Hadisələrin bu cür cərəyan etməsi nəticədə məntiqi sonluğa çatdı. Prezident İlham Əliyev hər zaman bəyan edirdi ki, “biz torpaqlarımızı işğaldan azad edəcəyik, Azərbaycanın suverenliyini bütün ərazisində bərpa olunacaq”. Belə də oldu. Çünki Ermənistan və onun bəzi havadarları hesab edirdi ki, bunlar sadəcə olaraq verilən bəyanatlardır. Azərbaycan tərəfi onları sülhə, beynəlxalq hüququn normalarına riayət etməyə dəvət etsə də, onlar qulaqardına vurdular. Hesab edirdilər ki, Azərbaycanla razılaşmamaq da olar. Düşünürdülər ki, vaxt keçəcək və Azərbaycanda bu məsələləri unudacaqlar. Beləliklə də Qarabağ və Şərqi Zəngəzurun Ermənistanın işğalında qalacağına ümid edirdilər.
Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Onun fikrincə, onlar özləri bir şeyi unutdular ki, Azərbaycan xalqı öz torpağına həddindən artıq böyük məhəbbətlə bağlıdır:
“Bizdə torpağa ana sevgisi var və torpaqdan pay olmaz. Bunu nə indiki, nə də gələcək nəsl unudacaq... Erməni tərəfi Azərbaycan xalqının məhz bu sarsılmaz dəyərlərini nəzərə almadı. Əslində Qafqaz regionuna gəlmə olan ermənilər üçün torpaq anlayışı yoxdur. Onlar üçün Ermənistan sadəcə coğrafi anlayışdır”.
Deputat hesab edir ki, Vətən Müharibəsi və antiterror tədbirləri ilə Azərbaycan Qarabağ və şərqi Zəngəzurda özünün suverenliyini bərpa etdi:
“Vaxtilə Azərbaycan xalqına qarşı cinayət törətmiş separatçılar, terrorçular qanun qarşısında cavab verir. İndi həmin hərbi canilər həbs edilib. Ölkəmizin ərazisində hansı cinayətləri, soyqırımı törədiblərsə cəzalarını artıqlaması ilə alacaqlar. Sarkisyanlar, Köçəryanlar, Ohanyanlar gec-tez ədalət mühakiməsi qarşısına çıxacaqlar”.
Millət vəkili Beynəlxalq Astronavtika Konqresinin gedişində çıxış edən Prezident İlham Əliyevin bir çox vacib məsələlərə toxunduğunu bildirib:
“Sözsüz ki, 50 ildən sonra yenidən Bakıda Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi tarixi hadisədir. İlk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə baş tutan bu mötəbər tədbirin yenidən ölkəmizdə təşkili Azərbaycanın beynəlxalq səviyyədə günü-gündən yüksələn nüfuzunun təzahürü hesab edilir. Azərbaycan on ildən artıqdır ki, beynəlxalq kosmik ailənin üzvüdür. Ölkəmiz telekommunikasiya və yer səthinin müşahidəsi peykinə malik olmaqla kosmik sənayenin inkişafını davam etdirir. Azərbaycan mütəxəssisləri tərəfindən idarə olunan peyklər 45-dən artıq ölkəyə xidmət göstərir ki, bu da ölkəmizin kosmik sənaye sahəsində daha böyük hədəflərinin olduğunu nümayiş etdirir.
Bakıda 5 mindən çox iştirakçının, 100-dən artıq şirkətin, bir çox ölkələrin təmsilçiliyi ilə baş tutan Beynəlxalq Astronavtika Konqresində ölkəmizin başçısı bir daha Azərbaycanla bağlı həqiqətləri gündəmə gətirdi. Vurğulandı ki, 1993-cü ildən qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini Ermənistan icra etmədi. Buna baxmayaraq Azərbaycan sülh müstəvisində öz mövqeyini sona kimi qoruyaraq Ermənistanla məsələni dinc şəkildə həll etməkdə maraqlı idi.
Bir reallıq da odur ki, Azərbaycan BMT-nin qətnamələrini və 10 noyabr 2020-ci ildə imzalanmış bəyanatın 4-cü bəndini özü icra edib. Görünüən odur ki, Zəngəzur dəhlizi də bu cür həll ediləcək. Ona görə də, Ermənistan nəhayət sülhə gəlməklə bağlı məntiqli mövqe sərgiləməlidir. Çünki Zəngəzur dəhlizinin açılması tarixi İpək yolunun çox mühüm bir hissəsidir”.
Komitə sədri bildirib ki, bu gün Qarabağdan könüllü şəkildə çıxan ermənilərlə bağlı Ermənistanın əsassız iddiaları heç bir məntiqə sığmır: “Nəhayət ərazidə 30 ildən sonra monitorinq aparmış BMT nümayəndələri də burada heç bir "etnik təmizləmə" və zorakılığın olmadığını bəyan etdilər. Sadəcə ermənilər öz seçimlərinə uyğun olaraq ərazini tərk etdikləri açıqlandı. Ona görə də, Azərbaycanın reinteqrasiya ilə bağlı atdığı addımlara Ermənistan heç bir formada maneə olmamalıdır.
Erməni əsilli insanlar vaxtilə Azərbaycanda normal şəkildə yaşayıb. Bundan sonra da ölkəmizin qanunları əsasında bu hüquqa malik olacaqlar”.