Azərbaycan-Ermənistan şərti sərhəd xəttindən qoşunların geri çəkilməsi ilə bağlı erməni tərəfinin gündəmə gətirdiyi məsələnin heç bir məntiqi əsası yoxdur. Ermənistan özünü “sülhpərvər” göstərmək üçün bu cür “çağırışlar” edir. Əvvəllər də bu cür “çağırışlar” olub.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
O bildirib ki, Azərbaycan tərəfi vaxtilə Ermənistana snayperlərin geri çəkilməsi ilə bağlı çağırış edəndə, erməni tərəfi bunu özünəməxsus şəkildə neytrallaşdırmağa çalışırdı:
"İndiki halda qoşunların geri çəkilməsi ilə bağlı edilən “təklif” də absurddur. Azərbaycan öz ərazisində ordusunu necə gerə çəkə bilər? Sərhədlər müəyyənləşməyib, heç bir konkret addım atılmayıbsa bu mümkün deyil”.
Polkovnik hesab edir ki, sərhədlər konkretləşdikdən sonra bu kimi çağırışlara baxmaq olar:
“Ermənistan şərti sərhədd xəttinin hansı nöqtəsində gərginliyin olduğunu açıqlamalıdır. 8 kəndi hələ də işğalda saxlayan Ermənistan yaxşı olardı ki, bu məsələni həll etsin. Həmin kəndləri nə vaxt boşaltmağa hazırlaşdıqlarını Ermənistan tərəfi bəyan etməlidir. Amma hələlik erməni tərəfindən bu istiqamətdə hər hansı mövqe yoxdur”.
Üzeyir Cəfərova görə, Ermənistan bununla Azərbaycanı hədəfə gətirməyə çalışır:
“Çünki qoşunların geri çəkilməsi ilə bağlı hər hansı bir əsas yoxdur. Əgər erməni tərəfi səmimi olaraq nəsə etmək istəyirsə, işğala və soyqırıma görə üzr istəməlidir. Azərbaycan Ordusunun şərti sərhəddə olması heç də qeyri-adi hadisə deyil”.