ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarında inkişaf görənədək Azərbaycana birbaşa yardımları qadağan edən 907-ci düzəlişdən imtinanın müddətini uzatmayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayn Xarici İşlər Komitəsində keçirilən dinləmədə deyib.
“Biz aydın şəkidlə bildirmişik ki, 19 sentyabr hadisələrindən sonra, biz sülh cığırında tərəqqi görənədək, Azərbaycanla heç nə normal olmayacaq. Ona görə də biz bir neçə yüksək səviyyəli görüşləri ləğv etmişik, fəaliyyətləri qınamışıq".
Ceyms O-Brayn ABŞ-nin sülh razılaşması istiqamətində fəaliyyətlərini davam etdirdiyini deyib. Onun sözlərinə görə, qarşıdakı bir neçə həftə tərəflərin yaxşı niyyətinin ifadəsi baxımından kritik olacaq.
Diplomat əlavə edib ki, 19 sentyabrdan sonra Bakı və İrəvana 13 ali səviyyədə səfər edilib. O, sülh prosesi ilə bağlı dövlət departamentinin türkiyəli həmkarları ilə də məşğul olduğunu deyib.
Bununla belə, O-Brayn ABŞ-nin bu yardımlarının Azərbaycanla yanaşı ABŞ üçün də anlamlı olduğunu əlavə edib.
“Mərkəzi Asiya ölkələri öz məhsullarını bazara çıxarmaq üçün yeni dəhlizlər axtarışındadırlar. Bu dəhlizlər Azərbaycandan Gürcüstana və ya Azərbaycandan Ermənistana və Türkiyəyə ola bilər… Başqa yollarla – güc yolu ilə və ya İranın iştirakı ilə yaradılmış nəqliyyat dəhlizləri düşünürəm ki, çox güclü reaksiya ilə qarşılaşacaq və uğurlu olmayacaq. Bu sadə seçimdir”, - O-Brayn deyib.