7 Sentyabr 2023 16:35
4 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün regionda gedən proseslər dünyanın aparıcı ölkələri üçün əhəmiyyətlidir. Çünki dünya gücləri bu regionda öz nüfuzunu sanki sınaqdan keçirirlər. Bu mənada Nikol Paşinyanın Rusiya ilə bağlı bəyanatı Moskvanı ayağa qaldırdı. Burada faktiki olaraq Rusiyanın regiondan çıxarılması haqqında bəyanat verilmişdi. Hətta Emmanuel Makronun regiona gəlişi ilə bağlı sızdırılan yalan xəbər belə Fransanın burada maraqlarının vacib olduğunu bir daha gündəmə gətirdi. Son hadisələr çərçivəsində ABŞ da Dövlət Katibi vasitəsi ilə proseslərlə maraqlanıb.

Bu sözləri Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevlə ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı bunu açıq şəkildə göstərir:

“Çünki ABŞ da erməni lobbisi ilə bağlı təzyiqlərdən xəbərdardır. Amma Amerika burada mövqeyinin dəyişməz qaldığını bildirir. Bu da onu ehtiva edir ki, ABŞ öz mövqeyinin beynəlxalq qanunlara söykəndiyini isbat etməyə çalışır. Ötən günlərdə ABŞ-da ermənipərəst konqresmenlər dinləmə təşkil etmişdi. Hətta rüşvətxor prokuroru (Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) ilk prokuroru Luis Moreno Ocampo) da ora dəvət edib məruzəsini müzakirə etməyə başladılar. Amma həmin tədbirin moderatoru bildirdi ki, burada iki kreslo boşdur. Bu o demək idi ki, ABŞ-ın dövlət olaraq nümayəndələri orada iştirak etməyib. Əslində onlar çox gözəl başa düşürlər ki, bu, ermənilərin təşkil etdiyi növbəti bir şoudur. Təbii ki, bu şoular Dövlət Departamentinə təzyiq vasitəsidir. Ona görə də, ABŞ Dövlət Departamenti mütləq şəkildə Azərbaycanın mövqeyini bir daha ən yüksək səviyyədə müəyyənləşdirməyə çalışıb. Azərbaycan Prezidenti ilə aparılan telefon danışığı da buna misaldır”.

Millət vəkili Prezident İlham Əliyev tərəfindən Azərbaycanın düzgün olaraq, mövqeyinin dəyişməz qaldığını bildirib:

“Çünki Laçın sərhəd-buraxılış məntəqəsi və Laçında baş verənlər Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlıdır. Burada separatçılara hec cür və heç vaxt hansısa bir güzəşt olmayacağı vurğulanıb. Humanitar məsələlərin həllinin isə birbaşa Ağdam-Xankəndi yolu ilə təmin edilməsi mümkündür”.

AŞPA təmsilçisinə görə, artıq burada olan məsələlər pik həddə çatır:

“Xarici işlər naziri Ceyhun Bayramovun Avropada Zəngəzur dəhlizinin açılması ilə bağlı bəyanatı olduqca vacib idi. Nazir dəhlizin açılması ilə bağlı “A” variantına qarşı Azərbaycanın “B” variantının olmasını açıqladı. Bu əslində Azərbaycanın beynəlxalq səviyyədə olan konkret mövqeyinin ifadəsidir. Sözsüz ki, buna qarşı təzyiqlər çoxalacaq. Həmin təzyiqlərin Avropa Şurası, Avropa Parlamenti və başqa beynəlxalq təşkilatlar vasitəsi ilə çoxalması mümkündür. Hətta müxtəlif parlamentlər tərəfindən də bu cür təzyiqlərin olması gözlənilir. Amma dövlətlər səviyyəsində həlledici, qərarverici amil nəzərdən keçiriləndə bu məsələ tamamilə başqa bir tərzdə izah olunacaq”.

Səməd Seyidovun fikrincə, Azərbaycana sanksiyalar tətbiq oluna bilərmi sualına Avropa Komissarının verdiyi cavab o idi ki, bu haqda söhbət belə gedə bilməz:

“Təəsüf ki, bu gün Avropa erməni lobbisinin təsiri altındadır. Bu proseslər elə gözümüzün önündə gedir. Ona görə də, məsələlərin həlli heç də asan olmayacaq. Amma bütün bunlara baxmayaraq Azərbaycanın mövqeyi möhkəmdir və beynəlxalq qanunlara söykənir. Azərbaycan da konkret olaraq öz mövqeyini çatdıracaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər