Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Xankəndiyə göndərilən humanitar yük Azərbaycana qarşı bütün iddiaları, məkrli planları alt-üst etdi. Bu addım həm də ermənilərin əsl niyyətlərini dünyaya göstərdi. Qarabağda separatçı rejimin tör-töküntüləri əz hərəkətləri ilə göstərirlər ki, əslində Xankəndidə humanitar böhran deyilən bir şey yoxdur. Atılıb-düşməkləri, çığır-bağırları siyasi manipulyasiyadan başqa bir şey deyil.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
Onun sözlərinə görə, içərisində 40 ton un məmulatları olan iki TIR dünəndən etibarən Ağdam-Xankəndi yolunda gözləyir:
“Məqsədimiz Qarabağda yaşayan erməni əsilli vətəndaşlara humanitar yardım göstərməkdir. Amma biz görürük ki, Ermənistan və onun dəstəklədiyi qondarma rejim Ağdam-Xankəndi yolunda təxribatla məşğuldurlar. Revanşistlər Əsgəranda ötən gecədən aksiya keçirərək Azərbaycandan gətirilən yardımın onlara lazım olmadığını deyirlər. Bu, bir daha sübut edir ki, Xankəndidə aclıq, ərzaq kasadçılığı yoxdur. Ermənilər humanitar böhran şousu yaratmaqla dünya dövlətlərinin diqqətini özlərinə çəkmək istəyirlər. Biz yaxşı bilirik ki, Ermənistandan hava nəqliyyatı vasitəsilə Xocalı aeroportuna yüklər daşınır. İstəsək bunun qarşısını alarıq. Ermənilərdən fərqli olaraq biz humanizm dəyərlərinə üstünlük veririk. Amma əgər bu təxribatlar davam etsə, ermənilər dialoqdan qaçıb bizimlə hədə-təhdid dili ilə danışsalar, Xankəndiyə bütün nəqliyyat yollarını bağla bilərik”.
Politoloq bildirib ki, Xankəndidə yaşayan ermənilər reallığı dərk etməlidirlər:
“Onların oyuncaq rəhbəri olan Araik Arutyunyan reallığı dərk etməyə başlayıb. Deyib ki, onların üç yolu var. Dialoq, müharibə və ya Qarabağdan getmək. Təbii ki, ermənilər üçün ən əlverişli, sərfəli yol dialoqdur. Araik də bunu gözəl başa düşür. Sadəcə olaraq revanşist qüvvələr və onların xaricdəki himayədarları diloqa qarşıdırlar, inteqrasiya təşəbbüslərini süngü-bıçaqla qarşılayırlar. Gec-tez Ağdam-Xankəndi yolu açılacaq. Ya danışıqlar yolu ilə, ya da zorla. Cənab Prezident İlham Əliyev Fransa pezidenti Emmanuel Makronla telefon danışığı zamanı açıq şəkildə bildirdi ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər. O da qeyd olundu ki, Qarabağın erməni əhalisinin təmsilçilərinin reinteqrasiya məsələlərini müzakirə etmək üçün paytaxt Bakıya və Azərbaycanın digər şəhərlərinə dəvət edib, ancaq onların bundan da imtina ediblər. Bu məsələdə Azərbaycanın tələsən yeri yoxdur. Vaxt ermənilərin ziyanına işləyir”.
Alıyev əlavə edib ki, Azərbaycanın Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolu təklifi Avropa İttifaqı, Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənib:
“Ermənilərin “biz acıq, amma Azərbaycanın yardımını istəmirik” kimi mövqeyi beynəlxalq təşkilatlar üçün anlaşılmazdır. Məhz bu səbəbdən də Avropa dövlətləri Fransanın Qarabağ ermənilərinə humanitar yük göndərilməsi təşəbbüsünə dəstək vermədilər. Əgər Qarabağ Azərbaycanın ərazisidirsə və orada yaşayanlar bizim vətəndaşlarımızdırsa, nə üçün humanitar yük dəstəyi təşəbbüsü ilə rəsmi Bakı deyil, Fransa hökuməti çıxış etməlidir?.. Ermənistan tərəfi bütün təklifləri geri çevirir. Hazırda yalnız “böyük bacısının” dəstəyinə möhtac qalan Ermənistan son addımları ilə sülh prosesindən xeyli uzaqlaşıb. Əvvəlcə Azərbaycan tərəfi ilə razılaşdırmadan Xankəndiyə doğru boş və ya dolu olduğu bilinməyən yük maşınlarını Laçın keçid məntəqəsinin qarşısına yığdı. Bir aya yaxındır ki, həmin yük maşınları orada gözləyir. İndi də Fransanın “hədiyyə” etdiyi 10 ədədə “humanitar yük” maşınını üzərimizə göndərir. Bu cür təxribatçı addımlar bölgədə vəziyyəti daha da gərginləşdirir və sülh təşəbbüslərini dalana dirəyir”.