7 Dekabr 2022 17:35
1 874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olundu:

***

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Cümşüd bəy, rus sülhməramlılarının komandanı, general-mayor Andrey Volkovun Laçın dəhlizinin girəcəyində, Azərbaycan-Ermənistan sərhəddində gömrük postunun yaradılacağını bəyan edib. Bu artıq Azərbaycanın Laçın dəhlizinə tədricən nəzarəti ələ alması kimi izah oluna bilərmi?

- Bu məsələ ilə bağlı Azərbaycan Prezidenti öz mövqeyini ortaya qoyub. Burada Azərbaycan mediasının da rolu az olmadı. Ölkə mətbuatı bu məsələni daha çox gündəmdə saxlayaraq, onu arxa plana keçməyə qoymadı. Çünki medianın xalqın fikrinin formalaşmasında rolu böyükdür. Sosial şəbəkələrdə yayılan məlumatlar da olduqca vacib idi. Eyni zamanda Müdafiə Nazirliyinin ardıcıl tələbləri, Xarici İşlər nazirliyinin məsələlərə intensiv reaksiyası və ümumi yanaşmalar Azərbaycanın mövqeyinin daha kəskin olduğunu ortaya qoydu. Rusiya burada Ermənistanın maraqlarını qorumaq iqtidarında olmadığına görə, Azərbaycana qarşı münasibətini dəyişməli oldu. Ötən gün Azərbaycan və Rusiya Xarici Işlər nazirlərinin görüşündə də Azərbaycanın iradəsi ortaya qoyuldu.

- Mülki Azərbaycan məmurlarının Laçın dəhlizində haqlı tələblə bağlı sərgilədiyi mövqe nə dərəcədə təsirli idi?

- Azərbaycan məmurlarının Laçın dəhlizində rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə təbii ehtiyyatlardan istifadə ilə bağlı konkret mövqe ortaya qoyması vacib idi. Bu əslində çox uğurlu bir addımdır. Burada Azərbaycan dövlətinin nümayəndələrinin atdığı bu addım yüksək hörmətə layiqdir.

- Proseslərin sonrakı inkişafı üçün bu addımların effekti necə olacaq?

- Bu siyasi bir addım idi. Bunun ardınca hüquqi addımların atılması da mümkün olacaq. Ərazidə monitorinq apardıqdan sonra ortaya çox faktlar çıxacaq. Azərbaycanın milli sərvətlərini ermənilər və digərlərinin talaması yolverilməzdir. Buna son qoyulmalıdır. Azərbaycan Konstitusiyasının 39-cu maddəsində də göstərilir ki, ölkənin bütün yeraltı sərvətləri xalqa məxsusdur. Azərbaycanın müvafiq dövlət qurumları ilk dəfə olaraq mülki missiyada bu addımı atdı. Azərbaycan Ordusundan sonra mülki şəxslərin bu əraziyə daxil olması mühüm əhəmiyyət kəsb edir. Bu əslində çox uğurlu bir addım idi. Sözsüz ki, bunun ardı da olacaq.

- Azərbaycan ərazisinə girişdə gömrük postunun yaradılması erməni tərəfini təşvişə salıb. Ermənistan parlamentinin spikeri spikeri Alan Simonyan isə tezliklə Laçın dəhlizinin ümumiyyətlə, qapadılacağını iddia edir. Bu nə dərəcədə doğru yanaşmadır?

- Ermənilər bir çox məsələləri qəbul etmir. Əslində Azərbaycan Prezidenti bəyan etmişdi ki, Zəngəzur dəhlizi açılmadığı təqdirdə Laçın dəhlizində inzibatı tədbirlər görüləcək. Artıq burada Azərbaycanın Gömrük Xidməti fəaliyyətə başlayacaqsa, mütləq ki, burada Dövlət Sərhəd xidməti də olacaq. Bu birmənalıdır. Azərbaycanın iki inzibati orqanı artıq Laçın dəhlizində olacaq. Çünki Laçın dəhlizindən keçənlər tək gömrük yoxlamasından keçməyəcək. Burada həmçinin pasport yoxlaması da gündəmə gələcək. Əslində ermənilərin bundana olan narahatlığı öz ambissiyaları ilə bağlıdır. Çünki bura İrandan, Suriyadan və PKK-a və ya ASALA-nın gətirə bilməyəcəklər. Həmçinin Azərbaycanın təbii sərvətlərinin talanmasına son qoyulacaq.

- Qarabağda “Ruben Vardanyan layihəsini” ortaya atıb “status”dan danışanlar üçün Azərbaycanın bu gedişləri hansı reallığı yaratdı?

- Ruben Vardanyan “layihəsi” artıq bununla da suya düşmüş oldu. Əslində Ermənistanın baş naziri Nikol Paşinyan bu prosesdə razı görünür. Çünki onun hakimiyyətinin devrilməsinin də bir növ qarşısı alındı. Bu mənada R.Vardanyan layihəsini sıradan çıxaran Azərbaycan N.Paşinyanın hakimiyyəti üçün yaranmış təhlükəni aradan qaldırmış oldu. N.Paşinyan gərək bunları dəyərləndirməyi bacarsın. Çünki biz olmasaydıq R.Vardanyan N.Paşinyan iqtidarını devirəcəkdi. Ermənidən erməniyə heç fərq olmasa da, bu erməni digərindən daha təhlükəli idi. Çünki bu rus, o biri isə Amerikan ermənisidir. Ona görə də, ermənilərin narazılıqları da başa düşülən deyil. Əslində onlar biraz düşünsələr özləri üçün yaxşı şeylər olacağına inanarlar.

- İranın bu məsələ ilə bağlı davranışları nədən ibarətdir?

- İran bu məsələdə heç kimdir. Çünki İran heç öz daxilindəki problemləri həll edə bilmir. Ona görə də, indiki şəraitdə İran Ermənistana heç bir kömək edə bilməyəcək. Bu gün həm Qarabağ həm də, İrəvan ermənilərinin xilası Prezident İlham Əliyevin əlindədir. Biraz düşünsələr bunun necə bir həqiqət olacağını qəbul edərlər.

- Azərbaycan-Türkiyə hərbi təlimləri və bunun vermiş olduğu mesajı necə xarakterizə etmək olar. Burada İran üçün hansı siqnallar yer alıb?

- Burada əslində tək İrana deyil, digər qüvvələr üçün açıq bir mesaj effekti var. Adındanda göründüyü kimi bu Qardaşlıq Yumruğu hərbi təlimi heç də təsadüfdən seçilməyib. II Qarabağ müharibəsində Prezident İlham Əliyevin Dəmir Yumruq termini vardısa, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qardaşlıq Yumruğunu gündəmə gətirməsi çox böyük bir mesajdır. Burada başqa qüvvələrə də açıq güc birliyi ifadə olunub. Prezident İlham Əliyev də açıqladı ki, Azərbaycan Ordusu olan yerdə Türk Ordusu, Türk Ordusu olan yerdə, Azərbaycan Ordusu olacaq. Məhz digər təhdidlərin fonunda keçirilən birgə qardaşlıq hərbi təlimləri Ermənistan və onu dəstəkləyən, anti-Turan qüvvələrinə də mesajdır. Türk, İslam dünyasına da bir mesajdır ki, biz güclüyük, birlikdə daha güclü olacayıq. Ona göre də, gəlin birləşək. Azərbaycan və Türkiyənin vermiş olduğu birlik mesajının arxasında həm də bu amillər dayanır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər