6 İyul 2023 09:28
1 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinin Qarabağla bağlı açıqlaması günlərdir ermənilər arasında müzakirə mövzusudur. Bu, ilk dəfə ABŞ-dan açıq şəkildə Qarabağın Azərbaycan ərazisi olduğunun etirafıdır. Sizcə, amerikalı diplomatın bu açıqlamasını necə şərh etməliyik?

- ABŞ səfirinin bu açıqlaması qeyri-adi görünməməlidir. Çünki ABŞ uzun müddətdir Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün vasitəçilik edir. Bu vasitəçilikdə kifayət qədər məsafə qət olunub. Vaşinqtonun səylərinin digər vasitəçilərlə müqayisədə daha məhsuldar olduğunu deyə bilərik. Digər yandan, Nikol Paşinyan Praqa görüşündə Azərbaycanın ərazi bütövlüyünü qəbul etdiyini deyib. Yəni tərəflər həmin görüşdə bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını bəyan etdilər. Bu da hər iki dövlətin maraqlarına uyğundur.

Azərbaycan ötən il sülh müqaviləsinin imzalanması üzrə beş baza prinsipini Ermənistana təklif edib. Bunlardan biri qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması ilə əlaqəlidir. Bundan sonra Ermənistan baş naziri bu mövzuda bir neçə açıqlama verib. Son olaraq, Paşinyan mayda Qarabağın və anklavların Azərbaycanın 86.6 min kvadratkilometrlik ərazisinə daxil olduğunu bəyan etdi. Belə olan halda, hansısa ölkənin Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan açıqlama verməsi qəbuledilməz olardı. Üstəgəl, ABŞ vasitəçi qismində çıxış edir və tezliklə bölgədə sülh və təhlükəsizliyin bərpa edilməsində maraqlı olduğunu sübut etməyə çalışır.

ABŞ may-iyun aylarında bir neçə gün çəkən danışıqlara ev sahibliyi edib. Vaşinqtonda müzakirə olunan əsas məsələlərin kökündə ərazi bütövlüyünün tanınması dayanırdı. Çünki tərəflər artıq prinsipial olaraq bunu qəbul ediblər. ABŞ diplomatı da bu prinsipdən və tərəflərin mövqelərindən çıxış edərək, belə bir açıqlama verib. Bu da Ermənistandakı revanşist dairələrdə və Xankəndidəki separatçı rejim daxilində isterika yaradıb.

- Sülh müqaviləsinin imzalaması üçün Qərbdən İrəvana təzyiq edildiyi uzun müddətdir erməni mediasının gündəmindədir. Erməni mənbələrinə görə, bu təzyiq vasitələrindən biri də Ermənistan rəhbərliyinin Rusiyaya beynəlxalq sanksiyalardan yan keçməsinə kömək etməsi faktı ilə əlaqəlidir. Təsadüfi deyil ki, ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə nümayəndəsi yaxınlarda bunu İrəvanda müzakirə etmişdi.

- Məncə, məsələyə yalnız bir bucaqdan baxmaq doğru olmaz. Təzyiq yalnız Ermənistanın Rusiyaya sanksiyalardan yayınmağa kömək etməsi ilə bağlı deyil. Dediyim kimi, ABŞ-ın bölgədə maraqları var. Bu maraqların əsas prinsipi Rusiyanın bölgədə sıxışdırılmasıdır. Bunun üçün Rusiyanın regionda qalmasına zəmin yaradan münaqişələrin aradan qaldırılması təmin edilməlidir. ABŞ Cənubi Qafqazı sülh və sabitlik bölgəsi kimi görmək istəyir. Buna görə də, sülh prosesini irəli aparmaq üçün zaman-zaman ölkələrə təzyiqlər edir. Əlbəttə, hazırkı durumda bu təzyiq daha çox Ermənistana olunmalıdır, edildiyini də düşünürəm. Bunun səbəblərindən biri də, Ermənistanın hələ də Qarabağda silahlı birləşmələrinin qalması və separatçılara dəstəyini davam etdirməsi ilə bağlıdır. Üstəgəl, tez-tez sülh prosesini ləngidən təxribatlara əl atır. Bu da ABŞ-ın maraqlarına uyğun deyil.

Təbii ki, Ermənistan şirkətlərinin sanksiyalardan yayınması üçün Rusiyaya yardımı Qərbin diqqətindədir. Məsələ ilk dəfə Paşinyan martda Almaniyada səfərdə olarkən qaldırılıb. Mətbuat konfransında sual şəklində Paşinyan və Almaniya kanslerinə yönəldildi. Bundan sonra Avropa və ABŞ-ın nüfuzlu media qurumlarında buna həsr olunmuş materialları gördük. Nəhayət, sanksiyaları pozan Ermənistan şirkətləri ABŞ-ın sanksiya siyahısında əlavə edildi. Bununla bağlı bir neçə dəfə publik şəkildə Ermənistana eyham vuruldu, bağlı qapılar arxasında isə açıq şəkildə çağırış olundu. Əlbəttə, bunun Ermənistanın davranışlarına müəyyən təsirləri var.

Ermənistanın Ukrayna-Rusiya müharibəsinə yanaşması ilə bağlı da suallar var. Müharibənin ilk aylarında Ermənistan ordusunun arsenalında olan təyyarələr Rusiyaya göndərilmişdi və bunlar Ukraynaya qarşı istifadə olunmuşdu. Əlbəttə, Qərbdə bu kimi faktlar diqqətə alınır. Bu məsələlərin hər birinin prosesə müəyyən təsirləri var. Yəni təzyiq vasitələri ən müxtəlifdir.

Ermənistandan tələb olunan budur ki, bölgədə sülh və sabitliyin bərpa edilməsinə öz töhfəsini versin, konstruktiv davransın və hüququ axına qarşı getməsin. Bunun üçün Ermənistana müəyyən təzyiqlər edilir. Çünki Azərbaycanın mövqeyi həm konstruktivdir, həm beynəlxalq hüquqa tam uyğundur, həm də ədalətlidir. Ona görə də, Azərbaycan danışıqlarda konstruktiv və ən güclü tərəf kimi çıxış edir.

- Separatçılar və Ermənistandakı revanşistlərin təşvişi artıb. Onlar hesab edirlər ki, Xankəndi və ətrafında suverenliyimizin bərpası üçün həlledici addımlara hazırlıq gedir. Bu ehtimal nə qədər doğrudur?

- Azərbaycan 44 günlük müharibə və bundan sonra bütün ərazilərində özünün bütövlüyünün və suverenliyinin bərpası istiqamətində ardıcıl addımlar atır. Diqqət bu çərçivədə konkret hədəflərə yönəldilib. Bir-bir bu hədəflərə çatılır. Hazırkı dövrdə sülh müqaviləsinin imzalanması əsas məsələdir. Amma indi rus sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərimizdə iki vacib məsələ həll olunmalıdır. Birincisi, Ermənistanın ərazilərimizdə qalan 10 min nəfərlik hərbi birləşmələrinin tərksilah edilməsi və çıxarılması; ikincisi, Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası prosesinin həyata keçirilməsi. Bunlar əsas hədəflərdir və bu yöndə müvafiq addımlar atılır. İlk növbədə, təhlükəsizliyə təhdid olan hərbi birləşmələrin çıxarılması yönündə ardıcıl tədbirlər görülür.

Ən önəmlisi, Laçında sərhəd-buraxılış məntəqəsinin yaradılması oldu. Bundan sonra Ermənistanın Qarabağın dağlıq hissəsindəki birləşmələrinin təminat və təchizatında ciddi problem yaranıb. Hərbi terminlə desək, onlar mühasirəyə düşdülər. Azərbaycan bu ərazilərinə qanunsuz silah-sursatın və canlı qüvvənin daşınmasına imkan vermir. Bu da oradakı qanunsuz hərbi birləşmələrin durumunu çətinləşdirir. Amma Rusiya sülhməramlılarının da dəstəklədiyi qüvvələr zaman-zaman təxribatlara əl atırlar. Son olaraq, Vaşinqtonda danışıqların getdiyi vaxtda da belə hal yaşandı. Azərbaycan ordusunun sərt cavabı nəticəsində təxribat törədən 5 erməni hərbçis məhv edildi. Növbəti belə addımların atılacağı istisna deyil.

Hesab edirəm ki, hansısa bir nöqtədə Azərbaycan bununla bağlı Rusiya və Ermənistana konkret vaxt verib, xəbərdarlıq edə bilər. Çünki üçtərəfli bəyanatın müvafiq bəndinə görə, Rusiya həmin birləşmələrin ərazimizdən çıxarılmasını təmin etməli idi. Ona görə də, Azərbaycan qarşıdakı dövrdə öz hədəflərinə doğru ardıcıl addımlar atacaq. Qeyd etdiyimiz problemlərin həllinə yönəlmiş hərəkət davam edəcək. Ya Ermənistan qüvvələrini özü çıxaracaq, ya da bu prosesi Azərbaycanın özü həyata keçiriəcək.

Reinteqrasiya prosesinə mane olan bir məsələ də var, bu, Xankəndidəki separatçı rejimin Ermənistan tərəfindən maliyyələşdirilməsi ilə bağlıdır. Buna qəti şəkildə son qoyulmalıdır. Çünki hər il bu separatçı rejimə 400 milyon dollar ayrılır. Bunun da əksər hissəsi hərbi birləşmələrin saxlanılmasına və təminatına xərclənir.

Ermənistan və separatçılar daxilindəki isterikaya gəlincə, qorxunun əcələ faydası yoxdur. Azərbaycanın ərazi bütövlüyünü tanımayana qədər belə addımlarla üzləşəcəklər. Bu yanaşması Ermənistanın özü üçün ciddi təhdid təşkil edəcək. Ermənistan və separatçılar üçün ən doğru yol başqa-başqa yerləri yardıma çağırmaq deyil. Onların müraciət edəcəkləri bir ünvan var: Bakı! Azərbaycan dövlətinə müraciət etməlidirlər və münasibətləri onunla qurmalıdırlar. Hansısa kənar qüvvə onların məsələsini həll edə bilməz. Çünki bu məsələdə əsas mövqe Azərbaycanındır və bu da nəzərə alınmalıdır və alınacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər