Süni zəlzələ üçün qeyri-aktiv zona seçmək lazımdır. Yəni, Türkiyənin aktiv zonasında süni zəlzələ törətmək üçün 7,4 bal gücündə yox, ən azı 9,5 bal gücündə bir şkala seçilməli idi. Ona görə də, bu versiyanı qəbul etmək olmaz. Amma hazırda başda ABŞ olmaqla anqlo-sakslar yüz ildən sonra yenidən bir “layihə” həyata keçirmək istəyir.
Bunu Teleqraf.com-a qardaş Türkiyədə süni zəlzələ ehtimallarını dəyərləndirən politoloq Cümşüd Nuriyev deyib.
O qeyd edib ki, bu gün dünya resurslarının 60 faizi anqlo-saksların əlindədir: “Halbuki onlar dünya əhalisinin 3-5 faizini təşkil edir. Bu halda onların 85 milyonluq Türkiyə dövləti tərəfindən guya hansısa bir təhdidin olması ilə bağlı iddiaları tamamilə əsassızdır. Burada əsasən Türkiyənin müdafiə sənayesinin həddən artıq sürətlə inkişafı daha çox diqqətdə saxlanılır. Çünki onlar dünyada müharibələr törətməklə, silah alveri ilə bu cür işləri görür. Türkiyə onların bu “layihəsini” bir növ içəridən dağıtmış oldu. Ona görə də, onlar gecə-gündüz çalışırlar ki, Türkiyəni içəridən dağıtsınlar”.
Cümşüd Nuriyev hesab edir ki, bu gün Türkiyəyə qarşı həyata keçirilən hiylələrin hamısını ABŞ-ın Kəşfiyyat, Federal Təhlükəsizlik İdarəsi, “MI-5”, “MI-6” həyata keçirir: “Bu birmənalıdır. Amma fakt odur ki, indiki halda Türkiyəyə gücləri çatmır. Ona gör də, bu cür “əməllərə” əl atacaqları da gözlənilən idi. Təbii ki, Türkiyənin indi zəlzələ olan bölgəsi tektonik baxımından aktiv zonadır. Azərbaycan da bu qırılma zonasına yaxındır. Çünki Kiçik Qafqaz dağlarına nisbətən Böyük Qafqaz dağları tektonik cəhətdən bir o qədər aktivdir. Bu baxımdan Azərbaycanda da təbii zəlzələlərin olması normaldır”.