Azərbaycan Türkiyənin bütün sahələrdə olduğu kimi hərbi sahədə də tərəfdaşıdır. İndiyədək iki ölkə arasında hərbi sahədə çoxsaylı razılaşmalar həyata keçirilib, müxtəlif sənədlər imzalanıb. Türkiyə kimi güclü bir dövlətin Azərbaycanla hərbi tərəfdaşlığı ölkəmiz adına yalnız və yalnız uğur gətirə bilər. Çünki Türkiyə Ordusunun dünyanın ən güclü orduları sırasında yer almasına nəzər yetirsək, qardaş ölkənin hərbi təcrübəsindən yararlanmağın müsbət nəticələrini də müşahidə edə bilərik.
Teleqraf.com xatırladır ki, Azərbaycan Ordusu son illər ərzində daha da güclənib. Təbii ki, buna Azərbaycan dövlətinin orduya ayırdığı xüsusi diqqətin nəticəsində nail olunub. Məhz bu diqqətin tərkib hissəsi olartaq Azərbaycan hərbçilərinin türkiyəli həmkarları ilə təlimlərə cəlb olunması, təcrübə keçməsi və peşəkarlaşması göz önündədir.
Bundan əlavə, iki ölkə arasında hərbi əməkdaşlıq nəticəsində ölkəmizin müdafiə sənayesi də inkişaf edib. Azərbaycan Ordusunun silah arsenalı müasirləşib və genişləndirilib. Buraya hədəfi dəqiq müəyyən edərək onu tam zərərsizləşdirmək gücünə malik olan yeni pilotsuz uçuş aparatları (məsələn, "Bayraktar" PUA-ları), müxtəlif növ silah-sursatlar, hərbi texnikalar daxildir.
Uzun illər işğal altında qalan Azərbaycan torpaqlarının azad edilməsində Türkiyə ilə birgə keçirilən təlimlərin, Azərbaycan hərbçilərinin bu ölkədə təlim və təcrübə keçməsinin, eləcə də Türkiyədən alınan yeni növ silahların böyük rolu olub.
Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbədə qardaş ölkə ilə hərbi əməkdaşlıq amili az olmayıb. Təbii ki, İkinci Qarabağ döyüşləri zamanı Türkiyənin Azərbaycana mənəvi və siyasi dəstəyi danılmazdır. Uzun illər işğal altında olan torpaqlarımız məhz Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun gücü və qüdrəti nəticəsində azad olunub. Dünyanın bir çox ölkəsinin siyasi təzyiqlər göstərməsinə baxmayaraq Ali Baş Komandanın qətiyyəti nəticəsində ordumuz daim irəli gedib və bütün torpaqlar qarış-qarış və kəndbəkənd erməni işğalından azad olunub.
Təbii ki, Türkiyənin siyasi və mənəvi dəstəyi Azərbaycanın qələbə qazanmaq üçün çıxdığı yolda dövlətimizə, ordumuza və xalqımıza ancaq motivasiya verib. 2020-ci ildə Azərbaycanda keçirilən hərbi təlimlərdə iştirak üçün ölkəmizə gəlmiş və Vətən müharibəsi zamanı da burada qalmış Türkiyənin F-16-larının havaya qalxmadan nümayiş etdirdiyi dəstək iki ölkə arasında hərbi sahədə əməkdaşlığın bariz nümunələrindən biridir.
Ümumiyyətlə Türkiyə Azərbaycanın ən pis və ən yaxşı günlərində daim yanında olub. Buna misal olaraq vaxtilə 2001-ci ildə İranın ölkəmizə təhdidlərinə cavab olaraq Türk şahinlərinin Bakı səmasında aviaşou nümayiş etdirməsini, ən xoş günümüzdə - 2020-ci ildə Bakıda Qələbə paradı keçirilərkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ali fəxri qonaq qismində iştirakı və s. göstərmək olar.
Bu mənada noyabrın 25-də Prezident İlham Əliyevin ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda səsləndirdiyi fikirləri xatırlamaq yerinə düşər:
"Bizim Türkiyə ilə dövri əsaslarla bir il ərzində 10-dan artıq birgə hərbi təlimlərimiz olub. Onlar həm Türkiyədə, həm də Azərbaycanda təşkil olunub. Bu, regional sabitliyin və təhlükəsizliyimizin mühüm meyarıdır. Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar".Türkiyə dünyanın güclü orduları arasında siyahıda ilk onluqdadır. NATO-ya daxil olan ölkələr arasında isə hərbi gücünə görə ABŞ-dan sonra ikinci yeri tutur.
Azərbaycan Ordusunun Türkiyə modelinə uyğun təkmilləşdirilməsi işləri uğurla davam etdirilir. Orduda islahatların aparılması və yeni hərbi birləşmələrin yaradılması bu istiqamətdə həyata keçirilən tədbirlərdən biridir.
Artıq Vətən müharibəsindən sonra regionda yeni reallıqların yaranması və Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyaya məlumdur. Azərbaycan və Türkiyə ordusu regionda söz sahibidir və bölgədə təxribata əl atan istənilən ölkə qarşısında iki qardaş ölkənin Vahid Ordusunu görəcək. Bunu hamı, o cümlədən molla rejimi də bilməlidir!