Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elşad müəllim, Brüsseldə bu ayın sonunda Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında gözlənilən görüş ləğv edildi. Bundan öncə Prezident İlham Əliyev Qranada görüşündən imtina etmişdi. Ardınca Nikol Paşinyan Bişkekə gəlməmişdi. Görüşlərlə bağlı açıqlanan arqumentlərdən başqa elementlərin olduğu iddiaları var...
- Oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin toplantısı çərçivəsində beştərəfli görüş nəzərdə tutulurdu. Azərbaycan Prezidenti bu görüşə getmədi. Bu da onunla bağlı idi ki, Fransa Azərbaycana qarşı aşkar qərəzli mövqe sərgiləyirdi. Fransanın mövqeyi Azərbaycana ittihamlar irəli sürməkdən ibarət idi. Azərbaycan Prezidentinin bu görüşə getməməsinə baxmayaraq dördtərəfli bəyanat qəbul edildi. Həmin bəyanata Azərbaycan da daxil edilmişdi. Bunun özü regionda siyasi intriqa yaratmaq cəhdi idi. Bunu Azərbaycan Prezidenti də vurğuladı və onu lazımsız sənəd kimi səciyyələndirdi. Xüsusi olaraq ölkəmizin başçısı vurğuladı ki, Azərbaycanın bu görüşə getməməsinə baxmayaraq bəyanata daxil edilmişdi. Eyni zamanda MDB Dövlət Başçılarının Bişkekdə baş tutan zirvə toplantısı çərçivəsində də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsi ətrafında müzakirələr olmalı idi. Amma Ermənistanın baş naziri vaxt məhdudluğunu bəhanə edərək bu görüşə getmədi. Bununla bağlı Prezident İlham Əliyevin mövqeyi o oldu ki, Paşinyan Qranadaya gedir, amma iki saat vaxt tapıb Bişkekə məsələləri müzakirə etmək üçün gəlmir.
- Sizcə, belə bir vəziyyətin yaranmasında Qərb-Rusiya qarşıdurması amili hansı təsirə malikdir?
- Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsini də Qərb Rusiya ilə regiona təsir uğrunda mübarizə predmetinə çevirib. Ermənistan da bunun üçün istifadə olunur. Paşinyan Avropa müstəvisində keçirilən görüşlərə gedir, amma Rusiyanın iştirakı ilə olacaq görüşlərdən boyun qaçırır. Təbii ki, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, səmimiyyətlə proseslərə töhfə verə biləcək təşəbbüslər dəstəklənir. Azərbaycan regionda sülhün, əməkdaşlığın etibarlı şəkildə bərqərar olmasının tərəfdarıdır. Kim bu istiqamətdə səmimiyyətlə töhfə verə biləcəksə, Azərbaycan bunu qəbul edir. Ölkəmiz bu müstəvilərdə müzakirələrə hazır olduğunu bəyan edib.
- Geosiyasi mübarizə elementlərinə qarşı Azərbaycanının tutumu nədən ibarətdir?
- Təbii ki, Azərbaycan Ermənistan kimi hansısa dairələrin ambissiyalarının alətinə çevrilə bilməz. Ölkəmiz güclü, müstəqil subyektdir. Azərbaycanın özünün baxışları, müstəqil qərar vermək imkanları mövcuddur. Ona görə də, prosesləri düzgün qiymətləndirərək hər zaman düşünülmüş addımlar atılır. Bu mənada Brüssel görüşünün təxirə düşməsi Avropa tərəfinin riyakar yanaşması ilə izah oluna bilər. Fransanın müdafiə naziri açıq şəkildə vurğulayır ki, onun qədər Ermənistanın müdafiə naziri ilə təmasda olan ikinci nazir olmayıb. Ermənistanla Fransa arasında “müdafiə missiyası” fəaliyyətə başlayıb. Silahların alınması barəsində razılıq əldə olunub. Belə olan halda Brüsselin aparıcı subyektlərindən biri olan Fransanın mövqeyi anlaşılan deyil.
- Bundan sonra Brüssel formatında Azərbaycanla Ermənistan arasında səmimi dialoqun aparılması nə dərəcədə inandırıcı olacaq?
- Bu platforma çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində səmimi fəaliyyətə inamın olması üçün əsas mövcud deyil. Avropa İttifaqının nümayəndəsi bir neçə gün öncə səsləndirdi ki, onların başlıca məqsədi "erməniləri Qarabağa köçürməkdən" ibarətdir. Bu, bir reallıqdır ki, Qarabağdan erməniləri heç kəs qovmayıb. Onlar könüllü şəkildə Azərbaycan ərazilərini tərk edib vətəndaşı olduqları ölkəyə - Ermənistana keçiblər. Çünki onların hamısının Ermənistan pasportu var. Avropa İttifaqı bunları bilə-bilə etiraf etmir.
- Sizcə, münasibətlərin dəyişməsinə səbəb nədir?
- Azərbaycan öz suveren ərazilərində antiterror tədbirləri görənə qədər Avropa İttifaqının prioriteti Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırmaqdan ibarət idi. İndi isə özləri artıq açıqlayır ki, onların prioriteti dəyişib. Erməniləri Qarabağa köçürmək onların başlıca məqsədinə çevrilib. Bu da onu göstərir ki, Brüsseldə müzakirələr mahiyyəti üzrə deyil, proseslərin uzadılmasına hesablanmış olacaq. Sözsüz ki, bu kimi perspektivləri Azərbaycan tərəfi düzgün qiymətləndirir.