"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Zaur müəllim, Ermənistanın rəsmi şəxsləri artıq Qarabağ ermənilərinin taleyi ilə bağlı məsuliyyətin onlara aid olmadığını deyir. Bu, yerli ermənilərin Azərbaycana inteqrasiyasına necə təsir göstərə bilər?
- Ermənistan hazırda üzərindən bütün məsuliyyəti atmağa çalışır. Bu mənada erməni rəsmilərinin son açıqlamaları ona dəlalət edir ki, onlar Qarabağ erməniləri ilə Azərbaycanı üz-üzə qoymağa çalışır. Ölkəmiz üçün isə vacib məqam ondan ibarətdir ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanısın. Bundan sonrakı məsələlər isə Azərbaycanın daxili işidir. Yerli ermənilərlə lazım gələrsə, müzakirələr aparılacaq. Əslində bu gün Qarabağda mövcud olan separatçılar burada başqalarının əlində oyuncaq rolunda çıxış edirlər. Bu baxımdan da separatçılarla heç bir anlaşmanın əldə edilməsi mümkün deyil.
- Separatçıların son bəyanatlarına münasibət necə olmalıdır? Sizcə, bu cür yanaşmalar nəyə hesablanıb?
- Xankəndidə yaşayan bəzi şəxslərlə təmaslar oldu və biz gördük ki, buna ciddi maneələr yaradılır. Bu baxımdan heç bir posta sahib olmayan Ruben Vardanyanın bəyanatları bir daha onu göstərir ki, əslində separatçılar elə onun vasitəsilə ilə idarə edilir. Ona görə də, separatçıların Azərbaycanla müharibəyə hazır olmaları ilə bağlı bəyanatlar verir. Əslində onlar öz aləmlərində ölkəmizə meydan oxumağa cəhd edir. Bu da ona zəmin yaradır ki, rəsmi Bakı əlində olan resurslardan istifadə edərək bayrağımızı Xankəndidə dalğalandıracaq.
- Azərbaycan Prezidentinin separatçılarla bağlı son xəbərdarlığına beynəlxalq dəstək getdikcə artır. Separatçıların bu çağırışlara adekvat olmayacağı təqdirdə antiterror əməliyyatlarının keçirilməsi ehtimalını necə dəyərləndirirsiniz?
- Prezident İlham Əliyevin separatçılarla bağlı bəyanatına beynəlxalq birlikdən olan müsbət reaksiya, Onun amnistiya ilə bağlı çağırışı göstərdi ki, bu məsələdə beynəlxalq konsensus mövcuddur. Bu da ondan ibarətdir ki, Qarabağda bəzi ölkələrin silahlılarının tör-töküntüləri olmamalıdır. Bununla da Azərbaycan ərazisində onun suverenliyi təmin edilməlidir. Bu kontekstdə Qarabağdakı separatçıların bəyanatları orada yaşayan erməniləri çətin vəziyyətə salır. Onların qarşısında çağırışlar və təhdidlər qoyulur.
- Dinc ermənilərin separatçıların mühasirəsindən xilas yolunu nədə görürsünüz?
- Qarabağ erməniləri bilməlidir ki, onlar orada separatçıların girovudur. Tez bir zamanda onlar separatçıları oradakı oyuncaq qurumları ləğv etməyə çağırmalıdır. Əks təqdirdə Azərbaycan Ordusu zəruri addımlar ataraq fəaliyyətə keçəcək.
- Sülhə növbəti maneə kimi Ermənistan konstitusiyasının əngəl olduğu nəzərə alınsa, bu proses necə keçilə bilər?
- Konstitusiya və digər ziddiyyətlərlə bağlı Ermənistan müxalifətinin çağırışları onu göstərir ki, Paşinyan sülh müqaviləsi imzalasa və Qarabağı Azərbaycan ərazisi kimi tanısa belə növbəti hakimiyyətlər cığallığa əl ata bilər. Bununla da yenidən Azərbaycana qarşı ərazi iddiaları davam etdirilər. Ona görə də, beynəlxalq zəmanətçi institutların köməyi ilə sülh müqaviləsi imzalanacaqsa, Ermənistan bundan sonra konstitusiyası ilə bağlı bəhanələrlə çıxış etdiyi halda o, haqsız tərəf olacaq. Ermənilərin bu mərhələdən sonra Azərbaycana qarşı davam etdirdiyi ərazi iddiaları onlar üçün çox böyük fəlakətə gətirib çıxardar. Çünki 30 il ərzində onlar Qarabağla bağlı məsələlərə maksimalist yanaşdılar və heç nə əldə etmədilər. Bu baxımdan erməni tərəfinin növbəti belə davranışları gələcəkdə ən azı 20 min kv km ərazi itirmələrinə səbəb olar.
- Növbəti Brüssel görüşlərində tərəflər müxtəlif yanaşmalara ümid bəsləyir. 1975-ci il xəritələri əsasında sərhədlərin dəqiqləşməsi istiqamətində fikirlər sələnir. Bu baxımdan növbəti görüşdən hansı müsbət gözləntilər var?
- Nikol Paşinyanın 1975-ci ilin xəritələrinə istinad etməsi erməni cəmiyyətini növbəti dəfə aldatmaq cəhdidir. Çünki burada bir xəritəyə istinad etmək mümkün deyil. 1975-ci ildən sonra anklavlar məsələsi aktuallaşıb. Belə olan təqdirdə ərazi mübadiləsinin müzakirəsi, ərazilərin qaytarılması və sərhəd xəttininin indiki şəraitə uyğun olaraq haradan çəkilməsi reallığı ilə üz-üzəyik. Ona görə də, burada məsələnin əsas məğzi sülh müqaviləsi və münasibətlərin normallaşdırılmasına dair sazişin imzalanmasıdır. Bununla bağlı Brüsseldə şifahi bəyanat verilib, konkret rəqəmlər səsləndirilib. Erməni tərəfi Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Gözlənilən odur ki, Paşinyanın dediyi bu ifadələri hüquqi sənəd kimi öz əksini tapsın.
- Sülh sənədinə erməni tərəfi hansı məsələləri əlavə etmək niyyətindədir?
- Ermənistanın baş naziri sülh sənədində konkretlikdən uzaqlaşmağa çalışır. Amma sülh mətni nə qədər yığcam olarsa, bu o qədər tərəflərin öhdəlikləri icra etməsi baxımından əhəmiyyətli olacaq. Əksinə sülh mətni geniş olarsa, gələcəkdə hər kəs buradakı ifadələri özünün istədiyi məntiqə uyğun yoza bilər. Bunu 10 noyabr 2020-ci ildə əldə edilmiş razılaşmaya erməni tərəfinin yanaşmasından da aydın görmək mümkün olur.