“2021-ci il dekabrın 21-də Azərbaycanda ilk komando hərbi hissəsi azad edilmiş Hadrutda yaradıldı. Bundan cəmi 6 ay sonra Kəlbəcərdə yeni yaradılmış Komando Qüvvələrinin hərbi hissəsinin açılış mərasimi keçirildi. Bu gün Azərbaycanda ordu quruculuğu prosesi sürətlə gedir və Komando Qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir. Cari il iyunun 23-də, Silahlı Qüvvələr Günü ərəfəsində növbəti komando hərbi hissəsinin açılışı oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbi hissəyə Döyüş bayrağını təqdim etdi. Mərasimdə çıxış edən dövlət başçısının dediyi kimi, Azərbaycan öz döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırır və bundan sonra da artıracaq. Ordunun daha da gücləndirilməsi dövlətimizin bir nömrəli vəzifəsi kimi xüsusi diqqət mərkəzində saxlanır.”
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat ölkəmizdə ordu quruculuğu istiqamətində görülən kompleks tədbirlərdən bəhs edərək bildirib: “Ali Baş Komandan İlham Əliyevin birbaşa nəzarəti altında bu gün ölkəmizin Silahlı Qüvvələrinin modernləşdirilməsi və ən müasir silahlarla təchizatı məqsədilə kompleks tədbirlər həyata keçirilir. Bu məqsədlə Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və dövlət başçımızın dediyi kimi, artıq bir çox kontraktlar imzalanmışdır. Bu kontraktlarda yeni pilotsuz uçuş aparatlarının, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malik uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi nəzərdə tutulub. Müdafiə Nazirliyi strukturunun təkmilləşdirilməsi prosesi bu gün yüksək effektivliklə davam edir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar, yaxın gələcəkdə öz bəhrəsini verəcək. Yeni döyüş birləşmələrinin, o cümlədən Komando Qüvvələrinin yaradılması ordumuzun döyüş qabiliyyətinin artırılması üçün önəmli amillərdən biridir. Biz bu gün Azərbaycanın Silahlı Qüvvələri vahid proqram əsasında inkişaf etdiririk və bu, yaxın gələcəkdə Ordumuzun yeni, daha yüksək səviyyəyə qalxmasını təmin edəcək.
Prezident İlham Əliyev öz çıxışında bir daha vurğuladı ki, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür. Müharibə dövründə Müdafiə Nazirliyinin xüsusi təyinatlıları xüsusi qəhrəmanlıq və peşəkarlıq göstərmişlər. Müdafiə Nazirliyinin dəniz piyadalarının sayı bir neçə dəfə artırılıb və bu artım davam edir. Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlılarının sayı dəfələrlə artırılıb və bu böyük qüvvə ölkə ərazisini qorumağa və hər hansı bir təhdid yaranarsa, düşmənə sarsıdıcı zərbə endirməyə qadirdir və buna hər an hazırdır”.
Kamaləddin Qafarov İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin hərbi Zəfərinin siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirildiyini vurğulayıb: “ Prezident İlham Əliyevin məharətli diplomatik gedişləri və uğurlu xarici siyasəti nəticəsində İkinci Qarabağ müharibəsindən sonra bölgədə gündəliyi müəyyən edən yenə də Azərbaycan oldu. Bu gün regionda gedən proseslər ümumilikdə ölkəmizin maraqlarına uyğun istiqamətdə cərəyan edir. Müharibədən sonrakı ilk aylarda Ermənistanın havadarları ölkəmizə yenə də köhnə tezisləri qəbul etdirməyə çalışırdılar. Lakin dövlət başçımızın siyasi iradəsi bunu qətiyyətlə rədd etdi və bu gün hər kəs görür ki, vaxtilə erməni işğalını əbədiləşdirmək üçün səylər göstərmiş Minsk qrupu da artıq gündəlikdə yoxdur. Bir vaxtlar Qarabağ erməniləri üçün hansısa xüsusi status tələb edən qüvvələr isə bu gün artıq tamamilə fərqli açıqlamalar verirlər. Bütün bunlar Azərbaycan Prezidentinin son iki il yarım ərzində apardığı siyasətin mühüm nəticələridir. Xüsusilə iki ay əvvəl Ermənistan-Azərbaycan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması dövlət başçımızın çox güclü siyasi iradəsinin göstəricisidir. Bu siyasi iradə son iki il yarım ərzində Prezident İlham Əliyevin atdığı hər bir addımın arxasında durur. Bu gün Azərbaycan regionda əsas söz sahibidir və dövlətimizin iradəsinə heç bir qüvvə təsir edə bilməz. Ali Baş Komandanımızın dediyi kimi, biz öz torpağımızda müharibə aparmışıq və bu gün də öz torpağımızda yaşayırıq və yaşayacağıq”.