Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra ilk rəsmi səfərini can Azərbaycana etməsi artıq bir ənənəyə çevrilib. Bu ziyarətin böyük əhəmiyyəti var, qonşu ölkələrin, bütövlükdə dünyanın diqqətini çəkdi. Səfər çərçivəsində bir sıra mesajlar verildi. Ən önəmli mesajlardan biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı idi.
Bu sözləri Teleqraf.com-a Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.
"Zəngəzur dəhlizi Azərbaycanı bir-birinə bağladığı kimi, Türkiyənin də türk dünyasına bağlantısı olacaq. Gec-tez bu dəhliz açılıacaq. Azərbaycanımız artıq yolları hazır edib, dəmir yolu da keçəcək. Türkiyə bu dəhlizə əhəmiyyət verir. Çünki Azərbaycana aid olan məsələ Türkiyə və Türkiyəyə aid olan məsələ də Azərbaycana aiddir. 2021-ci il iyunun 15-də imzalanan Şuşa bəyannaməsi bizim qardaş olmaqla yanaşı stratejik müttəfiq olduğumuzu bir daha dünyaya göstərdi", - o qeyd edib.
Diplomatın sözlərinə görə, Ermənistan tez bir zamanda dəhlizin açılmasına razılıq verməlidir: "İranın dəhlizin əleyhinə olan yanaşması başadüşülən deyil. İran da bundan istifadə edəcək. Yaxşı qonşuluq münasibəti çərçivəsində İranın da dəstək olmasını gözləyirik. Biz hər zaman qonşularımızın haqlarına önəm vermişik, bu haqq Azərbaycanın haqqıdır. Zəngəzur qədim Azərbaycan torpağıdır. 1921-ci ildə Zəngəzur Azərbaycandan alınıb Ermənistana hədiyyə edilib. Ermənistan Azərbaycanla qalıcı sülh anlaşması imzalamalı, bundan sonra biz də Türkiyə olaraq Ermənistanla əlaqələri normallaşdırmağa hazırıq. İnanıram ki, bu problem həllini tapacaq. Türk dövlətləri, Ermənistan, İran, Rusiya dəhlizdən istifadə edəcək. Avropa ilə Asiya arasında da körpü rolunu oynayacaq, ortaq dəhliz olduqca əhəmiyyətlidir. Qısa zamanda dəhlizin açılmasını gözləyirik, Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı və birliyimiz!