28 Noyabr 2023 18:08
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin Azərbaycan siyasətinin yumuşalacağı gözlənilən idi. Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəngi və bəzi xahişlər etməsi Bakının regionda söz sahibi olmasından irəli gəlir. Daha öncə də qeyd etmişdik ki, Azərbaycanın razılığı olmadan regionda böyük güclər öz maraqlarını həyata keçirə bilməzlər. Ağ Evdə yaxşı başa düşürlər ki, onların anti-Azərbaycan siyasəti Bakını region dövlətlərinə daha da yaxınlaşdırır. Dünyanın supergüc dövləti osa da, ABŞ-la münasibətlərə korrektələr etmək imkanlarımız var.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımların Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurduğu açıq şəkildə Blinkenin diqqətinə çatdırılıb:

“Münasibətlərin gərginləşməsində ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin rolu az olmadı. Bütün bu bəyanatların fonunda yüksək səviyyəli ikitərəfli görüşlər təxirə salındı. Görünən odur ki, Blinken Azərbaycan Prezidentinin şərtlərini qəbul etdi və nəticə olaraq Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verildi. Bu günlərdə Ceyms O`Brayn qeyd etdi ki, ABŞ İrandan keçəcək Orta Dəhliz layihəsini dəstəkləməyəcək. ABŞ Mərkəzi Asiyadan Türkiyəyə uzanacaq ticarət yolunun Ermənistandan keçməsini istəyir. Maraqlı tərəf burasındadır ki, Ermənistan və İran ilk gündən bu dəhlizə qarşı çıxıblar. Məhz Ermənistanın qeyri-konstruktiv siyasəti üzündən Zəngəzur dəhlizi gündəmdən düşdü və Azərbaycan İran ərazisindən quru yolun çəkilməsinə qərar verdi”.

Alıyevə görə, Qarabağ məsələsində ABŞ birmənalı şəkildə Ermənistanı dəstəkləyib:

“Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik ötən gün qeyd etdi ki, ABŞ Türkiyədən Azərbaycana Qarabağın azad edilməsi üçün verdiyi dəstəyi kəsməsini tələb edib. Vaşinqton bunu F-16-ların Türkiyəyə göndərilməsi üçün əsas şərt kimi göstərib. Qələbəmizin həzm edilməməsi, Azərbaycanın necə bir riyakar qüvvələrlə üz-üzə qaldığı ortadadır. ABŞ bölgədə sülh və sabitliyi dəstəkləmək əvəzinə nifaq toxumları səpməklə məşğuldur. Azərbaycanın 30 illik işğalı aradan qaldırdı, erməni separatizminin kökünü kəsdi. Azərbaycanın Ermənistan üzərində tarixi zəfərini okeanın o tərəfində qəbul etmək istəmirlər. Xristianlıq təəssübkeşliyi, tükfobiya, islamofobiya, erməni lobbisinin maliyyəsi burada özünü açıq biruzə verir. Azərbaycanın müstəqil xarici siyasət yürütməsi, Türkiyə ilə qardaşlıq münasibətləri Qərbdə qıcıq doğurur.

ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın anti-Azərbaycan bəyanatları, konqresdə keçirilən dinləmələr, senatın 907-ci düzəlişin təxirə salınmasını iki illik qadağan etməsi Qərbin ikiüzlülüyündən xəbər verir. Qərbin Azərbaycana qarşı iyrənc kampaniyası bütün bunlarla bitmir. Məlum olur ki, ABŞ, Almaniya və Fransa kimi ölkələr Azərbaycanda dövlətə qarşı olan, ancaq narazılıqlardan, neqativ hallardan yazan media orqanlarını maliyyələşdirməklə məşğuldurlar. ABŞ, Almaniya və Fransanın Azərbaycandakı səfirlikləri məhz "Abzas Media"nın qanunsuz maliyyələşdirdikləri üçün XİN-ə çağırılıb. Rəsmi Bakı bu əməllərinə görə, hər üç səfirə öz etirazını bildirib. Azərbaycanın tarixi qələbəsini, bölgədəki nüfuzunu həzm edə bilməyən güclər həmişə olduğu kimi iyrənc yollara əl atırlar. Təbii ki, Azərbaycan Qərb dövlətləri ilə münasibətləri pozmaqda maraqlı deyil. Əksinə biz iqtisadi və siyasi əlaqələri daha da gücləndirmək istəyirik. Biz eyni zamanda Qərbin diktəsi ilə tarixi qonşularımızla münasibətlərimizə xələl gətirə, hansısa sanksiya kampaniyalarına qoşula bilmərik. Bizim yaxın qonşularımız olan Rusiya və İranla tarixi mədəni, siyasi və iqtisadi əlaqələrimiz var. Ermənistandan fərqli olaraq biz xarici siyasətimizi müstəqil şəkildə, milli maraqlarımıza uyğun olaraq müəyyən edirik. İrəvanda ABŞ və digər Qərb dövlətləri ilə Azərbaycanın münasibətlərində yaranan soyuqluğu Paşinyan hökumətinin uğuru kimi qəbul edirlər. Onlar həm Azərbaycanın xarici ölkələrlə münasibətlərinə xələl gətirmək istəyirlər, həm də riyakarcasına sülh prosesindən danışırlar. Təbii ki, bu cür iyrənc kampaniyalar, təzyiqlər Azərbaycan dövlətini öz siyasətindən yayındıra bilməz. Azərbaycan Prezidentinin milli məsələlərdə nə qədər prinsipial olduğunu ABŞ-da yaxşı bilirlər. Blinkenin ölkə başçısı İlham Əliyevə zəng etməsi və ondan bəzi xahişlərdə bulunması güclü siyasi iradənin nəticəsidir”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər