15 Noyabr 2022 09:14
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Natiq Miri Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- PKK terror təşkilatı Türkiyədə növbəti qanlı aktını törətdi. Sizcə, bununla bağlı PKK-ya əmr haradan gələ və məqsəd nə ola bilər?

- Əlbəttə, PKK-ya əmr verən bu terror təşkilatına maddi, hərbi və logistik dəstək verən ölkədir. Həmin ölkənin kim olduğu da bəllidir. Düşünürəm ki, təkcə PKK yox, onun Suriya qanadı PYD/YPG də bu prosesin içindədir. Burada əsas səbəb 2023-cü ildə Türkiyədə keçiriləcək parlament və prezident seçkiləri ilə bağlıdır. Türkiyə bu seçkilərdən öncə həm daxili, həm də xarici siyasətdə çox ciddi uğurlar qazanır.

Türkiyə bu seçkilərdən əvvəl bütün dünyada rezonans doğuran öz yerli avtomobilini təqdim etdi. Eyni zamanda, Türkiyənin hərbi sənayesinin uğurları da göz önündədir. Türkiyə dünyada məzlumların müdafiəsinə kömək edən ən müasir silahların istehsalçısı olan ölkədir. Türkiyənin liderliyi ilə Türk Dövlətləri Təşkilatının gələcəyə yönəlmiş çox ciddi fəaliyyət sferasına qədəm qoymasını da unutmaq olmaz.

Bu silsilə Türkiyənin xarici siyasətdəki uğurları ilə davam edir. Bu mənada, taxıl böhranı kimi qlobal bir böhranı ABŞ kimi hegemon dövlətin yox, Türkiyə və onun liderinin həll etməsi, təbii ki, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğanın seçkilərdə problemsiz növbəti illər üçün də dövlət başçısı seçiləcəyini göstərir.

ABŞ başda olmaqla dünya gücləri bundan narahatdır. Çünki Türkiyənin təkcə regional yox, qlobal böhranları bir-birinin ardınca həll etməsi getdikcə Amerikanı türk dövlətinin kölgəsində qoyur. Buna görə də belə təxribatlar törətməklə Türkiyə ictimaiyyətinin Rəcəb Tayyib Ərdoğan hakimiyyətinə olan etibarını sarsıtmaq istəyirlər.

Amma ABŞ nə türk xalqını, nə də ona rəhbərlik edən Rəcəb Tayyib Ərdoğanı yaxşı tanımır. Əgər düşünürlərsə ki, belə şeylərlə Türkiyəni öz hədəflərindən geri döndərəcəklər, yanılırlar, bu, özünü aldatmaqdan başqa heç nə deyil.

Ayrıca, demək olar ki, Türkiyə daxilində terroru tamamilə bitirmiş duruma gəlib. Türkiyə belə şeylərdən qorxaraq geri çəkilməyəcək, əksinə, terrorçular və ona dəstək verənlər qarşılarında daha sərt Türkiyə görəcəklər.

Türkiyəni əvvələr olduğu kimi, “kənardan idarə edilən ölkə”yə çevirmək istəyənlər çox yaxında bundan peşman olacaqlar. Qardaş Türkiyə təkcə terrorçuları yox, ona dəstək və sifariş verənləri də peşman edəcək.

- Hər dəfə Türk Dövlətləri Təşkilatının liderləri bir araya gəldikdə buna oxşar olaylar baş verir. Ötən dəfə Rusiya KTMT adı altında Qazaxıstana qoşun yeritdi, bu dəfə Türkiyədə belə bir hadisə baş verdi. Baş verənləri həm də bu yöndə şərh etmək olarmı?

- Təbii ki, ortada Türk Dövlətləri Təşkilatının getdikcə daha güclü və ciddi birliyə çevrilməsi qorxusu da var. Təşkilatın Özbəkistanda keçirilən son sammitində çox ciddi mesajlar verildi və bəyanatı qəbul olundu. Bu görüşdə birliyin gələcəyi ilə bağlı çox ciddi fəaliyyət proqramı və türk dövlətlərinin iradəsini gördük.

Təşkilatın 2040-cı ilədək müəyyən edilən hədəfləri və növbəti beş ildə birgə atılacaq addımlar bir çox dünya gücünü qorxutdu. Bununla bağlı Türkiyə rəhbərliyinin də konkret mesajları və hədəfləri var. Həmin mesaj budur ki, Türkiyə 1952-ci ildən bəhanələrlə uzaqlaşdırılan Avropa Birliyinə üzvlük üçün yox, Türk Dövlətləri Birliyinin güclənməsinə çalışacaq. Bu, çox ciddi mesajdır.

Türkiyə Avropa Birliyində yox, Türk Dövlətləri Birliyində lokomotiv dövlətə çevrilmək istəyini ortaya qoydu. Bu da həmişə Türkiyəni Avropa Birliyinin qapısında gözləyərkən görmək istəyən gücləri narahat edir. Çünki bu, Türkiyənin strateji hədəflərinin elanıdır.

Dünyanın yenidən şəkilləndiyi bir dövrdə 300 milyonluq əhaliyə və 1.5 trilyon dollarlıq ümumdaxili məhsula malik bir güc mərkəzindən söhbət gedir. Türk Dövlətləri Birliyinin gələcəkdə dünyanın hesablaşdığı iki güc mərkəzindən biri olmaq ehtimalı çox yüksəkdir. Bu, təkcə Qərb və Rusiyanı yox, ABŞ-dan sonra ikinci fövqəlgüc olan Çini də narahat edir. Çünki anlayırlar ki, Türk Dövlətləri Təşkilatı təkcə, siyasi-iqtisadi birlik deyil, bu, həm də gələcəkdə ortaya çıxacaq güclü hərbi ittifaqdır. Bu da gələcəkdə Türk Dövlətləri Təşkilatının dünyaya yön verəcək güc mərkəzinə çevriləcəyi anlamına gəlir.

Ortada həm də bu güc mərkəzinin cəlbedici tərəfi məsələsi var. Bu gün BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün ədalətsiz formada idarə etməyə çalışdığı bir dünya görürük. Türkiyə lideri həmişə “dünya beşdən böyükdür” deməklə, bir çox həqiqətləri çılpaqlığıyla ortaya qoyur və bundan sonra dünyanın bu beş dövlətin barmaqlarıyla idarə edilməsinin mümkün olmayacağını bildirir. Türkiyə lideri bununla həm də dünyanın bu beş dövlət tərəfindən yox, ona alternativ olaraq ortaya çıxan güc mərkəzi ilə idarə ediləcəyinə işarə edir.

Ədalət, əxlaq, mənəviyyat və xalqların bərabərliyini əsas prinsiplər olaraq önə çəkən bir güc mərkəzindən söhbət gedir. Bunlar da gələcəkdə dünyaya yön verəcək bu güc mərkəzinin cəlbediciliyini artırır.

Köhnə güclərlə yeni yaranan bu güc mərkəzi arasındakı fərq bundan ibarətdir. Bu güc mərkəzi ona görə cəlbedicidir ki, burada ədalət var, burada istismar, nüvə və onun orbitində fırlanan ölkələr yoxdur. Bu güc mərkəzində yalnız bərabərhüquqlu münasibətlər sistemi, dostluq və qardaşlıq var.

Belə birlik nə NATO-da, nə Avropa Birliyində, nə Çinin gələcəkdə formalaşdırmaq istədiyi mərkəzlərdə, nə də Rusiyanın təsir dairəsində olan ittifaqlarda mövcuddur. Buna görə də Türk Dövlətləri Birliyi dünyanın böyük güclərini qorxudur. Düşünürəm ki, bu birlik gələcəkdə dünyaya yön verəcək cazibə mərkəzlərindən biri olacaq.

Təbii ki, Azərbaycanın bu gücün mərkəzində yer alması bizim üçün çox böyük önəmə malikdir.

- Sizcə, PKK-nın Türkiyə daxilində artan fəallığı türk ordusunun Şimali Suriyada planlaşdırılan antiterror əməliyyatını tezləşdirə bilərmi?

- Mən də düşünürəm ki, Türkiyənin verə biləcəyi ən sərt cavablardan biri Suriyanın şimalında yeni əməliyyat ola bilər. Bu, Türkiyənin geosiyasi vəziyyətini və təhlükəsizliyini daha da gücləndirəcək. Növbəti əməliyyatlarla şimal sərhədləri boyunca 30 kilometr Suriyanın içinə doğru terrorçuların tamamilə sıxışdırılıb bu ərazilərdən çıxarılması Türkiyənin təhlükəsizliyinə təminat verəcək. Ayrıca, burada təhlükəsizlik zolağı yaratmaqla Türkiyədəki milyonlarla suriyalını tədricən öz vətənlərinə qaytarmaq imkanı yaranacaq ki, bu da qardaş ölkənin yükünü yüngülləşdirəcək.

Digər yandan, bu, həm də Türkiyəyə regional və qlobal geosiyasi düzəndə söz sahibi olmasına imkan yaradacaq. Ona görə də belə bir əməliyyatın keçirilməsini gözləyirəm. Düşünürəm ki, qardaş ölkənin terrorçulara və onun himayədarlarına ən ciddi cavablarından biri bu ola bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər