20 Yanvar 2023 09:32
7 716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Separatçı Ruben Vardanyan Qarabağla bağlı həddini aşan iddialarla çıxış edir, dayanmadan “müstəqil Artsax”dan danışır. Vaxtilə “Qarabağ Ermənistandır” deyən Baş nazir Nikol Paşinyanın təxribatına verilən cavab sərt olmuşdu. Bəs Vardanyanın bu avantürası necə bitəcək?

- Bu, təbliğat layihəsidir, Vardanyan da buradan çıxış edir. Niyə “təbliğat layihəsi” deyirəm, çünki onun ermənilərin sayı, imkanları və sairlə bağlı elan etdiyi məsələlərin hamısı reallıqdan uzaqdır. Bura balaca bir yerdir və buradakı kriminal dairələr bir-birləri ilə qarşıdurmaya girirlər. İndi bu kriminal fəaliyyətlərinə hansısa donu geyindirmək üçün siyasi bəyanatlardan istifadə edirlər.

Vardanyanın bu siyasi bəyanatları onunla bağlıdır ki, orada kriminal fəaliyyətini həyata keçirməyə imkan tapmır. Gərək onun siyasi açıqlama və ya bəyanatlarına ciddi önəm verməyək.

Azərbaycan öz siyasətini davam etdirir. Laçın yolunda baş verənlərə gəldikdə, bizim məqsədimiz budur ki, Qarabağda yaşayan ermənilər addım-addım Azərbaycanın nəzarətində olacaqları siyasi reallığına öyrəşsinlər.

İndi biz görürük ki, birinci mərhələdə ictimai nəzarət təmin olunur. İkinci mərhələdə hər bir ölkədə olduğu kimi, Azərbaycanda da dövlət qurumlarının nəzarəti bərpa olunacaq. Müvəqqəti olaraq Laçın yoluna nəzarət Rusiya sülhməramlılarında qalacaq. Sonra öz səlahiyyətlərini tam şəkildə Azərbaycanın dövlət qurumlarına verəcəklər.

Hər bir ölkədə olduğu kimi, orada da sərhədçilər dayanmalıdır. Kimlərin ərazimizə girib-çıxmaları qərarını sərhədçilərimiz verməlidir, iqtisadi prosesə gömrükçülərimiz nəzarət, sülhməramlılar isə təhlükəsizliyi təmin etməlidir.

Təbii ki, bu durum Vardanyan kimi kriminal dairələrin nümayəndələrinə mane olur. Bir müddətdən sonra onların fəaliyyəti mümkün olmayacaq. Amma bu reallığa baxmayaraq, məntiqdən uzaq bəyanatlar verməyə davam edirlər.

- Rusiya xarici işlər naziri Sergey Lavrov yaxın günlərdə “Laçın yolunun tam açılacağını” düşündüyünü dedi. Bəs onun bu açıqlamasını necə şərh etmək olar?

- Birincisi, bunu qeyd etmək lazımdır ki, Laçın yolu bağlanmayıb. Çünki bağlamaq blokada deməkdir. Sadəcə olaraq, Azərbaycan ictimaiyyəti orada ictimai nəzarəti tətbiq edir. Nəzarətin müxtəlif növləri var. Məsələn, ictimai nəzarət, dövlət qurumlarının nəzarəti və sair.

Blokada isə ayrı məsələdir, bu, hansısa yolun bağlanmasıdır. Azərbaycan və onun ictimaiyyəti isə yolu bağlamayıb. Ona görə də Lavrovun açıqlamasını başa düşmürəm ki, nəyi nəzərdə tutur.

- Ermənistan mətbuatı günlərdir israr edir ki, Azərbaycan nümayəndəsi Laçın yolunda gediş-gəlişə nəzarət edəcək. Ardınca, Lavrovun belə bir açıqlama verməsi ermənilərin narahatlığını bir qədər artırdı.

- Dediyim kimi, birinci mərhələdə ictimai nəzarət, ikinci mərhələdə dövlət qurumlarının nəzarəti – bunlar artıq bəllidir. Bunun dairəsində artıq fikirlər səsləndirilir. Sülhməramlıların komandiri Volkov da bildirmişdi ki, Laçın yolunda mini gömrük postu qurulacaq, avadanlıqlar quraşdırılacaq və sair. Bu haqda çoxdan danışılır.

Siyasi məntiq də onu göstərir ki, Azərbaycanın dövlət qurumları sərhəd qanunlarına uyğun olaraq, orada öz fəaliyyətlərini təmin edəcəklər. Dediyim kimi, müvəqqəti olaraq, təhlükəsizliyi təmin edən sülhməramlılar olacaq. Bunun ayrı variantını görmürəm.

- Paşinyan isə Azərbaycanla Qərb variantı, yaxud Praqa bəyanatı üzrə sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirir. Amma bundan əvvəl Rusiyanın təklifi üzrə bunu edə biləcəyini demişdi. Nə baş verdi ki, Paşinyan belə sürətlə fikrini dəyişdi? Yaxud müqavilənin Qərb varinatı üzrə imzalanması ehtimalı nə qədərdir?

- Praqa və Soçi bəyanatlarına baxsaq, görəcəyik ki, tərəflər hansısa sərhəd xətti yox, ümumi prinsiplər əsasında bunları dəstəkləyiblər. Orada Almatı bəyannaməsinə, BMT nizamnaməsinə istinadlar var. Yəni Azərbaycan və Ermənistan çoxtərəfli öhdəliklər çərçivəsində bu prinsiplərə sadiq olacaqlarına dair bu bəyanatları dəstəkləyib.

Amma həmin bəyanatlarda ərazi bütövlüyü ilə bağlı öhdəliklər yoxdur. Hər halda bununla bağlı hüquqi sənədin imzalanmasını gözləyirik. Ümid edirik ki, bu, sülh sazişi çərçivəsində baş verəcək. Bəlkə də buna istinad edir.

Bir neçə ay əvvəl belə bir fikir vardı ki, sülh sazişinə hansısa çərçivə sazişi formasında imza atıla bilər. Yəni iki ölkənin qarşılıqlı olaraq hansısa prinsipləri sənəd şəkildə dəstəkləməsi mümkündür. Amma burada bir problem yaranır. Prinsiplərin qəbul olunması o demək deyil ki, sərhəd xətti avtomatik müəyyən olunur. Sərhəd xəttini müəyyən etmək üçün demarkasiya və delimitasiya prosesi aparılmalıdır.

Yaxşı, indi hər iki tərəf razılaşır ki, delimitasiya və demarkasiya başlasın. Bəs hansı ilin xəritələri əsasında? Çünki sərhəd xətti illərinə görə fərqli olub. Bu problem də hələ qalır. Bu məsələlərin qısa müddətdə həll olunacağına inanmıram.


Müəllif: Mənsur Rəğbətoğlu