15 Oktyabr 2022 12:36
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 19-cu ili tamam olur. 2003-cü ilin 15 oktyabr tarixində xalq İlham Əliyevə səs verməklə öz gələcək taleyini birmənalı şəkildə müəyyənləşdirmiş oldu. Bu, müasir Azərbaycan tarixində mühüm hadisə olmaqla yanaşı xalqımızın ulu öndəri Heydər Əliyevin siyasi kursuna olan inam və sədaqətinin əyani təzahürü hesab edilir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin 19 il bundan öncə Prezident kimi fəaliyyətə başlması müasir tariximizdə ən mühüm hadisələrdən biridir:

“2003-cü il oktyabrın 1-də ulu öndər Heydər Əliyev xalqa müraciətində “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deməklə Prezident İlham Əliyevin siyasi lider kimi onun uğurlu strategiyasını böyük əzmlə başa çatdıracağına əminliyini ifadə edirdi. Proseslərin sonrakı inkişafı ulu öndər Heydər Əliyevin hər zaman olduğu kimi bu dəfə də öz zənnində yanılmadığını göstərdi.

Prezident İlham Əliyev nəinki Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatının güclənməsi, ordusunun inkişafı istqiamətində mühüm addımlar atdı. O, 44 günlük Vətən müharibəsində düşmən üzərində parlaq qələbə qazanmaqla işğaldakı torpaqlarımızı azad etdi. Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail oldu. Bu tarixi zəfər bir daha ümummili lider Heydər Əliyevin nə qədər uzaqgörən, Prezident İlham Əliyevin bir sərkərdə, diplomat kimi nə qədər yüksək peşəkarlığa malik olduğunu göstərdi”.

Millət vəkili hesab edir ki, həmin seçkilərdə xalqın mütləq əksəriyyətinin İlham Əliyevə səs verməsi, vətəndaşlarımızın ulu öndər Heydər Əliyev siyasi kursuna inamını ortaya qoydu: “Bununla da Azərbaycan dayanıqlı inkişaf və tərəqqi yoluna addım atmış oldu. Prezidentliyin ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atıldı. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı.

Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər görüldü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin siyasi ustalığı, milli maraq və mənafeləri qətiyyətlə müdafiə etməsi Azərbaycanın siyasi, iqtisadi, hərbi və mədəni həyatında dərin iz qoydu, dövlətimizin çoxşaxəli inkişafını təmin etdi:

“Təbii ki, Azərbaycanda davamlı inkişafın və uğurların təməlində duran Prezident İlham Əliyevin siyasi peşəkarlığıdır. Yeni dövrün Lideri kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı inkişaf yoluna qədəm qoyub. Ölkə başçısı tərəfindən ötən dövr ərzində Azərbaycanın siyasi, iqtisadi imkanlarını genişləndirib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib.

Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr üzrə inkişafa nail olunub. İnsanların rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. Regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunub və gələcək inkişaf üçün zəmin yaranıb”.

Tamam Cəfərova ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər nəticəsində ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirməsindən bəhs edib: “Beləliklə, 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaranıb. Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən biri də demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun formalaşmasıdır. Məhz bu amillərin nəticəsində Azərbaycanda təkmil siyasi sistem bərqərar olub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafına nail olunub. Bütün bunlar isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə əsaslanır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər