1993-cü ildə Gəncədə baş vermiş 4 iyun hadisələri müstəqilliyimizi qazandıqdan sonra inkişafımızın düzgün getməməsi nəticəsində baş verdi. Müstəqil dövlətçiliyimiz bərpa edilsə də hakimiyyətdə bir-birini əvəz edən siyasi komandalar üzərlərinə nə qədər məsuliyyətli bir iş düşdüklərini dərk etmirdilər. Dövlət quruculuğu düz getmirdi. Beynəlxalq birlikdə müttəfiqlik sistemi düzgün qurulmamışdı. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması mexanizmi işlənməmişdi. Ordu quruculuğu ümumiyyətlə hakim komandaların diqqətində deyildi. Separatizm baş alıb gedirdi, ayrı-ayrı özəl silahlı dəstələr yaranmağa başlanmışdı.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, həmin hərbi dəstələr siyasi proseslərin fəal iştirakçıları idi:
“Bu proseslər AXC-Musavat cütlüyü hakimiyyətə gəldikdən sonra daha da dərinləşdi. Ona görə də, 4 iyun hadisələrinin səbəbkarı məhz elə o iqtidarın özüdür. Onlar belə şərait yaratdılar. Cəmiyyətdə parçalanma baş verdi, onun problemləri ilə məşğul olmadılar. Ordu quruculuğu sahəsində heç bir iş görülmədi. Ancaq kreslo davası, öz qrupunun daha yaxşı vəzifə tutması uğrunda mübarizə gedirdi. Bütün bunlar şübhəsiz ki, sonda 4 iyun hadisələrinə gətirib çıxarmalı idi”.
Millət vəkili hesab edir ki, həmin hadisələrə indiki dövrün zirvəsindən baxdıqda ulu öndər Heydər Əliyev olmasa idi, Azərbaycanı bu gün Liviyanın, Yəmənin, Suriyanın günü gözləyəcəkdi:
“Azərbaycanda vahid dövlətçilik olmayacaqdı. Bir-birini hakimiyyətdən devirmək artıq ənənə halını alacaqdı. Ordu ancaq siyasi partiyaların iddiasını həyata keçirmək üçün bir mexanizmə çevriləcəkdi. Bəlkə də torpaqlarımızın artıq çox hissəsini itirmişdik. Hətta dövlətçiliyimizi belə itirə bilərdik. Ən yaxşı halda isə sadəcə olaraq vətəndaş müharibəsi gedəcəkdi. Bu isə Ermənistan tərəfindən torpaqlarımızın daha çox işğalına və təbii sərvətlərimizin xarici şirkətlərin büdcəsinə getməsinə şərait yaranacaqdı”.
Deputatın fikrincə, ulu öndər Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən qurtardı, O ölkəmizdə milli birlik yaratdı:
“Nizami ordunun əsası qoyuldu. Keçmiş Dağlıq Qarabağ məsələsində Azərbaycanın prinsipial mövqeyini işləyib dünyaya çatdırdı. Ermənistan qarşısında duracaq bir dövlət quruculuğuna başlanıldı. Bu yol əlbətə ki, öz nəticəsini verdi. Elə Heydər Əliyevin dövründə 1993-cü ilin noyabr ayında Horadiz ətrafında 30-dan çox kəndimizin erməni işğalından azad edilməsinə gətirib çıxardı. 1994-cü ilin aprelində Ermənistan bütün cəbhə xətti boyu Azərbaycan ərazilərinə geniş hücuma başlamışdı. Məqsəd Bərdəni, Yevlağı, Mingəçeviri tutmaq idi. Beləliklə də, Azərbaycanı iki hissəyə bölərək ölkəmizi Qarabağın “müstəqilliyini” tanımağa məcbur etmək niyyəti idi. Lakin ulu öndər Heydər Əliyev bu planların hamısını pozdu. Onun siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi Azərbaycanın öz ərazi bütövlüyün təmin etməsinə Ermənistan qoşunlarının torpaqlarımızdan qovulmasına, güclü dövlət olmağımıza, beynəlxalq birlikdə nüfuza sahiblənməyimizə səbəb oldu. Tarix sübut etdi ki, güclü dövlət, lider, cəmiyyətdə milli birlik olanda hər şeyə nail olmaq olur. Bunun nümunəsini ulu öndər Heydər Əliyev göstərdi. Prezident İlham Əliyev də bunu öz siyasi kursunda bir daha cəmiyyətə sübut edir”.