Hərbi ekspert Ədalət Verdiyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- “Vaqner” muzdlularının Ermənistana gəlməsi ilə bağlı məlumat var. Bu iddianı da “Sasna Çrer” qruplaşmasının lideri Jirayr Səfilyan ortaya atıb. Sizcə, bu iddia nə qədər doğrudu və ya başsız qalan “vaqnerçi”lərin Ermənistanda nə işi ola bilər?
- “Vaqner” muzdlu qruplaşması özəl bir kompaniyanı təmsil edir. Onlar üçün harada və hansı məqsədlə döyüş əməliyyatlarında iştirak etmək elə də ciddi məna daşımır. Buna görə də, onların bəlli bir vəsait qarşılığında Ermənistana gəlmələri təəccüb doğurmur.
Nəzərə almaq lazımdır ki, İkinci Qarabağ Müharibəsində “Vaqner”dən də daha geniş imkanlara malik xarici muzdlular Ermənistan ordusunun tərkibində döyüş əməliyyatlarında iştirak edib. Həmin dövrdə Ermənistan ordusunun imkanları indikindən ən az iki dəfə çox idi.
Bütün bunlara baxmayaraq, Azərbaycan ordusu həm Ermənistan, həm də ona dəstək verənlərin silahlı qüvvələrini cəmi 44 gün içində darmadağın etdi. Ona görə də, Ermənistanın haradan qüvvə cəlb etməsinə baxmayaraq, bu, əməliyyatlar zonasında güc balansına təsir etməyəcək.
- Hindistanın Ermənistanı silahlandırması da uzun müddətdir müzakirə mövzusudur. Hind silahları müasir dövrün tələblərinə nə qədər cavab verir? Yəni bunlar düşmən ordusunu nə qədər gücləndirir?
- Hindistandan alınan silahlar imkanlarına görə çox zəif hesab olunmasa da, Ermənistanın əlində olan belə silahların sayı xeyli məhduddur. Bu, Ermənistanın müharibədəki itkilərinin təxminən 10 faizini bərpa edə bilər. Söhbət artilleriya itkilərindən gedir.
- Ermənistanın son təxribatlarda istifadə etdiyi PUA-lar kimdən alınıb?
- Ermənistanın son təxribatlarda istifadə etdiyi “Belivere” PUA-ları Bolqarıstandan alınıb. Bunlar mülki məqsədlər üçün nəzərdə tutulub. Bundan başqa, bu PUA-ların eynisi ABŞ-da da istehsal edilir. Amma Ermənistanın ABŞ-dan PUA aldığına dair ciddi siqnallar yoxdur. Dediyim kimi, bunlar mülki məqsədlər - daha çox ərazinin müşahidəsini və havadan fotoçəkiliş aparmaq üçün nəzərdə tutulub.
Böyük ehtimalla, Ermənistan bu PUA-ları istehsalçıdan icazəsiz olaraq, öz ərazisində kustar üsulla “zərbə PUA-ları”na çevirib.
- Qarabağdakı rus sülhməramlılarının yeni komandiri Rusiya Müdafiə Nazirliyi tərəfindən təsdiqləndi. İxtisasca hərbi müəllim olan general-mayor Kirill Kulakovdan nə gözləyək? Kulakovdan əvvəlki komandirlərin savaşlarda, separatçı bölgələrdə xidməti təcrübələri vardı, indiki məqamda onlardan daha zəif təsir bağışlayan birinin təyinatı nə ilə əlaqəli ola bilər? Rusiya sülhməramlı missiyaya verdiyi önəmi azaldırmı?
- Rusiya Müdafiə Nazirliyi son dörd ayda Qarabağda yerləşən hərbi kontingentinə artıq ikinci komandanı təyin edir. Bundan əvvəl təyin edilən Lentsov yadda ciddi xüsusiyyətləri ilə qalmadı. Daha çox erməni silahlılarına, Qarabağı tərk edən ermənilərə kuryerlik etməsi, onların əşyalarını daşıması ilə diqqətə çıxdı.
Ümumilikdə götürdükdə, Lentsov qədər rus əsgərinin Qarabağda alçaldılmasına digər komandanlar yol verməmişdi. Lentsovun vaxtında Rusiya əsgərini ermənilər belə qapazaltı etdilər, bunu da çəkib dünyaya göstərdilər.
Kulakova gəlincə, o, Tatarıstanda hərbi məktəbi bitirib. Həmin ərazidə doğulan Kulakov eyni zamanda xidmətinin böyük hissəsini oxuduğu məktəbdə keçirib. Son vəzifəsi də həmin məktəbin rəisi olub. Bu baxımdan, biz Kulakovu döyüş təcrübəsi və sülhməramlı fəaliyyətlə heç bir əlaqəsi olmayan birisi kimi dəyərləndiririk. Mediadakı bəzi yazışmalarda onu tanıyanlar tərəfindən Kulakovun içki və qadın düşkünü olan birisi kimi dəyərləndirildiyini görürük.
Hesab edirəm ki, Kulakovun bu posta gətirilməsi sadəcə Lentsovun vəzifələrini və Rusiya Müdafiə Nazirliyinin ona verdiyi tapşırıqları yerinə yetirə bilməməsi ilə bağlıdır. Ola bilsin ki, Kulakov Rusiya Müdafiə Nazirliyində bəlli bir əlaqələrə və dəstəyə malikdir. Bu əlaqələrdən də istifadə edərək, sülhməramlı kontingentin komandanı olmaqla, özünü Rusiya siyasi rəhbərliyinin gözündə reablitasiya etməyə çalışır. Çünki bildiyiniz kimi, Rusiyanın çox sayda generalları Ukraynada müharibədə həlak olub. Kulakov isə daha çox məktəbdə xidmət edib, döyüş əməliyyatlarından kənarda qalıb.
Görünür, öz karyerasına qaynar nöqtlərdən birində xidmət amilinin əlavə olunmasını istəyir. İstənilən halda ora kimin gəlməsi bizim üçün heç bir rol oynamır. Azərbaycan birgə bəyanatın şərtlərinin yerinə yetirilməsi üçün mesajlarını həm Rusiya kontingentinə, həm erməni silahlılarına, həm də Ermənistana kifayət qədər aydın şəkildə çatdıra bilir.
- Erməni ekspertləri və nəşrləri sərhəddəki və Qarabağın dağlıq hissəsindəki son durumun savaşa səbəb olacağı ehtimalından danışırlar. Sizcə, indi belə bir savaş nə qədər mümkündür?
- Əslində, həm Azərbaycan, həm Ermənistan, həm də digər ölkələrdən olan mütəxəssislər indiki vəziyyətin kifayət qədər gərgin olduğunu etiraf edirlər. Buna səbəb hər gün dəfələrlə erməni tərəfinin atəşkəsi pozması, rusların erməni silahlılarına aid silah-sursatın daşınmasına kuryerlik etməsi, Ağdam-Xankəndi yolunun bağlı qalması, erməni silahlılarının tərksilah edilməməsi, Zəngəzur dəhlizinin açılmaması, Qazax və Naxçıvanın işğaldakı kəndlərinin Azərbaycana qaytarılmaması kimi amillərdir.
Bu faktorlar Azərbaycana Ermənistanı cəzalandırmaqdan başqa seçim qoymur. Buna baxmayaraq, hesab edirəm ki, hazırda müharibə ehtimalı yoxdur. Çünki buna Ermənistanın potensialı imkan vermir. Amma məhdudmiqyaslı əməliyyatlar və lokal toqquşmalar tamamilə mümkündür. Çünki Ermənistan tərəfi çox qıcıqlandırıcı, həddindən artıq cəsarətli addımlar atır ki, bu da Ermənistan silahlı qüvvələri üçün ciddi risklər yaradır.
Ermənistan tərəfi davranışlarında ciddi korreksiyalara getməsə və hərəkətlərini tənzimləməsə, həm sərhəddə, həm də rusların müvəqqəti məsuliyyət zonasında təxribatlarına davam edərsə, o zaman Azərbaycan onu çox ağrılı şəkildə cəzalandıracaq. Bunun əvvələrə aid kifayət qədər nümunələri var.