2 Noyabr 2023 09:23
1 360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- İsrail-HƏMAS savaşı Qərbdən Ukraynaya dəstəyi azalda bilərmi? Artıq ABŞ müdafiə naziri Lloyd Ostin bu məsələni gündəmə gətirib, onun sözlərinə görə, Amerika Ukraynaya dəstəyi dayandırsa, Rusiya qalib gələcək.

- Gündəmdən çıxmayacaq, ABŞ administrasiyası buna yol verməyəcək. Amma diqqət azala bilər. Bir sual da yaranır: ABŞ Ukraynaya nə qədər dəstək verəcək? İndi deyirlər ki, Rusiya nə qədər müharibə aparacaq, o qədər də dəstək olacaq. Rusiyanın imkanları isə tükənmir. Hər halda ABŞ dəstəyi davam etdirmək niyyətindədir. Amma bunun nə qədər olacağını demək çətindir. Məsələ budur ki, Ukraynanın resursları azalır. Düşünürəm ki, ortaq məxrəcə gələnədək bunu davam etdirəcəklər. Bundan sonra da öz strategiyalarına əl gəzdirməli olacaqlar.

Gördüyümüz budur ki, ABŞ Ukraynaya dəstəyi davam etdirir, amma Amerikanın özündə də bununla bağlı ciddi narazılıqlar var. Bu da onu göstərir ki, vəziyyət heç də həmişə belə qalmayacaq.

- Qərbdə İsrailə dəstəkdə mütəşəkillik var, hətta bir çox ölkə açıq hərbi yardım və ya savaşa müdaxilə mesajı verir. Düzdür, Ukraynaya hərbi yardım edilir, amma kimsə müdaxilədən danışmır. Sizcə, bu iki ölkəyə yanaşmadakı fərqlər nədən ibarətdir?

- Qərbdə anlayırlar ki, İsrailə dəstək mütləqdir. Çünki İsrail elə bir bölgədə yerləşir ki, dəstək almasa, varlığı təhlükə altında qala bilər. Digər yandan, İsrailə münasibətlə Ukraynaya münasibət eyni deyil. Burada siyasi-tarixi amillər də rol oynayır. Ukrayna isə ABŞ üçün fövqəl dərəcədə önəmli deyil. Amma İsrailin bir dövlət kimi yaranmasında ABŞ-ın önəmli rolu olub. Bu kimi səbəblərdən bu iki ölkə arasında fərqlər qoyulur. Eyni zamanda, İsrailin ABŞ-dakı lobbisi kifayət qədər güclü və təsiredicidir. Ukraynanın ABŞ-da hansı lobbisi var? Yoxdur.

- Rusiya-Ukrayna müharibəsinin davam etdiyi vaxtda Yaxın Şərqi qarışdırmaq kimin marağındaydı?

- Yaxın Şərqdəki proseslərin öz dinamikası var. Endogen proseslər də var ki, vəziyyəti bu yerə gətirib çıxarıb. Demək lazımdır ki, Yaxın Şərq həmişə həssas zona olub. Ukraynadan əvvəl də burada münasibətlər və proseslər çox təhlükəli ssenarilər üzərində qurulub. Yaranmış vəziyyətdən bütün oyunçular istifadə etmək istəyirlər. Xüsusən də Rusiya, müəyyən dərəcədə Çin və sair. İndi daha çox böyük oyunçuların vəziyyətdən istifadə niyyətləri görünür, nəinki onların bu proseslərdə əllərinin olması.

- İki qaynar bölgənin – Yaxın Şərq və Şərqi Avropanın sərhədlərində yerləşən Cənubi Qafqazı nə gözləyir? Qərbin bir sıra media qurumları yeni savaşdan bəhs edirlər. Hətta iddialarında bir az da irəli gedən ABŞ-ın Lemkin İnstitutu Azərbaycanın yaxın həftələrdə Ermənistana hücum edəcəyini bildirir. Belə bir iddia bir müddət əvvəl “Politiko” tərəfindən ABŞ dövlət katibi Entoni Blinkenin adından gündəmə gətirilmişdi. Siz necə düşünürsünüz?

- Bunlar axmaq və əsassız fərziyyələrdir. Heç kimin Ermənistana hücum etmək niyyəti yoxdur. Belə bir ssenari mümkün deyil, amma fərz edək ki, reallaşdı, o zaman bölgədə yeni, daha irimiqyaslı münaqişə ocağı yaranacaq. Bölgədə maraqları olan qüvvələr var ki, onlar belə bir durumdan istifadə edərək, regiona müdaxilə etmək istəyəcəklər. Vəziyyət o həddə qarışa bilər ki, qlobal bir münaqişə ocağı yarana bilər. Biz isə bunu istəmirik. Ona görə də, mən belə bir ssenarinin reallığına inanmıram.

Belə mənasız fərziyyələrə gəlincə, son zamanlarda maraqları olanlar bu kimi iddiaları irəli sürürlər. Bu fərziyyələrin arxasında müxtəlif təbəqələrin rəylərini öyrənmək cəhdləri dayanır. Maraqları naminə “xüsusi ajiotaj” yaratmaq istəyirlər. Amma məqsədlərlə reallıq arasında böyük fərqlər var. Belə bir şey baş verməyəcək.

- Fransa və Hindistan Ermənistana silah-sursat, digər bir sıra dövlətlər isə Qarabağ ermənilərinə humanitar yardım adı altında pul göndərirlər. Sizcə, bu vəsaitlər nə üçündür, həqiqətənmi humanitar xarakterlidir?

- Ola bilsin ki, humanitar məqsədlər üçün ayırırlar, amma Ermənistan heç də bunların hamısını humanitar məqsədlər üçün istifadə etməyəcək. Yenə deyirəm ki, burada hər bir oyunçunun öz maraqları və məqsədləri var. Eyni zamanda, maliyyə ayıranlar Ermənistanda nüfuzlarını saxlamaq və ya saxlamaq niyyətindədirlər. Məsələn, ABŞ maliyyə ayırırsa, bununla həm də Ermənistanda nüfuzu, ona təsir imkanları artır. Əsas məsələ nüfuzla bağlıdır.

Ermənistana gəlincə, bu vəsaitlərdən gen-bol istifadə edir. Ayrı-ayrı şəxslər bu pullardan həm də öz maddi vəziyyətlərini yaxşılaşdırmaq üçün yararlanırlar. Pulları müxtəlif, o cümlədən şəxsi məqsədlərə yönəldəcəklər. Söhbət Ermənistanın hakim siyasi elitasının nümayəndələrinin şəxsi məqsədlərindən gedir.

- İstər Azərbaycan-Ermənistan, istərsə də İsrail-Fələstin münaqişəsində din amili qabardılır. Bu, digər regional münaqişələrə yanaşmada da özünü göstərir. Dini faktoru niyə önə çəkilir, dünya dinlərarası və ya sivilizasiyalararası toqquşmanın astanasına çatıbmı?

- Bu savaşların arxasında siyasi məqsədlər, böyük geosiyasi güclər dayanır. Silahlı toqquşmalardan başqa informasiya savaşları da aparılır. Hər iki savaşlardan öz məqsədləri üçün yararlanırlar. Təəssüf ki, qəsdən baş verənlərin dini savaşlar olduğu mənzərəsini yaradırlar, bu, bir layihə kimi təqdim olunur. Ya da layihə kimi hesablanır və cəmiyyətlərə aşılanır. İnsanların şüurlarına müdaxilə etmək üçün bu, çox gözəl vasitədir. Məsələn, ABŞ və Avropada yaşayanlar üçün belə bir anlayış aşılanır. Təəssüf ki, müsəlman ölkələrində də bu vasitədən istifadə edirlər, baş verənləri “xaçpərəstlərlə müsəlmanlar arasındakı savaş” kimi təqdim edirlər. Nəticədə belə rəylər formalaşır və bunun ətrafında ən müxtəlif fərziyyələr irəli sürülür. Beləliklə, o hadisələrin əsl mahiyyəti kənarda qalır, tam başqa faktorlar önə çəkilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər