26 Noyabr 2022 12:24
347
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda səsləndirdiyi fikirlər mühüm əhəmiyət kəsb edir. Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün atılan addımlar olduqca vacibdir. II Qarabağ müharibəsindən sonra Azərbaycanın təklif etdiyi platforma nəinki regional, həmçinin qlobal xarakterə malikdir. Şərqlə Qərb, Şimalla, Cənub arasında mühüm nəqliyyat, kommunikasiya yollarının qovşağında yerləşən Azərbaycan özünün strateji-coğrafi imkanları ilə dayanıqlı iqtisadi əlaqələrin və inkişafın parametrlərini ortaya qoyur.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O hesab edir ki, Azərbaycanın nəqliyyat marşrutları Xəzər regionunun bütün ölkələrinin inteqrasiya olunmasına imkan verəcək: “Bu gün ölkəmiz Türkmənistandan daxil olan yüklərə vacib tranzit imkanı yaradır. Hətta Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Türkmənistandan olan yüklər üçün xüsusi yer ayrılıb. Bununla yanaşı cari ilin iyul ayında Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalanıb. Eyni zamanda bərpaolunan enerji mənbələri ilə bağlı reallaşdırılan layihələr ölkəmizin mövcud istiqamətdəki potensialını artırmağa imkan verir”.

Deputat bildirib ki, Azərbaycanda bütün nəqliyyat layihələri istər Şərq-Qərb, istər Şimal-Cənub dəhlizləri, dəmir yolu və ya magistral yol, hava limanları, donanma, yaxud dəniz limanı mövcuddur: “Bu mənada İran və Ermənistanın regionun nəqliyyat-infrastruktur layihələrinə əngəl törədə bilməsi mümkün deyil. Bunun üçün Ermənistanın regionda coğrafi və başqa imkanları yoxdur. Ona görə də, Azərbaycan faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələri Ermənistanla deyil, Rusiya ilə aparır. Çünki Ermənistanın dəmir yolları Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur. Ermənistan bu mənada asılı ölkədir”.

Sevinc Hüseynova Azərbaycanın İsraildə səfirlik və Fələstində təmsilçilik ofisi açmaq qərarına da münasibət bildirib: “Atılan bütün addımlar ölkəmizin milli maraqlarına xidmət edir. Eyni zamanda bu qərar əlaqələrin bundan sonrakı inkişaf trayektoriyasına hesablanıb. Çünki ölkələrimiz arasında uzunmüddətli, mehriban əməkdaşlıq mövcuddur. Paralel olaraq Azərbaycanın Ərəb Liqası Sammitində iştirakı dostluq və hörmət nümunəsi kimi qiymətləndirilir. Azərbaycan əraziləri Ermənistan tərəfindən işğalda saxlanıldığı və sonrakı dövr Ərəb Liqasının üzvü olan dövlətlərdən ölkəmizə mühüm dəstək verilib. Eyni zamanda Ermənistanın işğalçı siyasətini pisləyən bir sıra qətnamələr qəbul edilib. Azərbaycan, həmçinin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə əməkdaşlığa böyük önəm verir. Sözsüz ki, qardaş Türkiyə ilə münasibətlər özünün xarakter və məzmununa görə dünya üçün örnəkdir. Azərbaycan və Türkiyə dost, qardaş ölkələrdir. “Bir millət, iki dövlət” anlayışına uyğun olaraq ölkələrimiz hazırda bütün məsələlərdə ən sıx əlaqələrə malikdir. Ötən il Şuşada Azərbaycanla Türkiyə arasında Müttəfiqlik Bəyannaməsinin imzalanması iki qardaş ölkə arasında münasibətlərin ən yüksək pilləsi hesab edilir. Təbii ki, bundan sonra da əməkdaşlığımız bütün sahələrdə yalnız güclənən, inkişaf edən xətt üzrə ardıcıllıqla davam edəcək. Azərbaycanla Türkiyə arasındakı iş birliyi bölgədə sabitliyin möhkəmləndirilməsinə xidmət edir. İki qardaş ökənin ortaya qoyduğu birlik həmçinin gücə əsaslanır. Bizə qarşı olan istənilən təxribata əl atanlar sözsüz ki, bu güclə qaşılaşacaqlarını nəzərə almalıdırlar”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər