələr, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlərin törədilməsi bütövlükdə bəşəriyyətə qarşı yönələn qəbuledilməz bir davranışdır. Bu hadisə də Ermənistanın vandal, barbar, faşist simasının növbəti təzahürüdür.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, təəssüf ki, ötən əsrin əvvələrində olduğu kimi Azərbaycan yenidən öz müstəqilliyini əldə etdikdən sonra ermənilər tərəfindən xalqımıza qarşı soyqırım, etnik təmizləmə siyasəti həyata keçirilib: “1992-ci ildə Xocalı soyqırımı, sonrakı illərdə Daş Başı, Daşaltı, Başlıbel, Malıbəyli kəndlərində ermənilər azərbaycanlılara qarşı xüsusi amansızlıq nümayiş etdiriblər. Xalqımıza qarşı məqsədli, düşünülmüş şəkildə soyqırım və etnik təmizləmə siyasəti yürüdülüb. Bu günə qədər 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı heç bir məlumat yoxdur.Ermənilər bu faktın üstünü örtməyə çalışsalar da həqiqət göz qabağındadır. Bu barədə cənab Prezident İlham Əliyev ən yüksək beynəlxalq kürsülərdən məsələyə münasibət bildirib. Həmin 4 minə yaxın şəxs vəhşicəsinə, xüsusi amansızlıqla qətlə yetirilib. Ermənistan tərəfi isə bu məsələni ört-basdır etməyə çalışır, onların kütləvi məzarlığını da gizlədir və heç bir məlumat vermir. Əlbəttə, bu qəbul olunmazdır. Ermənistan tərəfi nə qədər tarixin üstünü örtməyə çalışsa da, aşkar olunan kütləvi məzarlıqlar onların əsl simasını bütün dünyaya nümayiş edir. Xocavənd rayonunun Edilli kəndində aşkar olunan 12 hərbiçinin əlləri və ayaqlarının məftil və kəndirlə bağlanmış olması faktı ermənilərin vandal, faşist xislətinin növbəti sübutudur. Eyni zamanda bu Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğunun əyani göstəricisidir. Bu ilk öncə «Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında» 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin və 8 iyun 1977-ci ildə qəbul edilən iki Əlavə Protokolunun tələblərinin kobud surətdə pozulmasıdır. Halbuki, Ermənistan müharibə qurbanlarının müdafiəsini təmin edən həmin beynəlxalq konvensiyaların və protokolların iştirakçısıdır. Bununla da bir daha gördük ki, Ermənistan tərəfi 30 ilə yaxındır beynəlxalq humanitar hüququn hamılıqla tanınan norma və prinsiplərini pozaraq, öz beynəlxalq-hüquqi öhdəliklərinə etinasız və məsuliyyətsiz yanaşmışdır”.

Tamam Cəfərova qeyd edib ki, çox təəssüf ki, dünya birliyi, aparıcı beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı heç bir reaksiya vermir: “YUNESCO və digər beynəlxalq təşkilatlar bu gün ermənilərin azərbaycanlılara qarşı soyqırımı və digər insanlıq əleyhinə olan cinayətlərinə reaksiya vermir. Bu, Azərbaycana qarşı olan ikili yanaşmaların növbəti nümunəsidir. Beynəlxalq təşkilatlar Ermənistanın törətdiyi cinayətləri yerində qiymətləndirmək və əsl reallığı dünya ictimaiyyətinə təqdim etmək üçün təşəbbüs göstərməli olduğu halda, ikili standartlardan çıxış etməyə davam edir. Əlbəttə, biz Ermənistanın məsuliyyətə cəlb olunmasına nail olacağıq. Amma qeyd etdiyimiz kimi, bir çox hallarda beynəlxalq instansiyaların qeyri-obyektiv mövqe sərgiləməsi ona dəlalət edir ki, təcavüzkara dəstək olunur və onu yeni cinayətlərə həvəsləndirmək cəhdləri müşahidə olunur. Bu baxımdan hesab edirəm ki, beynəlxalq instansiyalar taleyi bugünə qədər məlum olmayan 4 min soydaşımızla bağlı Ermənistana suallar ünvanlamalıdırlar. Ən azından bilirik ki, Ermənistan tərəfi onları işgəncələrə məruz qoyublar, qətlə yetiriblər. Heç olmasa onların aqibəti ilə bağlı məlumatları təqdim etməlidirlər. Burada da beynəlxalq instansiyaların təsirli rolu ola bilər. Təəssüf ki, burada da beynəlxalq instansiyaların ikili standartlar nümayiş etdirdiyinin şahidi oluruq”.

Millət vəkili hesab edir ki, dünyanın gözü reallığı görməkdə çətinlik çəksə də, fakt faktlığında qalır: “Ermənistan vandal, cinayətkar, faşist bir dövlətdir və bunun bütün sübutları işğaldan azad olunan ərazilərimizdədir. Şübhəsiz ki, erməni seperatçıları, vandalları törətdikləri bütün cinayətlərə görə cavab verməli olacaqlar. Bunun üçün də bütün bu məsələləri daxili auditoriya ilə yanaşı, beynəlxalq ictimaiyyətə də sistemli şəkildə çatdıraraq, ictimailəşdirmək olduqca vacibdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər