Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni seperatçılarının Xankəndidəki qondarma rejimin “prezident seçkiləri” keçirmələri beynəlxalq hüququn norma və prinspilərinə tamamilə ziddir. Heç bir dövlətin və beynəlxalq təşkilatın tanımadığı qondarma rejimin Azərbaycan və Ermənsitan arasında normallaşma prosesinə ciddi zərbə vurmağa hesablanmış bu addımı bütün hallarda qəbulolunmazdır. Şübhəsiz ki, xunta rejimin bu hərəkəti onların özlərini və orada yaşayan erməni əhalini aldatmaqdan başqa bir şey deyil. Bütün dünya, eləcə də Ermənsitan Nikol Paşinyanın şəxsində Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bərabər, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edir. Bu baxımdan deyə bilərik ki, xunta rejimin növbəti seçki şousu da, 30 il ərzində gah “prezident seçkisi”, gah “parlament seçkisi” oyunlarından biridir. Şübhəsiz ki, onların bu qanunsuz əməllərinin layiqli cavabı veriləcək. Görünür, 44 günlük Vətən müharibəsindəki uğradıqları ağır məğlubiyyətdən dərs çıxarmayıblar. Azərbaycanın hərbi-siyasi gücü erməni seperatçılarının layiqli cavabını verməyə hər zaman hazırdır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, keçirilən qondarma “seçkilər” onların sonuncu oyunudur: “Artıq Azərbaycan dövləti lazımi bəyanatını verib, tədbirlərini də görəcək, eləcə də dünyada heç kəs bu “seçki”ni tanımır. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi beynəlxalq ictimaiyyəti Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”i tanımamağa çağırıb. Xüsusilə vurğulamalıyıq ki, qondarma “seçkilər” beynəlxalq hüquqa tamamilə ziddir. Bu, mövcud vəziyyəti birtərəfli qaydada legitimləşdirmək cəhdinin növbəti təzhürüdür və qəbulolunmazdır. Eyni zamanda, bir daha qeyd edək ki, bu addım BMT Təhlükəsizlik Şurasının, İƏT-in qətnamələri və ATƏT-in prinsipləri daxil olmaqla, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”.
Millət vəkili hesab edir ki, son zamanlar seperatçılar tərəfindən mövqelərimizin atəşə tutulması və mühəndis-istehkam qurğularının qurulması, Ermənsitanın mövqelərimizə yaxınlaşmaq cəhdləri hayların yeni müharibəyə hazırlaşdığının göstəricisidir: “Qarabağda seperatçıların “seçki”, “humanitar böhran” şouları ilə yanaşı Ermənistanın atdığı bu addımlar daxili və xarici auditoriya üçün nəzərdə tutulmuş siyasi hərəkətlərdir. Ermənistanın 44 günlük Vətən müharibəsində uğradığı ağır məğlubiyyət və kapitulyasiya aktını imzalamasından sonra yeni müharibəyə hazırlaşmaq cəhdi revanşizmin təzahürü olmaqla yanaşı, II Qarabağ müharibəsindən nəticə çıxarmadıqlarının göstəricisidir”.
Deputat bildirib ki, Azərbaycanın dəmir yumruğu hər zaman olduğu kimi yerindədir və hər an düşmənin layiqli cavabını verməyə hazırdır: “Ümid edirik ki, Qarabağda məskunlaşan erməni əhali də seperatçı və revanşistlərin əlaltısına çevrilmədən Azərbaycan vətəndaşlığını tezliklə qəbul edərək, sülh, əmin-amanlıq və rifah içərisində yaşayacaqlar. Əks halda Qarabağdakı seperatçı rejimin qurbanına çevriləcəklər”.