Tarix elmləri namizədi, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik.
- İran ordusunun (SEPAH) generalı Əli Fədəvi Azərbaycanla bağlı absurd iddia ilə çıxış edib. O, Azərbaycanı “İranın Qacar hökmdarlarının səriştəsizliyi ucbatından itirdiyi ərazisi” adlandırıb. Fədəvinin bu cəfəng sözlərinə hansı cavabı vermək olar, onun Azərbaycana “İran ərazisi” kimi baxmağa “haqq”ı varmı?
- Sasanilər Ərəb Xilafəti tərəfindən məğlub edildikdən sonra, demək olar ki, farsların dövləti olmayıb. Farsların yaşadıqları ərazilər Ərəb İmperiyası dağıldıqdan sonra türklərin yaratdıqları dövlətlərin tərkibində olub. Türk hökmdarları Sacoğullarından başlayaraq, farslar Sacilər, Səfəvilər və digərlərinin dövrlərində rahat yaşadılar, ədəbiyyat və incəsənətlərini inkişaf etdirdilər və onlara qarşı heç bir assimilyasiya siyasəti aparılmadı. Bundan başqa, türklər bugünkü İran ərazilərində nəhəng Səfəvi İmperiyası yaradıblar. Bundan əvvəl Baranlı sülaləsinin rəhbərlik etdiyi Qaraqoyunlular, sonra isə Bayandurların rəhbərlik etdiyi Ağqoyunluların zamanında da, farslar olduqca dinclik içində yaşayıblar. Yaşadıqları ərazilərin adları heç bir dəyişikliyə məruz qalmayıb. Üstəgəl, farslar bu dövlətlərin üzvləri kimi hər bir hüquqlardan faydalanıblar.
Tarixin gedişatında Azərbaycan-türk tayfaları Səfəvi İmperiyasını yaratdılar. Bu dövləti yaradan tayfalar üç qrupa bölünürdü. Birinci qrupu “Dirək” tayfalar adlandırdı, burada 8-9 tayfa vardı. Bura Şamlı, Rumlu, Ustaclı, Əfşar, Qacar, Səfəvilər və digərləri daxil idi. Bu tayfaların hamısı türkdü və birləşərək, mərkəzi Təbriz olan bir dövlət yaratmışdılar. Onların Azərbaycan adlı bir dövlət yaratdıqları Səfəvi dövrünə, xüsusən də Şah İsmayıl Xətainin həyat və fəaliyyətindən bəhs edən mənbələrdə kifayət qədər geniş yazılıb. Bu da geniş elmi ictimaiyyətə çatdırılıb. Şah İsmayıl Xətai dəfələrlə Azərbaycan adlı dövlət yaratdığını elan etmişdi.
Tarixin gedişatında Səfəvi sülaləsi tarix səhnəsindən çıxdı və dövləti yeni bir türk sülaləsi – Əfşarlar idarə etməyə başladı. Əfşarlar inzibati islahatlar keçirdilər. O dövrə qədər 12 bəylərbəylikdən ibarət olan Səfəvi dövlətindən sonra cəmi 4 bəylərbəylik qaldı. Güneyli-Quzeyli Azərbaycan ərazisində isə 4 bəylərbəylik vard;. Bunların yerində isə cəmi bir – Azərbaycan Bəylərbəyliyi yaradıldı, Nadir Şah öz qardaşını ora rəhbər təyin etdi. Hər kəsə məlumdur ki, dar düşüncəli İran mollalarının sui-qəsdi nəticəsində Nadir Şah vəfat etdi. Beləliklə, Əfşar İmperiyası çökdü, onun yerində müxtəlif xanlıqlar yarandı.
İyirmiyə qədər xanlıq ortaya çıxmışdı. Xanlıqlar dövründə Qacarlar İranda mərkəzi dövlət yarada bildilər. Azərbaycanın şimalında isə dövlətçilik ənənəsi əvvəlki qayda ilə davam etdi. Məsələn, Qarabağ və Şəki xanlıqlarının Qacar İmperiyasının tərkibində olması ilə bağlı hansısa bir məlumat yoxdur.
Əgər indi onlar həqiqətən də tarixi bərpa etmək istəyirlərsə, onda mərkəzi Təbriz və ya Qəzvin olan Səfəvi İmperiyasını bərpa və o dövlətdə Azərbaycan türkcəsini rəsmi dil elan etsinlər. Biz də ondan sonra fikirləşərik ki, bu imperiyanın tərkibində olaq, ya olmayaq. Əlbəttə, bunların hamısı absurd iddialardır.
1803-04-cü illərdə də Azərbaycan-Rusiya savaşları baş vermişdi. Amma rus qoşunlarının say və silahlanma baxımından güclü olması nəticəsində əvvəlcə Car-Balakən və Gəncə işğal olundu. Bundan sonra – 1805-ci ildə rus qoşunları Azərbaycan ərazilərinə hücum edəndə əvvəlcə Qarabağ, sonra da Şəki və Şirvan xanlıqları ilə müqavilələr imzalandı. Qarabağ Xanlığının imzaladığı sənəd tarixə Kürəkçay müqaviləsi kimi düşüb. Bu müqavilələrin hansında Qacarlardan söhbət gedir?
Həmin müqavilələri götürüb baxsınlar, orada Qacar dövlətinin tərkibində olmaqla bağlı məsələ var? Əlbəttə, yoxdur. O başqa məsələdir ki, bütün dövlərdə olduğu kimi Rusiya öz imzasına hörmət etmədi, bağladığı müqavilələri az sonra heçə saydı, xanlıqları ələ keçirərək, Xalq Cümhuriyyəti qurulanadək Şimali Azərbaycanda dövlətçilik ənənələrini aradan qaldırdı.
Tarixi qərəzsiz və olduğu kimi oxusalar, görəcəkləri ki, Qacar dövlətinin tərkibinə daxil olmaqdan və ya oradan ayrılmaqdan söhbət getmir. Sadəcə, həmin dövrdə Qacarlar özlərini qüdrətli Səfəvi İmperiyasının varisi kimi görürdü, amma Azərbaycan o dönəmdə iki yerə bölündü. Azərbaycan torpaqları ilə bağlı Qacar dövləti və Rusiyanın bir-biri ilə danışıqlar aparması, savaşmas;, bu xalqın icazəsi olmadan onun taleyinə müdaxiləsi haqsız, ədalətsiz və işğalçı yanaşma idi.
- Farsların Qacarlara münasibətləri bəllidir. Bəs Səfəvilər haqda hansı fikirdədirlər? Xüsusən Şah İsmayıl Xətaiyə qarşı.
- Fars tarixşünaslığı Səfəvi tarixini, xüsusən də səfəvilərin etnik mənşəyini hər vasitə ilə təhrif etməyə çalışırlar. Bu da anlaşılandır, çünki Ərəb Xilafəti dağıldıqdan sonra – XI əsrdən XX əsrin 30-cu illərinə qədər farslar türklərin yaratdıqları dövlətlərin tərkibində olublar. Türklərin hökmranlığı altında olarkən, farsların ədəbiyyatı və incəsənəti, dilləri inkişaf edib. Amma 1923-cü ildə Rza Şah Tehranda hakimiyyətə gəldikdən sonra İranda köklü əhali olan Azərbaycan türklərinin tarixinin təhrif edilməsi, guya onların Səlcuqların gəlişindən sonra zorla türkləşdirilməsi, kökəncə fars olmaqları haqda cəfəng iddialar ortaya atıldı. Təəssüf ki, milliyyətcə Azərbaycan türkü olan Seyid Əhməd Kəsrəvinin yazısından sonra bu yöndə hərəkətə keçdilər.
Vaxtilə indi əsarətdə saxladıqlarını 40 milyona yaxın əhalinin – Azərbaycan türklərinin hakimiyyəti altında yaşadıqlarını heç cür həzm edə bilmirlər. Eyni zamanda, həmin dövrdə heç bir təzyiqə məruz qalmadıqlarını etiraf edəcək ürəyə və mədəniyyətə sahib də deyillər. Bu səbəbdən də Səfəvi İmperiyasının qurucularının etnik mənşəyini təhrif etməyə çalışırlar.
- Bunu hara bağlamağa çalışırlar?
- Əlbəttə, onları farslara bağlamaq heç cür mümkün deyil. Buna görə də, əvvəlcə onların ərəb mənşəli olması ilə bağlı “konsepsiya” irəli sürdülər. Amma onların türk olmaları Səfəvi mənbələrində açıq şəkildə qeyd edilib. Buna görə də, səfəvilərin ərəb nəslinə aid olması iddiası doğru deyil. Məsələn, Şeyx Səfiəddin İshaqın özündən əvvəlki yeddi nəslinin nümayəndələrinin Ərdəbil yaxınlığındakı Kəhrəvan kəndində dəfn edilməsi ilə bağlı tarixi mənbələrdə məlumatlar var. Bu da ərəblərin bu ərazilərə gəlməsindən xeyli əvvələ təsadüf edir.
Bundan başqa, səfəvilərin kürd mənşəli olmaları ilə bağlı iddia irəli sürürlər. Bunun da heç bir elmi və tarixi əsası yoxdur. “Səfvət əs-səfa” əsəri və digər qaynaqlarda Quranın təfsiri ilə bağlı Şiraza gələrkən, orada insanların Şeyx Səfiəddinə “Eyn gənc türk” deyə xitab etmələri barədə çoxlu məlumatlar var. Gilanda Şeyx Zahid Gilani ilə görüşməyə gələrkən də, ona belə xitab edilmişdi.
Gilani oğlu Cəmaləddini onun yanına göndərəndə deyir ki, “Get, orada hücrədə bir gənc türk namaz qılır, ona söylə ki, ağa səni gözləyir”.
Onu da deyir ki, “Onun qarşısına bal və ağ çörək, digərlərinin qarşısına isə qara çörək və su qoysunlar”.
Bir sözlə, onların etnik mənşələri ilə bağlı iddialar həqiqəti əks etdirmir. Şeyx Səfiəddin İshaqın özü məşhur çıxışına “Ey camaat, sevinin ki, mən türkzadə...” sözləri ilə başlamışdı. Şeyx Səfiəddinin özü sonradan onun ata-babalarının mənşəyini təhrif edəcək insanlara elə o vaxt cavab vermişdi. Onun türkcə şeirləri yazması da məlumdur. “Qara məcmuə” adlı əsərində təmiz Azərbaycan türkcəsində yazdığı şeiri günümüzə qədər gəlib çatıb.
Səfəvi sarayında olanların türkcə danışmaları, bura gələn əcnəbi səyyah və diplomatların onların mənşəcə türk olduqlarını bildirmələri, “Kim ki, başının salamat qalmasını istəyir, hökmən şahın doğma dili türkcə danışmalıdır” deyə yazmaları da məlumdur. Məsələn, məşhur alman alim Ada Oleari Səfəvi sarayında olarkən yazır ki, Səfəvi sarayında yeməkdən sonra süfrə duası oxunur. Bu, Azərbaycanın süfrə və məişət mədəniyyətini öyrənmək baxımından çox maraqlıdır: yeməkdən əvvəl əllərini yumaları, qurulamaları, yeməkdən sonra süfrəyə çayın, meyvənin verilməsi, bundan sonra eşikağasının əmri ilə aftafa-ləyən gətirilərək əllərin yuyulması və s. Bütün bunları yazdıqdan sonra Oleari bildirir ki, yeməkdən sonra süfrə duası oxunur. Süfrə duası da belədir: “Süfrə haqqını, şahın dövlətini, qazilərin qüvvətini Allahdan diləyəlim”.
Adam Oleari bunu tərcümə etməyib, Azərbaycan türkcəsində necə eşidibsə, latın əlifbası ilə o cür də gündəliyinə qeyd edib. Bu da hər kəsə məlumdur. Hansı fars, ərəb süfrə duasını türkcə oxuyar? Heç onlar öz övladlarına türk adları qoymurlar. Biz isə öz övladlarımıza fars, ərəb adları, soyadlarımızın sonluğuna isə rus “ov”unu, “yev”ini qoymuşuq. Qıraqdan gələn də deyər ki, onlar fars-ərəb qarışıq, rusbaşlı insan toplumudur. Halbuki farslar və ərəblər bu məsələyə çoxdan önəm verirlər.
Biz o qədər genişürəkli, tolerant düşüncəli xalq, insanlarıq ki, övladlarımıza ad qoyanda belə şeylərə diqqət etməmişik, insanlar arasında fərq qoymamışıq, buna müsəlman təfəkkürü və dünyagörüşü ilə yanaşmışıq. Buna görə də, səfəvilərin etnik mənşəyinin təhrif edilməsi də siyasi düşüncədir, tarixi təhrif etməkdən başqa bir şey deyil.
- Bəs farsların Azərbaycan türklərinə qarşı bu nifrət və kininin kökü haradan irəli gəlir? Farsların bədii və siyasi ədəbiyyatlarında da türklər nifrətlə xatırlanır. Bunun bir tarixi kökü varmı?
- Məhəmməd Əmin Rəsulzadə 191-19-cu illərdə bunun səbəblərini “Açıq Söz” və “Azərbaycan” qəzetlərində geniş şəkildə işıqlandırıb. Bu, mükəmməl cavabdır. İran o dövrdə iddia edirdi ki, guya Azərbaycan adının cümhuriyyətə heç bir aidiyyəti yoxdur, bura “Arran”, Şirvan” və ya “Muğan”dır. Guya bu adı qurucu babalarımıza Osmanlı hərbçiləri siyasi məqsədlər üçün təlqin ediblər. Məqsədləri də guya gələcəkdə Quzey və Cənubi birləşdirməkdir. Bu, tamamilə səhv düşüncə idi. Rəsulazadə onlara tutarlı, elmi, kübar, dövlət rəhbərinə yaraşan tərzdə cavab verdi.
Rəsulzadə ilk dəfə göstərir ki, əslində, ad bəhanədir. Məsələ budur ki, cümhuriyyətin dövlət quruluşu İranın quruluşundan köklü şəkildə fərqlənirdi. Azərbaycanda dünyəvi, İranda isə şahlıq rejimi vardı. Cümhuriyyətdə qadınlara səs vermək hüququ verildiyi halda, İranda ümumiyyətlə bu haqda düşünülmürdü. İranda qadına necə baxıldığını 2022-ci ildə - bu gün baş verən hadisələrlə daha aydın görürük. Bundan başqa, Azərbaycan Cümhuriyyətində aqrar islahatlar aparıldığı, doğma dildə orta və ali məktəblər açıldığı halda, İranda doğma dildə bir qəzetin açılmasında belə söhbət gedə bilməzdi.
Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, “Yəqin İran rəhbərləri ehtiyat edirlər ki, əsarət altına aldıqları bu çoxmilyonlu xalq bir zaman ayılaraq, nə üçün onlara da bu haqların verilmədiyini dərk edərək, bunları tələb edəcəklər”.
İranın qorxusu məhz buradan gəlir. İranın cümhuriyyətimizə və Azərbaycana düşmənçiliyinin kökü buradan gəlir.
İrana verdiyi cavabında Məhəmməd Əmin bəyin dini, lokal və bölgə maraqlarından deyil, ümummüsəlman və ümumtürk düşüncəsində olduğunu, belə bir yüksəklikdə dayandığını görürük.
Rəsulzadə yazır ki, “Bir zamanlar İslamda birlik yaratmaq istəyən bu dahi türk oğlu türk (Nadir Şah) idi. Amma bu dahi türk oğlunu dini birlik yaratmaq istədiyinə görə Osmanlı sultanları və din xadimləri deyil, İranın dar düşüncəli, geridəqalmış din xadimləri öldürdü”.
- Yəni İslamda birliyə yenə də onlar mane olurlar.
- Rəsulzadə açıq şəkildə İslamda birliyə fars mollalarının mane olduğunu bildirir. Rəsulzadə həm də onu yazırdı ki, indi din dövrü deyil, indi elm, demokratiya, insan haqları dövrüdür. Eyni zamanda, qeyd edir ki, hələ Birinci Dünya Müharibəsi dövründə Şimaldakı xalq öz milli kimliyini anlamış, dərk etmiş, milli haqları uğrunda mübarizə aparmağı özünün bir parçası hesab etmişdi və o, milli haqlarını dərk etdiyinə, milli haqları uğrunda mübarizə aparmağın zəruri olduğunu başa düşdüyünə görə dövlətini qura bilib, bu baxımdan, onu öz dövlətini qurmaqda ittiham etmək yanlışdır.
İran bu gün olduğu kimi, o dövrdə də cümhuriyyətimizdən fərqli olaraq, Ermənistan və Gürcüstanın müstəqilliyini tanımışdı. Məhəmməd Əmin Rəsulzadə onlara bildirdi ki, bir müsəlman dövlətinin Azərbaycana qarşı bu münasibəti kökündən səhvdir, çünki Rusiya dövləti gələcəkdə güclənib işğalçılıq siyasətinə başlayaraq, İranın sərhədlərinə qədər deyil, onun içərilərinə də nüfuz etməyə çalışacaq, buna görə də İran rəhbərləri İranla Rusiya arasında bir müstəqil müsəlman dövlətinin yaranmasını alqışlamalı, onun möhkəmlənməsinə hər vasitə ilə kömək etməlidir. Rəsulzadə qeyd edirdi ki, Azərbaycan İrana təhdid deyil, çünki ona ərazi iddiası irəli sürmür.
Məhəmməd Əmin Rəsulzadə hələ o dövrdə İranın dini-siyasi xadimlərinin nə qədər korafəhm olduğunu bildirmişdi. Təəssüf edirik ki, onlar hələ də 1918-19-cu illər səviyyəsində ilişib qalıblar.