Azərbaycanla Ermənistan arasında birbaşa danışıqların aparılması ilə bağlı president yaranıb. Tərəflər bundan daha çox maraqlı olmalıdır. Vasitəçi olmadan müzakirələrin aparılması, prosesin irəlilədilməsi yaxşı əlamətdir. Çünki üçüncü tərəfin prosesdə iştirakı tamam başa məsələləri ortaya çıxarır.
Bunu Teleqaraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
“Vasitəçilər burada tərəflərə mümkün qədər təsir etməyə çalışır. Ermənistanın isə Azərbaycandan fərqli olaraq bu təsirlərə dözmək şansı azdır. Hazırda İrəvan Rusiyaya qarşı siyasət aparır. Bunun fonunda isə Ermənistan Qərbdən və Amerikadan asılı hala düşür”, - deyə o qeyd edib.
Partiya sədri hesab edir ki, indiki situasiyada Azərbaycanın belə bir məcburiyyəti yoxdur:
“Ona görə də zaman-zaman Ermənistan müəyyən dividentlər hesabına xarici təzyiqləri qəbul edir. Amma bu gün Ermənistanda heç də hamı “çəhrayı arzularla” yaşamır. Revanşist qüvvələr, Rusiyanın təsirində olan qruplar yenidən Qarabağ məsələsini “diriltmək”, Azərbaycana qarşı istiqamətə götürmək xülyası ilə yaşayırlar. Onların məqsədi Rusiyanın bölgədə daha ciddi şəkildə möhkəmlənməsinə nail olmaqdır. Amma digər tərəfdən də Avropa və Amerika Rusiyanı bu bölgədən çıxarmaq üçün qarşılarına məqsəd qoyub”.
Sərdar Cəlaloğluna görə, hazırda Rusiyanın Cənubi Qafqazda iştirakı azalır:
“Bu, ilk növbədə Moskvanın özünün apardığı imperializm siyasəti ilə bağlıdır. Ukrayna cəhbəsində baş verənlərdə burada mühüm rol oynayır. Eyni zamanda Amerika və Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində Moskvanın mövqeyi zəifləyir. Həmçinin Qafqaz xalqlarının Rusiyadan uzaqlaşmaq arzusunun real hakimiyyətlər tərəfindən birmənalı qarşılanması amilini nəzərə almaq lazımdır”.