18 Sentyabr 2023 19:00
1 834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Cümşüd bəy, Ağdam-Xankəndi yolundan Qarabağ erməniləri üçün yardım daşınmasına başlanıldı. Bu, separatçı rejimin bəlli zaman inkar etdiyi, imtina olunan bir yol idi. İndiki mərhələdə bu prosesdə qırılma xətti kimi izah olunur...

- Bu, əslində prosesdə mühüm dönüş nöqtəsi idi. İki istiqamətdə (Ağdam-Xankəndi, Laçın-Xankəndi yolu) açılış üçün razılıq var. Əslində bu belə də bitməli idi. Çünki bu mütləq olacaqdı. Sadəcə olaraq zaman tələb olunurdu. Qafqazlı kimi bizim də bu kimi məsələlərdə azca da olsa səbrimiz yoxdur. Görünən odur ki, ermənilər heç vaxt qəbul etməyəcəyik dedikləri şeyləri normal da qarşıladılar. Azərbaycan nə demişdisə onu etdirdi. Burada dövlət öz iradəsini nümayiş etdirdi. Ermənilər nə qədər əks arqument ortaya atsalar da alınmadı. Hətta ABŞ senatında bununla bağlı dinləmələr də təşkil etdilər. Amma heç nəyə nail olmadılar. Yenə də Azərbaycanın iradəsi ilə hesablaşmalı oldular. Ona görə, Ağdam-Xankəndi yolunun açılması ermənilər üzərində sondan əvvəlki qələbədir. Sonuncu qələbə isə Xankəndidə bayrağımız dalğalananda olacaq.

- Separatçıların qondarma seçkidən sonrakı davranışları ilə bağlı müxtəlif fərziyələr səslənir. Az qala bunu yeni layihə kimi qələmə verənlər də var...

- Bunu ermənilərin adına çıxsalar da burada vəziyyət tamam fərqlidir. Bu, əslində Rusiyanın bölgə ilə bağlı siyasi oyunu idi. Putin burada sadəcə olaraq şahmat gedişi edərək piyadaların yerini dəyişdi. Amma bu da uğursuz bir gediş idi. Çünki Samvel Şahmaryan Rusiya KQB-sinin yetirməsidir. Onu atası da bu qurumda xidmət edirdi. Vaxtilə Qarabağda işləmiş adamlar bunu yaxşı tanıyır. Görünən isə odur ki, Paşinyanın təfəkkürü ilə ermənilər heç bir uğur qazana bilməyəcək. Çünki onun təfəkkürü dəyişkəndir. Siyasətçinin isə sabit mövqeyi olmalıdır. Amma Paşinyan sərxoş adamlar kimi hər saatdan bir fikrini dəyişir.

- ABŞ-ın bölgədə, xüsusən də Ermənistandakı fəallığı nə ilə bağlıdır?

- Amerika çalışır ki, Paşinyanın əli ilə Rusiyanı ram etsin. Əslində ABŞ buna nail olmaq üzrədir. Ona görə də, Qarabağda baş verən bütün bu bəlaların arxasında Rusiya durur. Bunu ermənilər də başa düşməlidir. Sözsüz ki, Azərbaycanın dinc ermənilərlə heç bir problemi yoxdur. Amma burada separatizmlə heç kim məşğul ola bilməz. Heç Avropanın özün də belə separatizmi sevmirlər.

- İranın son zamanlar regionala bağlı mövqeyindəki dəyişikliklər nədən qaynaqlanır?

- İranın səmimiliyinə inanmaq olmaz. Molla rejimi heç vaxt dürüst olmayacaq. Fakt odur ki, İranda din işbilməz mollalar səviyyəsində idarə olunur. Ona görə də, İranın bir dövlət kimi hansısa düzgün qərar qəbul edəcəyi inandırıcı deyil. Sadəcə olaraq İranın Azərbaycanla bağlı mövqeyində müəyyən dəyişikliklər baş verir. Farslarla ermənilər eyni kökdən olduğuna görə, bir-birini yaxşı tanıyırlar. Bilirlər ki, artıq ermənilər onları satıb. Amma İran yenə də öz ampulasından əl çəkmir. Bizimlə başqa mövzulardan danışan İranın xarici işlər naziri ölkəsinə qayıdan kimi deyir ki, biz Ermənistanla birbaşa əlaqəmizin kəsilməsinə imkan verməyəcəyik. Əslində onlara demək lazımdır ki, gedib öz daxillərində olan problemləri həll etsinlər. Ona görə də, Zəngəzur dəhlizinin açılmasına İran mane ola bilməyəcək.

- Rusiya-Ermənistan gərginliyi fonunda bölgədə nə kimi dəyişikliklər izlənə bilər?

- Faktiki olaraq Rusiya da başa düşdü ki, Ermənistan onların maraqlarını satır. Uzun müddət idi ki, Rusiya telekanalları Ukrayna əleyhinə təbliğat aparırdı. Neçə gündür onlar istiqaməti dəyişiblər. Ermənistanın əleyhinə proqramlar yayımlanır. Çünki ermənilər harada güc görürsə, ora yönəlir. Bu tarixən də belə olub. Son 195 ildə Rusiya ermənilərin əli ilə bizə nə zülm etdiyini bilirik. Ona görə də, ermənilər sadəcə olaraq bu işdə alət rolundadır. Bu gün isə Paşinyan müstəmləkəçilikdən azad olmaq istəyir. Buna da Rusiya imkan vermir. Ona görə də, burada ya Paşinyanı öldürəcəklər, ya da devirəcəklər. Hazırda Ermənistandan gözlənilən nəticə budur. Sadə ermənilər isə həm Qarabağdan, həm də Ermənistandan sürətli çıxıb gedir. Onlar özləri üçün təzə vətən tapıb. Avstraliyaya axın edirlər. Gələn əsrdə yəqin ki, orada özlərinə “dövlət” yaratmaq istəyəcəklər.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər