Qərbi Azərbaycan İcması Ermənistanın Baş naziri Nikol Paşinyana məktub göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə İcma məlumat yayıb.
“Məlum olduğu kimi, Qərbi Azərbaycan İcması beynəlxalq hüquqa əsaslanmaqla təhlükəsiz və ləyaqətli şəkildə qayıdışa dair konsepsiya hazırlamışdır. İcma qayıdış prosesinə sülh yolu ilə nail olmaq əzmindədir və onun yerinə yetirilməsi üçün dialoq yolunu seçmişdir. Bu müstəvidə, İcma öz mövqeyini siyasi-diplomatik kanallarla beynəlxalq təşkilatlara və aidiyyəti dövlətlərə izah edir.
Şübhəsiz ki, qayıdış prosesi üzrə siyasi müstəvidə aparılmalı prosesin mühüm bir hissəsini Ermənistan hökuməti ilə dialoq təşkil etməlidir. Ermənistan tərəfinin bizə qarşı törədiyi böyük müsibətləri tarixi yaddaşımızda saxlamaqla bərabər qəbul edirik ki, sülh və inkişafın təmin edilməsinin yolu dialoq və barışıqdan keçir.
Bu məramla İcmamız Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyana məktub göndərərək, onu qayıdış məsələsi üzrə dialoqa başlamağa çağırmışdır. İcma məktubunda Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla, Ermənistan hökumətini Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına şərait yaratmağa çağırır. Məktubda həmçinin azərbaycanlıların öz yurdlarına qayıtmalarından sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməli olduğu vurğulanır.
Məktubda azərbaycanlıların öz evlərinə sülh yolu ilə geri qayıtmaq tələblərinin Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirə biləcək şəkildə qələmə verilməsinin yolverilməz olduğu bildirilir.
İcma məktubunda qarşılıqlı maraq kəsb edən məsələlərə dair Ermənistan hökuməti ilə dialoqa hər zaman hazır olduğunu qeyd etməklə bərabər, vurğulayır ki, azərbaycanlıların qayıdış prosesi və qayıdışdan sonrakı mərhələdə fərdi və kollektiv hüquqlarının təmin edilməsi müvafiq beynəlxalq mexanizm çərçivəsində baş verməlidir.
Ədalət və barışıq naminə biz insan haqları və re-inteqrasiyaya əsaslanan sülhpərvər yanaşma seçdik və dialoq çağırışı ilə birbaşa Ermənistan hökumətinə müraciət etdik. İndi Ermənistan hökuməti buna qarşılıq verərək, bizimlə xoş niyyətlə dialoqa başlamalı və azərbaycanlıları öz evlərindən didərgin salaraq onları onilliklər ərzində düçar etdiyi ədalətsizliyə son qoymalıdır.
İcma qovulmuş azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi istiqamətində beynəlxalq hüquq əsasında sülhpərvər səylərini əzmlə davam etdirəcək”, - məlumatda bildirib.