Brüsseldə Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüş sülhün əldə olunması istiqamətində atılmış mühüm addım idi. Siyasi liderlərin görüşü birmənalı olaraq Azərbaycan diplomatiyasının növbəti qələbəsidir. Danışıqlar Prezident İlham Əliyevin iradəsinə uyğun, Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında aparılır.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bu dəfə Avropa Birliyi platformasında qəbul etdi: “30 ildən çox davam edən bir münaqişəni həll etmək səbr, diplomatik məharət tələb edir. Brüssel görüşündən öncə Vaşinqtonda xarici işlər nazirləri sülh mətni üzərində ciddi iş apardılar. Mübahisəli məqamlar müzakirə olundu və maraqlar uzlaşdırıldı. Fransa prezidenti Emmanuel Makronun bu görüşlərdə vasitəçi kimi qatılmaq cəhdləri bu dəfə puç oldu. Fransa danışıqlarda bir qayda olaraq Ermənistanı dəstəkləyir. Azərbaycan siyasi rəhbərliyi Fransanın bu danışıqlarda iştirakına o qədər də isti münasibət göstərmir. Hesab edirik ki, Fransa özünün qərəzli yanaşmaları ilə bu danışıqlarda iştirak imkanlarını itirib”.
Politoloq qeyd etdi ki, dövlət rəhbərlərinin danışıqlarda 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29,8 kvadratkilometr və Azərbaycanın 86,6 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etmələri Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir.
İki ölkə arasında sərhədlərin delimitasiyası qarşıdakı vaxtlarda işçi qrup səviyyəsində müzakirə olunacaq və konkret addımlar atılacaq. Digər məsələ Ermənistanın Zəngəzur dəhlizinin açılmasına razılıq verməsidir. Ermənistan Zəngəzur dəhlizinin açılmasının zəruriliyini rəsmən etiraf etdi. Azərbaycanın təşəbbüsü ilə Zəngəzur dəhlizinin reallaşması ideyası Avropa Birliyi tərəfindən dəstəklənmiş oldu. Avropa Birliyinin Cənubi Qafqazda sülh və əminamanlığın bərqərar olmasında marağının şahidi olduq. Azərbaycanın regiona davamlı sülh vəd edən təşəbbüslərinə qarşı Ermənistan heç bir əks arqument qoya bilmir. Cənab Mişelin bəyanatında Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi barədə də fikirlər var. Görünən odur ki, artıq Qərb Qarabağdakı etnik erməniləri Azərbaycan vətəndaşları hesab edirlər. Müsbət hal odur ki, Qarabağ ermənilərinə hansısa statusun verilməsi artıq müzakirə olunmur”.
R.Alıyev qeyd etdi ki, Ermənistanda siyasi düşərgə, xüsusilə də, Azərbaycan torpaqlarının işğalında hər hansı bir formada iştirak etmiş müxalifət Brüssel görüşündən məyus olublar, onlar nəticələri məğlubiyyət kimi qiymətləndirirlər və Paşinyanı xəyanətdə ittiham edirlər: “Məsələ burasındadır ki, erməni toplumu müxalifətə nifrət edir və haqlı olaraq hesab edirlər ki, bu gün Ermənistanın böhran keçirməsinin günahkarları Qarabağı işğal etmiş, Azərbaycan və Türkiyə ilə düşmənçilik siyasəti aparan Sərkisyan-Köçəryan cütlüyü və onların dəstəkçiləridir. Brüssel görüşündən dolayı, hazırda İrəvanda siyasi gərginlik hökm sürür. Hesab edirəm ki, qarşıdakı görüşlərdə bu məsələlər ətrafında fikir mübadiləsi aparıb yekun qərar qəbul olunacaq. Avropa İttifaqının danışıqlarda vasitəçiliyini davam etdirməsi Azərbaycanın bölgədəki siyasi maraqlarına uyğundur və bu mənada Brüssel prosesinin davamında uğurlu yekun sülh sazişinin imzalanacağəna ümid etmək olar”.