Azərbaycan Sosial Rifah Partiyası fəaliyyətini dayandırmaq haqqında qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, keçmiş deputat Xanhüseyn Kazımlının qurduğu partiya öz fəaliyyətini dayandırması ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
“Azərbaycan Sosial Rifah Partiyası (ASRP) 29 illik təcrübəyə malik olan siyasi təsisatdır. 1994-cü ildə yaradılmış partiya 04.08.1995-ci il tarixində rəsmi olaraq qeydiyyatdan keçib.
29 il öncə Xanhüseyn Kazımov tərəfindən yaradılmış partiya ötən dövrün hər anında dövlətin, cəmiyyətin və öz tərəfdarlarının yanında olub. ASRP 25 il ərzində Parlament partiyası olaraq ölkənin parlamentində də öz fəal mövqeyi ilə seçilib. Partiyanın ilk sədri Xanhüseyn Kazımov 1995-2020-ci illər ərzində Milli Məclisdə seçicilərin və partiya üzvlərinin maraqlarını qoruyaraq daim peşəkar mövqedən çıxış edib və demokratik dəyərləri qorumağa çalışıb.
1998-ci ildə partiyanın sədri Xanhüseyn Kazımov partiya üzvlərinin dəstəyi ilə prezident seçkilərində iştirak etmişdir. Bu amil partiyanın siyasi təcrübəsini artıraraq, eyni zamanda bütün partiya üzvlərini daha fəal və məsuliyyətli fəaliyyətə sövq etmişdir.
Partiya fəaliyyətinin prioriteti olaraq bəyan etdiyi demokratik prinsip və dəyərlərə daim sadiq qalıb, həmçinin siyasətdə sağlam münasibətlərin tərəfdaşı kimi çıxış edib.
Azərbaycanda həyata keçirilən davamlı islahatlar kursunu dəstəkləyən ASRP ölkədə peşəkar münasibətləri dəstəkləyən siyasi təsisat olaraq bütün dövrlərdə konkret sahələrin inkişafı ilə bağlı müxtəlif təşəbbüslərlə çıxış edib. ASRP məsuliyyətli siyasi təşkilat olaraq dövlətimizin bütün tarixi mərhələlərində milli maraqları müdafiə etməyə çalışıb və öz siyasi dəstəyini əsirgəməyib. Demokratik siyasi münasibətlərin inkişafını düşmənçilik mühitində yox, məhz açıq əməkdaşlıqda görən partiyamız, hər zaman suverenliyin toxunulmazlığını tərənnüm edib.
Azərbaycan xalqı müasir dövrdə öz tarixinin ən möhtəşəm və qürurlu səhifəsini yaşayır. Vətən müharibəsində əldə olunmuş tarixi Zəfər ədalətin və milli haqqın təntənəsidir. Ölkəmizin Qələbəsi nəticəsində bütün regionda formalaşan geosiyasi reallıq dövlətimizin inkişafında yeni üfüqləri müəyyən edib. Tarixin bu mərhələsində ölkəmizin və cəmiyyətimizin inkişafı naminə bütün siyasi və intellektual potensialın səfərbər olması zəruri vəzifəyə çevrilibdir.
Bu mənada ölkə rəhbərliyinin təşəbbüsü ilə təşviq olunan siyasi dialoq mühitini dövlətin dayanıqlı inkişafını və siyasi sabitliyi təmin edən strateji resurs kimi tanıyan ASRP Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mövcud istiqamətdəki bütün təşəbbüslərini dəstəkləyib və bu proseslərdə fəal mövqe tutub.
Beynəlxalq münasibətlər sistemində ölkəmizin artan nüfuzunu, daxili siyasətdə əhalinin sosial rifahını strateji prioritet kimi bəyan edilməsi, habelə tarixi torpaqlarımızın işğaldan azad olunması kimi strateji məsələləri nəzərə alaraq, ASRP bütün üzvlərinin iradəsini əks etdirərək partiyanın buraxılmasını bəyan edir.
Xalqın sosial rifahına yönəlmiş dövlətin bütün təşəbbüslərini dəstəkləyən partiyanın hər bir üzvü bundan sonra da Azərbaycan vətəndaşı olaraq öz potensial və enerjisini cəmiyyətin inkişafına həsr edəcək və dövlətin yanında olacaq”.