“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Cənubi Qafqaz bu günlərdə partlamağa hazır barıt çəlləyinə bənzəyir. Regionda maraqları olan bütün qüvvələr fəallaşıblar. Baş verənlər bizi hara aparır?
- Davam edən gərginlikdən yeganə çıxış yolu Ağdam-Xankəndi yolunun açılması, Qarabağın erməni icmasının bizimlə dialoqa başlaması və Azərbaycan qanunlarına tabe olmalarıdır. Bütün bunlar olmayana qədər gərginlik qalacaq. Ağdam-Xankəndi yolunun açılması tələblərimizdən sadəcə biridir. Bizim qanunların orada işləməsi və qanunsuz hərbi birləşmələrin tərksilah məsələləri də var. Bu məsələləri də həll etmək istəmirlər, uzadırlar. Guya Rusiya yük göndərib, o da ilişib qalıb. Buna görə də gərginlik davam edir.
Ermənistan hakimiyyəti də qorxu içindədir. Paşinyan İkinci Qarabağ Müharibəsində olduğu kimi, yenə telefondan asılı vəziyyətdə qalıb. Çünki qorxur ki, Azərbaycan hərəkətə keçib, bütün Qarabağı nəzarətə götürə bilər. Paşinyanın əndişəsi budur ki, belə bir gəlişmə Ermənistandakı mövqelərini zəiflədəcək. Özü bizimlə baş-başa mübarizə apara bilmir, buna görə də başqalarına yalvarır ki, Azərbaycanı dayandırsınlar. Amma bizi heç kim dayandırmayacaq, dayandırmaq da istəmir. Digər ölkələrin liderləri də “Ağdam-Xankəndi yolu” ifadəsini dilə gətirirlər ki, bu yol açılmalıdır.
- Bölgədə gərginlik kimin marağındadır?
- Bölgədə gərginlik yox, Qarabağın tam nəzarətə götürülməsi Azərbaycanın maraqlarına cavab verir. Qarşıdakı dövrdə bunu etməliyik və Rusiya hərbi kontingentini sakitcə yola salmalıyıq. Bizim marağımız budur, biz gərginlik istəmirik. Biz istəyirik ki, bütün ərazilərimizdə qanunlarımız işləsin, qayda-qanun bərpa olunsun, ərazimizdə qanunsuz əlisilahlı olmasın. Bunu da həyata keçirəcəyik. Bu, ya danışıqlar yolu, ya da antiterror əməliyyatları ilə olacaq. Ermənistan müdaxilə edərsə, bundan ziyandan başqa heç nə görməyəcək. Bu durumda biz Qarabağla kifayətlənməyəcəyik, Qərbi Zəngəzura da öz haqlı iddiamızı ortaya qoyacağıq. Əgər bir ölkə sənin ərazi bütövlüyünü – Qarabağı sənin ərazin kimi tanımırsa, sən niyə Qərbi Zəngəzuru onun ərazisi kimi tanımalısan?
Rusiya-Ermənistan gərginliyi də davam edir. Ermənistanda qorxurlar ki, Rusiya Azərbaycana mane olmayacaq. Rusiya bizə niyə mane olmalıdır? Rusiya Azərbaycanı tərəfdaş sayırsa, Azərbaycana öz ərazisində qayda-qanun yaratmasına əngəllər çıxarmamalıdır. Yəqin Paşinyan düşünür ki, Rusiya Azərbaycana mane olmadığı üçün Ermənistan özünə yeni ağa tapmalıdır. Buna görə də, Fransaya tez-tez zənglər edir. Amma Fransa bölgədə Rusiyanı əvəz edən deyil.
- Paşinyan Prezident İlham Əliyevlə təcili görüşə hazır olduğunu bildirdi. Bunu da Bakıya müraciətində yox, Entoni Blinken, Olaf Şolz və Emmanuel Makronla telefon danışığında dedi. Bunu necə şərh etmək olar?
- Paşinyan başa düşür ki, növbəti müharibədə də məğlub olacaq və bu, onun hakimiyyətinin sonunu gətirəcək. Özü Azərbaycanı dayandıra bilmir, başqaları vasitəsilə bizə təzyiq etməyə çalışır. İndi Paşinyan Blinkenlə danışdı, Blinken isə bundan əvvəl İlham Əliyevə zəng etmişdi. ABŞ dövlət katibi bildirdi ki, Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolu da açılmalıdır.
Makrona gəlincə, ona da eyni sözləri deyib. Hətta Gürcüstan Baş naziri İrakli Qaribaşviliyə də zəng edib ki, İlham Əliyevlə təcili görüşə hazırdır. Azərbaycan bu görüşdən imtina etmir, yetər ki, bu görüşdə nəticə əldə olunsun. Amma nəticə əldə olmasa, Azərbaycanın antiterror əməliyyatının aktuallığı bir daha artacaq. Əgər bu görüş real nəticəyə hesablanıbsa, nəhayət, Paşinyan dediyi sözləri sənəddə əks etdirməlidir. Yəni Qarabağı Azərbaycan ərazisi olaraq tanıyıbsa, buna qol çəkməlidir. Amma Paşinyan Azərbaycanın daxili işlərinə qarışır, Qarabağa “status” və bu məsələdə “beynəlxalq mexanizm” tələb edir. Bu, Azərbaycanın daxili işinə qarışmaqdır. Bundan imtina edəcəksə, bu, bölgəyə sülh gətirəcək və məsələlərin danışıqlar yolu ilə həllini sürətləndirəcək.
Hesab etmirəm ki, Paşinyan buna hazırdır. Yenə də hiylə işlədir ki, vaxt qazansın.
- Sergey Lavrov bildirdi ki, Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı andan bu məsələ bağlanıb. Məsələ Rusiya üçün də bağlanmış hesab oluna bilərmi?
- Lavrov və digər Rusiya rəsmiləri Paşinyanın, Simonyanın və digər erməni səlahiyyətlilərinin anti-Rusiya açıqlamalarından beziblər. Son bir həftədə söz atışması ən yüksək səviyyəyə qalxıb. Alen Simonyan Zaxarovanı “hansısa katibə” adlandırıb, o da Simonyana ağır cavab verib və sair. Ermənistan rəsmiləri ittiham edirlər ki, guya Rusiya Qarabağı Azərbaycana təhvil verib. Lavrov da deyir ki, yox, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyanda bu məsələ bitib. Sözlərindən belə anlaşılır ki, Azərbaycan torpağı üzərindən alver ediblər.
Lavrovun sözündən belə çıxır ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Qarabağ Rusiya üçün “mübahisə predmeti” olacaqdı. Hər iki tərəfin açıqlamaları məntiqsizdir. Amma bu cür doqma bizim maraqlarımıza xidmət edir ki, biz qayda-qanun yaratmaq istəyiriksə, Rusiya bizə mane olmasın. Rusiyanın köməyi bizə lazım deyil, biz əməliyyata başlasaq, Xocalıdakı qərargahlarından kənara çıxmasınlar.
- Birgə Ermənistan-ABŞ hərbi təlimləri kimə qarşı yönəlib?
- Paşinyan yenə ciddi səhvə yol verdi. Amerika ilə təlimlər iki dövləti narazı saldı. Onlar həmin dövlətlərdir ki, Ermənistanın ağarları sayılırlar. Onlar İran və Rusiyadır. Rusiya narazıdır ki, düşmən ölkə onun hərbi bazaları yaxınlığında təlimlər keçirir. İran da narahatdır. İran prezidenti Paşinyanla telefon danışığında bundan narazılığını yumşaq şəkildə bildirdi.
Əslində, bu gəlişmə Azərbaycan üçün faydalıdır. İranın nə sözü varsa, bizə yox, Ermənistana deməlidir. Məsələn, İbrahim Rəisi Paşinyanla telefon danışığında 3+3 formatına qayıdılmasını təklif etdi. Biz bu formatı dəstəkləyirik, buna qarşı çıxan Ermənistandır. Bəs İran Ermənistana buna görə təzyiq edirmi? Yox! Əksinə, bizi hədələməklə məşğuldurlar. Düzdür, son zamanlarda bir qədər yumşalıblar, Tehrandan bir hərbi nümayəndə heyəti də Bakıya gəlmişdi, dedilər ki, guya sərhəddə heç bir qoşun yığmayıblar, amma sözünüz varsa, Ermənistana deyin.
İranla sərhəddə yerləşən Ermənistanda ABŞ-a təlim meydanı verən İrəvandır. Amerika Rusiya kimi İranın da başlıca düşmənidir. Bəs niyə buna münasibət bildirmirlər? Əslində, Paşinyan Rusiyanın acığına bu təlimə razılıq vermişdi, amma anlamalıydı ki, bu, İranın da təhlükəsizlik maraqlarına toxunur. Amerikanın da məqsədi aydındır: Ermənistanı Rusiyanın caynağından qoparmağa çalışır.
- İran rejimindən, SEPAH-dan müxtəlif kanallar vasitəsilə Azərbaycana hədələr gəlir. Həmin kanallar xarici işlər naziri Hakan Fidanın adından belə bir xəbəri də yaydılar ki, İran Azərbaycana müdaxilə etsə, qarşısında Türkiyəni görəcək.
- Hakan Fidanın açıqlaması yerində İrana verilmiş mesajdır ki, Azərbaycana qarşı təxribata getsəniz, qarşınızda Azərbaycanla yanaşı, Türkiyəni də görəcəksiniz. Əslində, Türkiyə-İran münasibətlərində İran-Azərbaycan münasibətlərində olduğu qədər problem yoxdur. Türkiyə İranla əlaqələrini gərginləşdirmək istəmir. Bu, İranın da maraqlarına uyğun deyil. Zatən, İran Qərbin sanksiyaları altındadır və bu durumda Türkiyə onun üçün bir pəncərə rolunu oynayır.
Ankara Tehranı xəbərdar edir ki, Türkiyə Azərbaycanın strateji müttəfiqidir, ona qarşı xəyanətkar təxribatda, Naxçıvana təhlükə yaranarsa, qarşısında Türkiyəni görəcək. Bu, İran üçün ciddi xəbərdarlıqdır. Buna görə də, İranın məntiqi varsa, Azərbaycana qarşı təxribatlardan çəkinəcək. Nümayəndə heyətlərini də Bakıya göndərmişdilər. Əslində, onlar münasibətləri yumşaltmaq üçün bura gəlmişdilər ki, guya Azərbaycana qarşı iradları yoxdur.
İradın yoxdursa, tələbimizi həbs etmisən, azad et, səfirliyimiz hücuma məruz qalıb, hələ də araşdırma qeyri-müəyyəndir. Bu məsələlər də ortada qalıb.
- Hindistanı kim oyuna kim salıb? Egey dənizində Türkiyə, Cənubi Qafqazda Azərbaycana qarşı oynamağa çalışır.
- Hindistanla bağlı məsələlər sözdədir. Düzdür, Hindistan Ermənistana müəyyən silah-sursat verib, amma real olaraq bölgəyə ağırlığını qoymayıb. İkincisi, Hindistan da Amerikanın əsas müttəfiqlərindən biridir. Məsələn, bu günlərdə “Böyük İyirmilər”in Dehlidə toplantısı keçirildi. Orada maraqlı görüşlər oldu.
Çinin “Bir Kəmər, Bir Yol” adlı böyük bir layihəsi var. İndi Amerika Çinə qarşı alternativ yol üzərində işləyir. Bunun başlanğıc nöqtəsi Hindistan olmalıdır. ABŞ, Səudiyyə Ərəbistanı, Avropa Birliyi və Hindistan liderləri G-20 sammiti çərçivəsində Dehlidə görüşərək, Çinə alternativ yolu – dəhlizi müzakirə edioblər. Tehran çalışırdı ki, Hindistan İran və Ermənistan üzərindən malların daşınmasını təmin etsin. Amma Hindistan Amerika ilə ittifaq qurursa, İranın bu projedə iştirakı sual altına düşür. Çünki ABŞ İrandan heç bir məhsulu qəbul etməz. Avropa Birliyinin də buna gedəcəyini inandırıcı görünmür.
Biz də Hindistanla diplomatik danışıqları intensivləşdirməliyik. Baxmayaraq ki, Hindistanla münasibətlərimizdə suallarımız yaranıb, amma bu ölkə bizim ticarət tərəfdaşlarımızdandır. Əlbəttə, Pakistan bizim strateji müttəfiqimizdir. Amma Hindistanla ticarət mübadiləmiz Pakistanla ticarətimizi dəfələrlə üstələyir. Belədirsə, Hindistana başa salmalıyıq ki, anti-Azərbaycan layihələrində yer almasın.
- Bəs Dehlidə razılaşdırılan yeni dəhliz Zəngəzur dəhlizini vururmu?
- O qədər də vurmur. Əksinə, bizim Hindistanla bağlı da birgə layihəmiz işləyə bilər. Azərbaycan, Rusiya və İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi var. Düzdür, bu nəqliyyat dəhlizi tam işləmir, amma Rusiya buna çox böyük önəm verir. Rusiya ilə bağlı suallar var, Qərbin sanksiyaları altındadır. Rusiya və İran Qərblə münasibətlərini qaydaya salarlarsa, bu layihə işləyə bilər. Bu durumda Hindistanın bura qoşulması mümkündür. Məsələn, Hindistan mallarını Bəsrə körfəzinə gətirib, orada dəmir yolu vasitəsilə Azərbaycan və Rusiya üzərindən Avropaya çatdıra bilər. Bu, daha qısa yoldur. Amma nə qədər ki bölgədə gərginlik davam edir, bir sıra layihələr sual altında qalacaq.
Ermənistan imkan vermir ki, Çinin “Bir Yol, Bir Kəmər” projesinə daxil olan Zəngəzur dəhlizi işə düşsün. Onsuz da Bakı-Tiflis-Qars dəmir yolu var. Çin heç bu dəmir yolu ilə yüksək həcmdə mallar göndərmir. Bir sözlə, bir çox layihələr var ki, Azərbaycan bunlarda iştiraka maraq göstərir, iştirak edir.