23 Fevral 2023 17:42
1 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı nümayəndələrinin Ermənistana gəlişi və hərbi təxribatın baş verməsi heç də təsadüfən baş verməyib. Bunun səbəbləri var. Görünən odur ki, bu təxribatlar bir mərkəzdən idarə olunur. 5 istiqamətdə belə bir təxribatın baş verməsi bu ehtimalları daha da gücləndirir. Aİ missiyasının gəlişi ilə belə bir təxribatın baş verməsi göstərir ki, eyni zamanda "bölgədə gərginlik hələ də davam edir" - görüntüsü yaratmaq niyyətləri var.

Bunu Teleqraf.com-a hərbi ekspert Şair Ramaldanov deyib.

O qeyd edib ki, Ermənistanın sülhdən qaçmaq üçün atacağı addımlar sırasında məhz hərbi təxribatların törədilməsi mühüm yer tutur: “Sülh prosesini pozmaq üçün bu, ən təsirli vasitə hesab edilir. Amma bunun qarşısını almaq üçün sülh mexanizmi işə düşməlidir. Azərbaycan ərazisində yerləşmiş olan sülhməramlıların ilk gündən işlərini düzgün qurmaması sonradan müəyyən problemlərə yol açıb”.

Hərbi ekspert hesab edir ki, bu gün Qarabağda qalmaqda olan qanunsuz silahlı birləşmələrin da istənilən an hərbi təxribatlara hazır olduğu şübhəsizdir:

“Ona görə də, burada olan silahlılar ərazidən çıxmalıdır. Amma görünən odur ki, Azərbaycan üçtərəfli razılaşmanın prinsiplərinin icrasına güc vasitəsi ilə nail olacaq. Burada digər variantlar sadəcə vaxt uzatmaq üçündür”.

Şair Ramaldanova görə, hazırkı vəziyyətdə Azərbaycan konkret olaraq Laçın yolunu nəzarət altına almalıdır:

“Burada nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bağlı məsələ həll edilməlidir. Dövlət başçısının da mövqeyi bunu zəruri edir. Ona görə də bu, mütləq həll edilməlidir. Eyni zamanda üçtərəfli bəyanatın bəndlərinin icrası ilə bağlı məsələ qaldırılmalıdır. Burada da güc variantından başqa bir seçim qalmır. Əgər Ermənistan hələ də Azərbaycan ərazilərinə hansısa bir təhlükə yaradırsa, buna qarşı hərbi əməliyyatlar keçirilməli və təhlükəsizlik bölgəsi (bufer zona) yaradılmalıdır. Qarşı tərəf sülhdən imtina etdiyi halda da sülhəməcburetmə əməliyyatları icra olunmalıdır. Bütün bunlar isə hərbi gücün tətbiqini zəruri edən hallardır. Bu reallığı da Ermənistanın davranışları yaradıb”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər