Ötən gün baş tutan üçtərəfli Soçi görüşündən növbəti dəfə əliboş qayıdan Ermənistanın baş naziri İrana səfər edib. Bu ölkə Azərbaycanla münasibətləri normallaşdırmaq, sülh sazişi, sərhədlərin delimitasiyası, regional kommunikasiyaların açılması istiqamətində heç bir fəaliyyət göstərmək istəmir. Bunun əvəzinə təxribat yolu tutan Ermənistan hakimiyyəti güc mərkəzlərindən, ayrı-ayrı ölkələrdən yardım almaq və onların dəstəyinə nail olmağa cəhd edir. KTMT-nin Ermənistanın istəyinə uyğun davranmayacağına əmin olan N.Paşinyan Qərbə üz tutdu. Qərbin xüsusi ilə də Fransanın Azərbaycana təzyiqinə nail olmaq üçün absurd iddialarla çıxış etdi. Amma onun bu “cəhdləri” də uğursuz oldu.
Bunu Teleqraf.com-a Nikol Paşinyanın Soçi görüşlərinin ardınca İrana səfərin mahiyyətini şərh edən Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O qeyd edib ki, Praqa görüşlərinin ardınca KTMT-dən rədd cavabı alan, nəhayət ötən gün Soçidə növbəti siyasi zərbə ilə üzləşən N.Paşinyan son ümid yeri kimi İrana üz tutur: “Ermənistanın baş naziri hazırda molla rejiminin dəstəyi vasitəsilə “istəyinə” nail olmağa çalışır. İran isə həmişə Azərbaycanın maraqlarına qarşı çıxıb və ermənipərəst siyasət yürüdüb. 30 il ərzində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktına İrandan heç bir münasibət bildirilməyib. İranın əvvəlki rəhbərləri də Ermənistanın əli Azərbaycan xalqının qanına batmış rəhbərlərini, rəsmi şəxslərini xüsusi canfəşanlıqla qarşılayıb”.
Cavid Osmanov Paşinyanın İrana artıq 3 cü səfərinin baş tutduğunu ona bu ölkədən olan “isti” münasibətdən bəhs edib: “Azərbaycan ictimaiyyəti İranın riyakar simasını aydın görüb. Son hadisələr də bizi əmin etdi ki, İran İslamın, müsəlmanların yanında deyil. Bu ölkə müsəlmanlara qarşı qətliam törədənləri, məscidləri, məbədləri yerlə-yeksan Ermənistana dəstək verir”.