29 Oktyabr 2023 19:36
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Ermənistanın havadarlarını ciddi narahat edir. Bu səbəbdən də bir sıra ölkələrin hökumət nümayəndələri Ermənistana səfər edərək Azərbaycanın əleyhinə bəyanatlar səsləndirirlər. Kanada xarici işlər naziri Melani Coli də Ermənistana səfəri zamanı Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib və hətta Bakını sanksiyalarla hədələyib.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

O qeyd edib ki, Azərbaycan 30 il ərzində Ermənistanın işğalçı siyasətinə məruz qalıb: “Ermənistanın ərazilərimizi onilliklər ərzində işğal altında saxlaması və 1 milyondan çox insanı öz torpaqlarından qovması, onların evlərinin, digər infrastrukturların tamamilə məhv etməsi beynəlxalq cinayətdir. Amma nədənsə Kanada və digər ölkələr bütün bunlara görə Ermənistanı ittiham etmədi. Əksinə, Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi onları narahat edir. Bu o deməkdir ki, həmin ölkələr üçün beynəlxalq hüquq heç bir məna kəsb etmir, onlar müəyyən maraqlar çərçivəsində siyasət yürüdürlər”.

Millət vəkilinə görə, Kanada xarici işlər nazirinin açıqlamaları isə onun bölgədəki proseslərdən xəbərdar olmadığını göstərir: “30 il ərzində Ermənistanı Azərbaycan ərazilərinin işğalına son qoymağa heç bir çağırış belə etməyən Kanadanın indi halda tutduğu mövqe, Azərbaycanı “deportasiya”da ittiham etməsi qərəz və səlibçilik təfəkküründən irəli gəlir. Colinin Ermənistanın Azərbaycanla sərhəddə döyüş mövqeyinə gələrək binoklla Azərbaycan ərazilərini müşahidə etməsi onun diplomatik davranış və normalardan nə qədər uzaq olduğunu göstərir”.

Deputat hesab edir ki, Kanada XİN rəhbərinin Azərbaycanı sanksiyalarla hədələməsi isə artıq isterikadır: “Kanada yarandığı gündən indiyədək müstəqil xarici siyasəti olmayan marionet dövlətdir. Bu ölkənin missiyası Vaşinqtondan gələn göstərişləri qeyd-şərtsiz icra etməkdir. Hətta Amerikanın hər hansı ştatının qubernatorunun daha çox səlahiyyəti olduğu halda Kanada belə imkana sahib deyil. Fakt odur ki, yerli aborigen xalqların soyqırımı nəticəsində yaradılmış Kanada hansısa ölkələri entik dözümsüzlükdə ittiham edə biləcək sonuncu dövlətdir”.

Sevinc Fətəliyevanın fikrincə, Kanadanın Avropa İttifaqının Ermənistandakı missiyasına qoşulması isə faktiki olaraq ABŞ-ın bu missiya daxilinə öz “vassalını” yerləşdirmək əməliyyatıdır: “ABŞ Aİ-nin missiyasına özü qoşulmur, amma “əlaltısı”nın vasitəsilə prosesləri nəzarətdə saxlamaq istəyir. Bunun fonunda Kanada XİN başçısının səsləndirdiyi cəfəng fikirlər onun adi coğrafi biliklərinin belə olmadığını göstərir. Əks halda o, Azərbaycanın əhəmiyyətini anlayardı. Bu gün Kanada özünün uran ehtiyacını Mərkəzi Asiya ölkələri vasitəsilə təmin edir. Uranın hava yolu daşınmasına icazə verilmədiyi halda onun Çin və ya Azərbaycan üzərindən Kanadaya aparmaq mümkündür. Çinin buna razılıq verməsi mümkün deyil. Belə olan halda Kanada bu məsələdə Azərbaycandan asılı hala düşür. Azərbaycan isə istənilən vaxt bu ixracı dayandıra bilər və dayandırmalıdır. Azərbaycan Kanada kimi ölkələrin hansısa sanksiya hədəflərindən çəkinəcək dövlət deyil. Ölkəmizin mövqeyi beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanır".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər