1 Noyabr 2022 19:16
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən Soçi görüşü ölkəmizin siyasi, diplomatik mövqelərinin tam təmin edilməsi ilə yekunlaşdı. Üçtərəfli görüşdən sonra imzalanan Bəyanatda Qarabağ, “status”la bağlı hər hansı bir fikir yer almadı. Ermənistan və onun havadarlarının bütün təxribatlarına baxmayaraq Azərbaycan liderinin qətiyyəti ilə ölkəmizin milli maraqları qorundu.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O hesab edir ki, Soçidə üçtərəfli danışıqlar zamanı da Nikol Paşinyan istədiyinə nail ola bilmədi:

“Praqa sənədində olduğu kimi, Soçi danışıqları üzrə yekun Bəyanatda da ölkələrin suverenliyi, ərazi bütövlüyü və sərhəd toxunulmazlığı bir daha öz əksini tapdı. Bu sənəddə Qarabağın adı belə çəkilmədi. Amma bütün bunlardan dərs çıxarmayan Ermənistan rəhbərliyi Azərbaycanla münasibətlərin normallaşdırılması, sülh sazişi, sərhədlərin delimitasiyası, regional kommunikasiyaların açılması istiqamətində fəaliyyət göstərmək əvəzinə ardıcıl təxribat yolunu tutur. Ermənistan hakimiyyətinin güc mərkəzlərindən, ayrı-ayrı ölkələrdən yardım almaq və onların dəstəyinə nail olmaq cəhdləri də heç bir nəticə vermədi”.

Millət vəkili qeyd edib ki, Paşinyanın son zamanlar etdiyi səfərləri və apardığı danışıqların ardıcıllığı onun çıxılmaz durumda olduğunu təsdiqləyir:

“13-14 sentyabr hadisələrindən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanın istəyinə uyğun davranmayacağına əmin olan Nikol əsl xəyanətkar simasını tam çılpaqlığı ilə nümayiş etdirdi. Ermənistanın baş naziri məhz bu məyusluğun ardınca Qərbə üz tutdu. Onun məqsədi Fransa vasitəsilə Azərbaycana təzyiq göstərmək idi. Amma onun bu cəhdi də baş tutmadı. Bundan sonra Paşinyan KTMT-yə üzv ölkələrin rəhbərlərinin görüşünə təşəbbüs etdi. Nəhayət, bu toplantıda da sərt qınaqla üzləşdi. Nəhayət o başa düşdü ki, bu ölkələrin hər birinin Azərbaycanla yaxın əlaqələri var. Çünki KTMT üzvləri Ermənistanın əsassız iddiaları naminə Azərbaycanla münasibətləri pozmaq niyyətində deyil".


Müəllif: Tapdıq Qurbanlı