21 İyun 2023 19:55
3 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavabıandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Cümşüd bəy, Azərbaycan-Ermənistan şərti sərhəddində Naxçıvan istiqamətində Arazdəyəndə ağır metallurgiya zavodunun inşası ilə bağlı məsələ gündəmdədir. Zavod tam hazır olmamış burada ABŞ və Ermənistan bayraqlarının qaldırılması nəyə hesablanıb?

- Əslində ABŞ bu kimi məsələlərlə Rusiyanı Qafqazdan çıxarmaq istəyir. Ona görə də, bütün variantlardan istifadə edir. Arazdəyəndə zavodun tikintisində iştirak edən ABŞ şirkətinin rəhbəri erməni kökənlidir. Hansı dövlət öz şirkəti ilə investisiya qoyursa, o da orada bayrağını qaldıra bilir. Bundan özlərini sığortalamaq üçün istifadə edirlər. Bu, bir növ ucuz bir təbliğatdır. Amma ümumilikdə Amerikaya yaraşmayan bir şeydir. Çünki ABŞ Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyir. Digər tərəfdən də ABŞ şirkətinin burada törətdiyi təxribat ciddi problem yaradır. Bu, sülh sazişinə də əngəl törədir. Ona görə də, ABŞ bayrağının burada olub-olmaması nəyisə həll etmir.

- Təxribatlar fonunda tərəflər arasında qarşılıqlı ittihamlar baş verir. Bu, sülh prosesinə necə təsir edir? Gələn ay növbəti Brüssel görüşü olacaq. Bu görüşə tərəflər hansı müstəvidə gedir?

- Azərbaycan heç də sülh prosesindən uzaqlaşmayıb. Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Paşinyan 44 günlük müharibə ilə bağlı geniş açıqlama verəcək. O, müharibədə məğlubiyyətləri ilə bağlı indiyə qədər açılmamış faktlardan danışacaq. Əslində onun nələr danışacağını da təxmin etmək olar. Çünki 2018-ci ilə qədər, yəni Ermənistanda 20 il Qarabağ erməniləri hakimiyyətdə olub. Bu müddət ərzində də onlar Azərbaycan torpaqlarını işğalda saxlamaq, vəziyyəti dondurmaqla öz bizneslərini qurublar.İndi-indi bir çox məsələlər üzə çıxır. Ona görə də, Paşinyan belə bir addım atırsa, deməli o, sülh sazişini bir qədər tez imzalamağın tərəfdarıdır.

- ABŞ bayrağının onun forpostu olan bir dövlətdə dalğalanmasına Rusiyanın reaksiyası necə olacaq?

- Hazırda Rusiya istəyir ki, Ermənistanda dövlət çevrilişi etsin. Amma buna da gücü çatmır. Nikol Paşinyan isə gündə bir mövqedən çıxış edir. O, Vladimir Putini görən kimi deyir ki, “biz sizinləyik”. Makronla öpüşüb-qucaqlaşır ermənicə deyir ki, “səninləyik”. ABŞ-a gedəndə isə deyir ki, “məni siz hakimiyyətə gətirmisiz, ona görə də qorumalısız”. Ona görə də, Paşinyandan başqa bir yanaşma gözləmək olmur. Bu kontekstdə Rusiyanın da çalışdığı odur ki, Nikol Paşinyandan nəsə alsın. Fakt isə odur ki, Nikolun Rusiyaya verəcək heç nəyi yoxdur. Bu kontekstdə ilin sonuna kimi Azərbaycanla sülh sazişi imzalanmasa bu, Ermənistanın tamamilə dağılmasına gətirib çıxaracaq. Yanında İranın, Fransanın olması Ermənistanı xilas etməyəcək.

- Zəngəzur dəhlizi istiqamətində dəmir yolu xəttinin qısa zamanda açılacağına dair müsbət yanaşmalar var. ABŞ-ın və Qərbin bu dəhlizin açılmasına və istismar qaydalarına münasibəti necədir?

- Hazırda Azərbaycan üçün ən həssas məqamlardan biri Zəngəzur dəhlizinin açılması məsələsidir. Naxçıvanla əlaqənin yaranması hazırda qarşıda duran başlıca vəzifədir. Sadəcə olaraq Rusiya burada növbəti dəfə aranı qatmaqla məşğuldur. Əgər rus sülhməramlılarının yanında Azərbaycan əsgərinə atəş açılırsa, onların səmimiyyətinə inanmaq olmaz. Üçtərəfli formatda baş nazirlərin müavinləri səviyyəsində heç bir konkret sənəd yoxdur. Burada işçi qrupları heç bir sənədi paraflamayıb. Belə olan halda prosesin hansı səviyyədə inkişafına diqqət etmək lazımdır. Bu günlərdə İranın ardınca Qafanda Rusiyanın da konsulluq açması məsələsini də diqqətdən qaçırmaq olmaz. Məlumdur ki, Qafanda nə rus, nə də fars yaşayır. Ona görə də, bu məsələlərdə mövqe sərgiləyən dövlətlərin səmimiyyətinə sona kimi inanmaq olmaz.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər