20 Dekabr 2022 09:14
3 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Elçin Alıoğlu Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Günlərdir Xankəndi-Şuşa yolunda etiraz aksiyası davam edir, Rusiyanın sülhəramlı kontongentinin rəhbərliyi isə Azərbaycanın tələblərini yerinə yetirmir. Sizcə, proses hara qədər gedəcək?

- Rusiya sülhməramlılarının hazırda müvəqqəti nəzarət etdikləri arealda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Azərbaycan rəhbərliyi indiyədək onların Ermənistana gedib-gəlmələrinə qətiyyən mane olmurdu. Onlar kiçik, orta, xırda bizneslə məşğul olurlar, kənd təsərrüfatı məhsullarını satırlar və s. Bu ermənilər nəyləsə dolanmalıdırlar, buna sözümüz yoxdur. Amma heç bir dövlət razı olmaz ki, onun ərazisindəki təbii sərvətlər quldurcasına istismar olunsun, oğurlansın və mənşəyi naməlum şirkətlər tərəfindən talansın. Bununla bağlı dəfələrlə sülhməramlı kontingentin rəhbərliyinə müraciət etdik. Bundan sonra ekoloji monitorinq qrupu yollandı ki, Ağdərədə birdəfəlik monitorinq keçirilsin və bunun əsasında mövqe açıqlansın. Amma sülhməramlıların komandiri Andrey Volkov və separatçı Vardanyan əllərindən gələni etdilər ki, bu təxribat baş tutsun.

Vardanyan daşnak dəstəsi ilə gələrək, monitorinq qrupuna mane oldu. Beləliklə, monitorinq qrupumuz geri qayıtmaq məcburiyyətində qaldı. Yəni Volkovla Vardanyan bizə başqa çıxış yolu qoymadılar. Orada keçirilən dinc aksiyanın məqsədi də budur ki, Azərbaycanın təbii sərvətlərinin talanmasına son qoyulsun. Bu, ekoloji tələbdir. Amma sonra siyasi tələblər irəli sürüldü: Laçın yolunda Azərbaycanın gömrük postu qoyulsun, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları və Daxili İşlər Nazirliyinin mənsubları orada yerləşdirilsin. Bu, artıq mütləq şəkildə olmalıdır. Çünki Laçın yolu artıq humanitar dəhliz yox, Azərbaycan ərazisindəki kompakt silahlı birləşmələrin silah-sursat, hərbi texnika, piyada və tank əleyhinə minalarla təminat yoluna çevrilib.

Problemi həll etmək çox asan idi, Volkov gələ və cəmi yarım saat aksiyaçıların tələblərini dinləyə və mövqeyini açıqlaya bilərdi, biz də işimizi bilərdik. Amma bunu etmədi.

İkinci məsələ Vardanyan amilidir. Çox təhlükəli və çirkin işlərlə məşğul olmuş bu adam Kremlin kreaturasıdır. İndi də Xankəndidə təxribatlar törətməklə məşğuldur. Vardanyan özbaşına fəaliyyət göstərmir və təkbaşına “təşəbbüslər”lə çıxış etmir. Burada Kremlin marağı aşkar sezilir. Kremlin marağı isə ondan ibarətdir ki, bu problemin həlli mümkün qədər uzansın. Vladimir Putin həm “Valday” forumunda, həm də Soçi görüşündə üstüörtülü şəkildə bildirdi ki, Rusiyanın məqsədi problemin həlli yox, dondurulmasıdır.

Problemin dondurulmasının nə olduğunu bilirik. Ötən otuz il ərzində Rusiya əlindən gələni etdi ki, işğal faktı davam etsin, status-kvo qalsın və Azərbaycan əraziləri işğaldan azad olunmasın. Moskvanın indi qarşısına qoyduğu əsas hədəf və məqsəd problemin həllini mümkün qədər uzatmaqdır. Vardanyan da bu məqsədə xidmət edir. Onu nə yerli ermənilərin, nə də Ermənistanın taleyi maraqlandırır. Məqsəd Volkovla əl-ələ verərək, vəziyyəti mümkün qədər gərginləşdirmək, bundan Azərbaycan və Ermənistana təzyiq vasitəsi kimi istifadə etmək və Kremlin qarşıya qoyduğu tapşırığı tam və bütünlüklə yerinə yetirməkdir.

- Bölgədəki son gəlişmələr fonunda Rusiyanın Konstantin Sivkov kimi hərbi ekspertləri Azərbaycanı hədələyirlər, Ukraynadan sonra Azərbaycanla məşğul olacaqlarını deyirlər. Rusiyadan gələn bu hədəni necə şərh etmək olar?

- Biz həm daxili, həm də xarici siyasətimizi heç bir ölkənin maraqlarına uyğun yeritməmişik və bunu etmək niyyətimiz də yoxdur. Azərbaycanın siyasəti yalnız dövlətimizin maraqlarının və vətəndaşlarımızın ümdə mənafelərinin təminatına yönəlib. Bu siyasəti reallaşdırarkən, Rusiya bizdən inciyir, ya incimir, öz işidir. Çox inciyər, Rusiyada soyuq bulaqlar çoxdur, gedib içə bilərlər. Moskvanın Azərbaycanın qərarlarına münasibəti şəxsən məni qətiyyən maraqlandırmır. Çünki biz Moskvaya uyğun siyasət yürütmək niyyətində deyilik, hər addımımızı onunla razılaşdırmaq fikrində heç deyilik. Kremlin masa altında o yan-bu yana qaçan ekspertciklərinin hədələrinə isə heç fikir vermirəm. Yəni it hürər, karvan keçər!

“Ukraynadan sonra Azərbaycanla məşğul olmaq” məsələsinə gəldikdə, orada belə nəm xəyallar və sulu arzular həmişə olub. Lap yaxşı, böyük səbrsizliklə gözləyirik, buyurub gəlsinlər və “bizimlə məşğul olmağa” cəhd göstərsinlər. Deyəsən, Rusiya unudur ki, Azərbaycanın Türkiyə ilə strateji anlaşması var. Eyni anlaşma onunla da imzalana bilərdi, amma Rusiya əlindən gələni etdi ki, şovinist və neoimperialist siyasətini mümkün qədər qabarıq göstərsin. Amma bununla yanaşı, dostluq və strateji tərəfdaşlıqla bağlı müqaviləmiz var.

Ukraynadakı müharibə göstərdi ki, Rusiyanın sözünə qətiyyən inanmaq olmaz. Hələ o zamanlar Bismark demişdi ki, rus çarının imzaladığı kağız kağız dəyərində belə deyil. Yəni inanmaq olmaz. Ukraynanı da kiçik və zəif sayırdılar, amma görürük ki, 300 günə yaxındır, Ukrayna ordusunun öhdəsindən gələ bilmirlər. Əksinə, Ukrayna əks-hücuma keçərək, rusları kütləvi şəkildə qovmaqla məşğuldur. Rusiya Müdafiə Nazirliyi də bəyanatlar verir ki, Ukrayna ordusu xaincəsinə bizim arxamızca qaçmaqla məşğuldur. Yəni vəziyyət belədir.

Rusiya ekspertlərinin marazmatik bəyanat və hədələrini ümumiyyətlə şərh etmək istəmirəm. Çünki Rusiyanın ekspert cameəsini nə Avropada, nə də dünyada tanıyırlar.

- Son gəlişmələrlə əlaqədar separatçıların başçılarından biri Ruben Vardanyanın Xankəndidə “izdihamlı mitinq” keçirmək cəhdi baş tutmadı. Bəs onun çağırışına niyə səs verən olmadı?

- Çox asan məsələdir. Ruben Vardanyanın birinci mitinqinə gələn ermənilərlə bağlı hesablama apardıq. Məlum oldu ki, ora gələnlərin 72.4 faizi Ermənistan vətəndaşlarıdır. Avtobuslarla gətirib meydana çıxarmışdılar və “böyük izdiham” görüntüsü yaratmışdılar. Bəllidir ki, buna görə onlara pul vermişdilər. Amma indi soydaşlarımız Laçın yolunda aksiya keçirdiklərinə görə avtobuslar gəlmədi və mitinq baş tutmadı. Vardanyan da Ağdərə, Xocalı və Əsgəranda kəndlərdə sülənərək, erməniləri dilə tutmağa çalışdı, amma bu da alınmadı.

Vardanyanın özü sübut etdi ki, bundan əvvəlki mitinqini Ermənistan vətəndaşlarının hesabına keçirib. Əvvəla, həmin ərazilərdə özlərinin dediyi kimi, 120 min erməni yaşamır, cəmi 24 750 nəfər yaşayır. Onların da arasında qocalar, südəmər körpələr, xəstələr və s. var. Yəni Xankəndidə mitinq keçirsən, ən yaxşı halda 8 min adam çıxa bilər. Bu adamlar da çıxmadılar və çıxmaq niyyətində də deyillər. Məsələ bu qədər bəsitdir.

- Bəs Böyük Britaniya kəşfiyyatının şefi Riçard Murun Ermənistana səfəri nə ilə əlaqəli ola bilər?

- Avropa Birliyi, Avropa Parlamenti və Avropanın digər təşkilatları özbaşına şəkildə Ermənistanın Azərbaycanla mübahisəli sərhəd ərazilərinə müşahidə missiyası göndərdi. Britaniya da narahatdır ki, Avropadakı bu strukturlar bölgədəki gərginliyi süni şəkildə artırmaqla məşğuldur. Eyni zamanda, Ermənistanın aqressiv və isteriya həddində olan bəyanatları da gərginliyin daha da körüklənməsinə səbəb olur. Cənab Mur İrəvana ona görə səfər edib ki, bu cür davranışların yolverilməz olduğunu Ermənistan rəhbərliyinə başa salsın. Belə davranışlar əvvəlcə bölgədə situasiyanın ağırlaşmasına, sonra isə Ermənistanın taleyüklü məsələlərin həllinin önündə könüllü şəkildə süni maneələr yaratmasına səbəb olur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər